Exinokokk - İçimizi yeyən qurd

Son güncelleme: 22.05.2013 09:41
  • Qurd xestelikleri haqqında - Exinokokk nedir - İçimizi yeyən qurd


    Exinokokk qaraciyər xəstəlikləri arasında ən geniş yayılmış infeksion xəstəliklərdəndir

    Əsasən Mərkəzi Asiya, Qırğızıstan, Qazaxıstan, Krım, Qərbi Sibir, Yakutiyada geniş yayılan xəstəliyə Azərbaycanda da rast gəlmək mümkündür. Xüsusilə bölgələrdə yaşayan əhali arasında sözügedən xəstəliyə daha çox təsadüf olunur.

    "Bu bəladan qurtuldum"

    Exinokokkdan əziyyət çəkən Zəkiyyə Əliyeva aparılan uğurlu əməliyyat sayəsində bu xəstəlikdən qurtulduğunu deyir: “Uzun müddət bu xəstəlikdən əziyyət çəkmişəm. Sağ qabırğamın altında ağrılar olurdu. Bəzən güclü ağrı kürəyimə və çiyinlərimə də vururdu. Əlacsız qalıb həkimə müraciət etdim. Müayinə nəticəsində qaraciyərimdə exinokokk qurdu olduğunu bildim. Həkim xəstəlikdən qurtulmanın cərrahi əməliyyatla mümkün olduğunu söylədi. Artıq bir ildir ki, əməliyyat olunmuşam. Özümü yaxşı hiss edirəm. Təkrar müayinədən sonra həkimlər xəstəlikdən əsər-əlamət qamadığını söylədilər”.

    İt-pişikdən uzaq ol!

    Həkim-terapevt Fazil Abbasovun sözlərinə görə, exinokokk (exinokokkoz) xəstəliyi insanlara itdən, pişikdən keçir, belə ki, exinokokkla xəstə itlər, pişiklər dilləri ilə anus nahiyələrini yaladıqda onların ağız suyunda çoxlu exinokokk yumurtacıqları olur ki, insanlar itə, pişiyə əl vurduqda parazitə yoluxurlar. Bundan əlavə, vəhşi heyvanların nəcislərində çoxlu miqdarda exinokokk yumurtacıqları olduğundan onlar otun, göyərtinin, tərəvəzin üzərinə düşdükdə və həmin meyvə-tərəvəz məhsulları təmiz yuyulmamış yeyilərsə, onda exinokokkoz baş verir. Nəcislə xaricə düşmüş exinokokkun yumurtacıqları hava vasitəsilə insanın mədə-bağırsaq traktına, ağciyərlərinə düşdükdə və ya tamlığı pozulmuş dəridən də insana yoluxa bilər. Həzm sisteminə düşən exinokokk yumurtacıqlarının bir hissəsi mədə şirəsi turşusunun təsirindən məhv olur, digər hissəsi isə nəcislə xaric olur. Lakin bəzi yumurtacıqlar, mədə şirəsinin təsiri ilə qabıqlarını əridərək öz qarmaqları vasitəsilə bağırsağın selikli qişasına pərçim olaraq, onun xovlarının epitelisi ilə qan və limfa sisteminə keçir və oradan da müxtəlif orqanlara, ən çox qaraciyər, ağciyər və digər orqanlara düşərək exinokokkun lentşəkilli forması kimi inkişaf edir.

    Xortumlu parazit

    Həkim deyir ki, exinokokkozun iki forması var: gidatitoz və alveolyar forma. Gidatid formalı exinokokkoz lentvarı mərhələsində tək və ya çoxsaylı sistlər əmələ gətirir. Parazitin uzunluğu 2,5-5,5 mm, eni 0,25 - 0,3 mm olub bir başcıqdan, bir xortumdan, 4 əmzikdən və 3-4 buğumdan ibarətdir. Sonuncu buğumun içərisində 500-ə qədər yumurtacıq yerləşir, hər bir yumurtacığın içərisində isə altıqarmaqlı kiçik rüşeym inkişaf edir və əsas sahibinin bağırsağında o, buğumdan ayrılaraq nəcis vasitəsilə xarici mühitə yayılır. Yumurtalar xarici mühitə qarşı çox davamlı olur. Suda 12 günə qədər, 0 dərəcə temperaturda isə 116 günə kimi yaşaya bilər. İsti suda 1 saat ərzində ölür. Kölgə və nəm yerdə uzun müddət yaşaya bilir. Exinokokk paraziti qaraciyərə düşdükdən sonra tədricən inkişaf edərək özünün sistoz dövrünü keçirir.

    Özü kiçik, zərəri böyük

    Terapevt bildirib ki, alveolyar formalı exinokokkoz xəstəliyinin törədicisi kiçik qovuqdan ibarət olub mikroskop altında 5-10 mm ölçüdə görünür. Ən çox qaraciyərdə, ağciyərdə və nadir hallarda isə başqa orqanlarda ola bilər. Ayrı-ayrı alveollar öz aralarında birləşdirici toxuma ilə bağlanır, onların ümumi kapsulu olmur. Qaraciyərdə olan alveokokkoz özünü şiş formasında büruzə verir. Alveokokkun əsas xüsusiyyətlərindən biri parazitin tumurcuq halında böyüyüb artmasıdır. Xəstəliyin klinik gedişi 3 mərhələdən ibarətdir. Birinci mərhələ - başlanğıc mərhələ adlanır. Bu mərhələdə xəstəlik özünü ümumi əlamətlərlə - rəngin avazıması, anemiya, arıqlama, iştahsızlıq, ümumi zəiflik, təngnəfəslik, öskürək, mədə-bağırsaqda diskomfort, qarında küt ağrılarla göstərir. Bu mərhələdə obyektiv fiziki müayinə zamanı zədələnmiş orqanın deformasiyası və ya sistə müvafiq şişkinlik əllə hiss edilmir:

    “Rentgenoloji və ya ultrasəs müayinəsi zamanı xəstəlik aşkar olunur. İkinci mərhələ xəstəliyin çiçəklənməsi mərhələsidir. Ümumi əlamətlərin artması ilə bərabər, sistlərin ölçüsü böyük və ya zədələnmə çoxsaylı və müştərək olduqda yerli əlamətlər özünü qabarıq şəkildə göstərir. Bu mərhələdə zədələnmiş orqanın vəziyyətini dəqiqləşdirmək üçün müxtəlif sınaqlar tətbiq edilir. Rentgen, ultrasəs və kompüter tomoqrafiyasından istifadə olunur. Üçüncü mərhələ xəstəliyin fəsadlaşma dövrü sayılır. Sistin deşilməsi ən qorxulu ağırlaşma olub anafilaktik şokla müşahidə edilir. Bu fəsad orqanizmin ümumi zəifliyi fonunda getdiyi üçün xəstəliyin müalicəsi çətinləşir”.

    Üç üsullu müayinə

    F.Abbasovun dediyinə görə, exinokokkozun ağırlığını təyin etmək və cərrahi müalicə taktikasını müəyyənləşdirmək üçün vacib şərtlərdən biri orqanizmin parazitə qarşı reaksiyasını qiymətləndirmək, digər tərəfdən isə zədələnmənin xarakterini və sistin daxilində gedən patoloji dəyişikliyi müəyyənləşdirməkdən ibarətdir. Diaqnoz üçün kompleks klinik-labarator müayinə üsullarından istifadə olunur. Exinokokkun topik diaqnostikası rentgen, ultrasəs və kompüter tomoqrafiyası vasitəsilə aparılır. Ağciyərin exinokokkozunun rentgen müayinəsi zamanı ağciyərdə dairəvi və ya ovalşəkilli kölgəlik görünür ki, onun da kənarları hamar olur. Həmçinin tənəffüs alıb-vermə zamanı exinokokk sisti öz formasını dəyişir. Qaraciyər və qarın boşluğunun exinokokkozu zamanı isə ultrasəs müayinəsi aparmaqla sistin ölçüsü və sayını müəyyən etmək olar. Bəzən çoxsaylı exinokokkoz zamanı kiçik ölçülü sistlərin dəqiq sayını və əhatə dairəsini müəyyən etmək mümkün olmur. Bu halda kompüter tomoqrafiyası tətbiq edilməlidir.

    Yeganə yol - əməliyyat

    Həkim-terapevt vurğulayıb ki, exinokokkozun müalicəsi yalnız cərrahi yolladır. Cərrahi müalicənin 15-dən artıq üsulu məlumdur. Seçilən üsuldan asılı olmayaraq əsas - sistin zərərsizləşdirilməsi və xaric edilməsidir. Əməliyyat zamanı qaraciyərdə sist olan nahiyə elə kəsilməlidir ki, orada sistin əlaməti qalmasın, əks təqdirdə yenidən bu xəstəlik baş qaldıra bilər. “Ümumilikdə isə bu xəstəlikdən əziyyət çəkən pasientlər adətən bir neçə cərrahi əməliyyata məruz qalmalı olurlar. Buna səbəb həm xəstəliyin ağırlaşmış dövrü, həm də cərrah müdaxiləsi zamanı edilən yanlışlıqlardır. Ən əsası- xəstələrin vaxtında həkimə müraciət etməsidir. Ağırlaşma baş vermədən və sistlər orqanizmə yayılmadan sadə bir əməliyyatla bundan qurtulmaq olar. Cərrahi müdaxilə zamanı cərrah sistin olduğu nahiyəni yaxşı təmizləməlidir ki, gələcəkdə yenidən əməliyyata ehtiyac qalmasın”.

    Zəhra
#22.05.2013 09:41 0 0 0