qalxanabenzer vez haqqında - qalxanabenzer vezin düyünleri - qalxanabenzer vezin müalicesi
Qalxanabənzər vəzin düyünü
Qalxanabənzər vəzin düyünləri həm xoşxassəli, həm də bədxassəli proseslər nəticəsində əmələ gələ bilər. Qalxanabənzər vəzin düyünü ilə bağlı müayinə edilən hər hansı şəxsdə əsas məqsəd xərçəng yəni bədxassəli prosesin istisna edilməsidir.
Ümumiyyətlə, qalxanabənzər vəzdə düyünlər adətən digər səbəblərdən aparılan fiziki müayinə və ya görüntüləmə (KT, MRT və ya USM) zamanı təsadüfü tapıntı kimi müəyyən edilir. Qalxanabənzər vəzdə düyünün diferensial diaqnostikası aşağıdakılardan ibarətdir:
-xoş xassəli çoxdüyünlü zob
-sadə kista, hemorraqik kistalar
-tiroidit: yarımkəskin tiroidit və ya xroniki limfositik tiroidit
-tiroid follikulyar adenoma
-tiroid kanseri (xərçəngi):
-follikulyar tiroid xərçəngi
-papilyar tiroid xərçəngi
-medulya tiroid xərçəngi
-Hurtl hüceyrəli tiroid xərçəngi
-anaplastik tiroid xərçəngi (karsinoması)
-ilkin tiroid limfoması
-sarkoma
-teratoma
-metastatik şiş
Risk faktorları
Bədxassəli şişin yaranmasına təkan verən risk faktorların müəyyən edilməsi:
uşaqlıqda baş və boyunun şüalandırılması
sümük iliyinin köçürülməsi məqsədilə bütöv bədənin şüalandırılması
ailədə qalxanabənzər vəzin xəstəliyi və ya qalxanabənzər vəzin xərçənqinin olması
düyünün sürətli böyüməsi
səsin batması.
Klinika
Xəstələrin müayinəsi zamanı hiper- və hipotiroidizmin simptom və əlamətlərinin müəyyən edilməsinə diqqət yetirilməlidir. Xəstədən çəkisinin artma və ya azalması, saçların tökülməsi, soyuğa və ya istiyə dözümlüyü, ürək döyüntüsünün artması, əsəbilik, apatiya və s. bu kimi simptomlar soruşulmalıdır. Eyni zamanda disfoniya (səsin pozulması), disfaqiya (udmanın pozulması) və ya dispnea (təngənəfəslik) kimi xəstəliyin əlamətlərinin mövcudluğu öyrənilməlidir. Eyni zamanda xəstənin şüalanmaya məruz qalması, hamilə olub olmaması, yod tərkibli dərman preparatlarından istifadə edib etməməsi də soruşulmalıdır. Ailədə qalxanabənzər vəzin xəstəliklərinə dair məlumat əldə etdikdə aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:
MEN İİa sindromu ( moxsaylı endokrin törəməsi sindromu İİa)
Kouden xəstəliyi (hamartoma şiş sindromu)
Verner sindromu (şüalandırma nəticəsində toksikliyə həssaslığın daha çox olması)
Karni kompleksi.
Fiziki müayinə zamanı düyünün xərçənq olması ehtimalını artıran xüsusiyyətlərə aşağıdakılar aiddir:
fiziki müayinədə düyünün fiksə olunmuş olması, bərk olması və ya sürətli böyüməsi,
disfoniya, disfaqiya və dispneanın olması,
boyun limfa düyünlərinin adenopatiyası.
Diaqnostika
Qalxanabənzər vəzin düyünü müəyyən edildikdə diaqnostik testlər baxımından ilk növbədə TSH - tiroid stimullaşdırıcı hormonun səviyyəsi təyin edilir. Əgər TSH səviyyəsi aşağıdırsa, onda xəstədə xərçəng xəstəliyinin olma ehtimalı azalır. Bu zaman aşağıdakı testlər keçirilir:
azad tiroksin və bütöv və ya azad triyodtironin səviyyəsi ölçülür.
düyünün avtonom funksional olmasını təyin etmək üçün radionüvə müayinəsi (ssintiqrafiya) keçirilir:
ssintiqrafiya düyünləri hiperfunksional (isti), hipofunksional (soyuq - xərçəngin olma potensialı) və ya qeyri-müəyyən (çoxdüyünlü zob həm isti, həm də soyuq düyünlərin olması ilə xarakterizə edilə bilər) kimi qiymətləndirir.
TSH səviyyəsi aşağı olan və qalxanabənzər vəzin düyünü ssintiqrafiyaya əsasən hiperfunksional (və ya “isti”) düyün kimi təyin edilən xəstələr hipertiroidizmlə bağlı müayinə edilməlidir. Bu xəstələrdə düyünün iynə ilə aspirasiyasına (biopsiyası) ehtiyac yoxdur.
Əgər TSH səviyyəsi yüksəkdirsə, bu zaman həmin xəstələrdə azad tiroksin və anti-tiroid peroksidaz anticisimciklərinin (TPOAb) səviyyəsi ölçülür. TPOAb-in səviyyəsi yüksək olduqda və kiçik həcmli və ya diffuz böyümüş və bərk qalxanabənzər vəzə malik olan xəstələrdə autoimmun tiroidit daha çox ehtimal edilir.
Təsadüfən aparılmış həm fiziki müayinə, həm də görüntüləmə nəticəsində qalxanabənzər vəzdə müəyyən edilmiş düyünlər bütün hallarda Ultrasəslə müayinə edilməlidir.
Ultrasəs müayinəsilə iynə ilə düyünün aspirasiyası palpasiya edilməyən, habelə tiroid vəzinin arxa payında və daha çox kistalı olan düyünlərin müayinəsində istifadə edilir. Ssintiqrafiyada iperfunksional (isti sayılan) düyünlər aspirasiya edilmir. Təsadüfən tapılmış düyünlər ilk öncə US-lə müayinə edilməli, sonradan isə iynə ilə aspirasiya nəzərdən keçirilməlidir. Müəyyən hallarda qanda kalsitonin səviyyəsinin təyini qalxanabənzər vəzin düyünlərinin araşdırılmasında istifadə edilə bilər. Lakin nəzərə alınmalıdır ki, qanda kalsitonin hormonun artması həm medulyar tiroid xərçəngi, həm də ağ ciyər və ya mədəaltı vəzin endokrin şişləri, böyrək çatışmazlığı, autoimmun tiroidit və hiperqastrinemiya ilə əlaqədar ola bilər. Ailə üzvlərində MEN İİa sindromu və ya medulyar tiroid xərçəngi qeydə alınmış xəstələrdə kalsitonin səviyyəsinin təyini faydalı ola bilər.
Hamilə qadınların müayinəsi bir istisna olmaqla qalxanabənzər vəzdə düyünü olan digər xəstələrin müayinəsindən fərqlənməməlidir. İstisna isə hamilə qadınlarda radio-nüvə ssintiqrafiyasının keçirilməməsidir ki, bu dölün şüalanmasına səbəb ola bilər. Əgər hamilə qadınlarda qalxanabənzər vəz eutiroid və ya hipotiroid kimi müəyyən edilibsə, iynə ilə aspirasion biopsiya aparılmalıdır.
Uşaqlarda müəyyən edilmiş düyünlər böyüklərdə olduğu kimi araşdırılmalıdır.
Qalxanabənzər vəzdə düyünlərin MRT və ya KT ilə müayinəsi məsləhət edilmir. Bəzi hallarda əməliyyatdan qabaq düyünün ölçüləri, tənəffüs yollarının kompressiyası və ya düyünlü zobun döş sümüyünə qədər böyüməsini qiymətləndirmək üçün MRT və ya KT tətbiq edilə bilər.
İynə ilə aspirasiyalı biopsiya aşağıdakı meyarlara əsasən aparıla bilər:
radio-nüvə ssintiqrafiyasında isti və ya hiperfunksional olan düyünlərin aspirasion biopsiyası aparılmır.
qeyri-normal boyun limfa düyünlərinin adenopatiyası, USM-də düyünün qalxanabənzər vəzin kapsulundan kənara çıxması, uşaqlıqda boyunun şüalanması, ailə üzvlərində MENİİa sindromu və ya medulyar və ya papilyar tiroid xərçənginin mövcudluğu, qanda kalsitonin səviyyəsinin yüksək olduğu hallarda düyünün US müayinəsi ilə iynə ilə aspirasion biopsiyası aparılmalıdır.
Həmçinin, aşağıdakı hallarda düyününü iynə ilə aspirasiyasının aparılması tövsiyyə edilir:
düyünün >5mm artıq olması və USM-də şübhəli məqamların olması;
<1 cm-dən kiçik olan lakin USM-də bədxassəli prosesi xatırladan əlamətlərin olduğu halda;
>1 cm-dən böyük olan və USM-də mikrokalsifikasiyanın müəyyən edildiyi hallarda;
Kista kimi xarakterizə edilən düyünlərin iynə ilə biopsiya məqsədilə aspirasiyasına ehtiyac yoxdur. Lakin, terapevtik müalicə baxımdan kistanın aspirasiyası üçün iynə ilə aspirasia keçirilə bilər. Bəzi hallarda çoxdüyünlü qalxanabənzər vəzin iynə ilə aspirasiyası zamanı 2-dən çox düyünün aspirasiyası nadir hallarda tələb olunur. Araşdırmalar göstərir ki, iynə ilə düyünün aspirasiyası 90%-dək qalxanabənzər vəzin xərçəng prosesinin diaqnostikasına imkan verir.
İynə ilə düyünün aspirasiyası nəticəsində xəstənin müalicəsi aşağıdakı kimi aparılmalıdır:
iynə aspirasion biopsiyasının nəticələri qeyri-müəyyən və daiqnostik olmadığı hallarda, iynə biopsiyasının təkrarlanması tövsiyyə edilir.
sitoloji müayinə xoşxassəli (xərçəng olmayan) prosesi təsdiqləyirsə - xəstə kliniki və US vasitəsilə dövrü müayinə edilir.
follikulyar proses və ya törəmə - cərrahi yolla rezeksiya.
şübhəli sitologiya - cərrahi yolla rezeksiya.
bədxassəli hüceyrələr sitologiyada müəyyən edilirsə - cərrahi yolla rezeksiya. Anaplastik karsinoma, limfoma və ya metastatik törəmə olduğu zaman araşdırma davam etdirilməlidir.
Cərrahi müalicə
Qalxanabənzər vəzin xoşxassəli düyünü müəyyən edilmiş xəstələrdə aşağıdakı hallarda cərrahi müdaxilə aparıla bilər:
düyünlə əlaqəli olan yerli kompressiyaedici simptomlar
əvvəllər edilmiş şüalanma
düyünün proqressiv böyüməsi
düyünün US müayinəsində şübhəli xassələrin təyin edilməsi
kosmetik efektə görə.
Uşaqlarda bir çox hallarda həm isti, həm də soyuq düyünlərin cərrahi yolla müalicəsinə üstünlük verilir. Buna səbəb həmin düyünlərin xərçəngə çevrilməsi ehtimalının çox olması ilə əlaqədardır. Düzdür bununla bağlı yetkil fikir mövcud deyil.
Tək düyünlü xoşxassəli xəstəlik zamanı qalxanabənzər vəzin payının kəsilməsi daha geniş tətbiq edilir. Çoxdüyünlü zob zamanı isə total tiroidektomiya geniş istifadə edilir.
Qalxanabənzər vəzdə aparılan cərrahi müdaxilə zamanı deksametazon 8 mq əməliyyatdan əvvəl verilməsi əməliyyatdan sonrakı ürək bulanması və qusmanın və ağrının səviyyəsini xeyli azaltmış olur. Əməliyyat zamanı sinirlərin monitorinqi və yoxlanması tiroidektomiya nəticəsində ağırlaşma kimi qeydə alınan qayıdan qırtlaq sinirinin zədələnməsi (parezi) hallarının azalması ilə nəticələnir. Qalxanabənzər vəzin cərrahiyyəsi zamanı drenajların qoyulması nəticənin yaxşılaşmasına xidmət etmir və əksinə xəstəxanada qalma müddətinin artmasına səbəb ola bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, xərçənq xəstəliyinə görə aparılan tiroidektomiya və boyunun disseksiyası zamanı çox nadir hallarda qoyulmuş drenajdan limforeya müşahidə edilə bilər. Bu limfatik damarların zədələnməsi nəticəsində baş verə bilər. Xüsusi yağsız pəhriz nəticəsində limfatik drenaj qısa müddət ərzində dayanır.
Tiroidektomiya və ya qalxanabənzər vəzdə aparılan cərrahi müdaxilədən sonra xəstələrə kalsium və vitamin D-nin gündəlik verilməsi, hipokalsemiyanın qarşısını almış olur.