Anadangəlmə bağırsaq keçməzliyi son zamanlar uşaqlar arasında tez-tez təsadüf olunan xəstəliklərdəndir
Mütəxəssislərin fikrincə, bu xəstəliyə hər bir yaşda təsadüf edilə bilər, ancaq yenidoğulmuş körpələrdə buna daha çox rast gəlinir.
Xəstəliyin səbəbləri
Həkim-pediatr Nigar Cəfərova deyir ki, mədə-bağırsaq traktında bağırsaq möhtəviyyatının hərəkətinə maneə olarsa, o zaman bu, bağırsaq keçməzliyidir. Anadangəlmə bağırsaq keçməzliyi uşaqlar arasında təxirəsalınmaz cərrahi əməliyyat tələb edən əsas patologiyalardan biridir. Anadangəlmə bağırsaq keçməzliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Buna görə də şərti olaraq onlar 4 qrupa bölünür - bağırsaq borusunun inkişaf qüsuru, bağırsaq divarının inkişaf qüsuru, bağırsağın fırlanmasının pozulması, digər qarın boşluğu orqanlarının inkişaf qüsurları nəticəsində bağırsaq fəaliyyətinin pozulması. Bu inkişaf qüsurlarının əmələ gəlməsi vaxt etibarı ilə ontogenez dövrünə (bətndaxili inkişafın 3-4-cü həftəsi) təsadüf edir ki, bu zaman bağırsaq divarının formalaşması prosesinin hər hansı bir mərhələsində bağırsaq divarının əmələ gəlməsi, uzanması və formalaşmasının pozulması baş verir:
“Embrionun ilk bağırsaq borusunun divarı təkqatlı epidermal hüceyrə ilə örtülmüş olur. Artıq bətndaxili inkişafın 5-ci həftəsindən başlayaraq qarın boşluğunun digər orqanları ilə bərabər, bağırsağın divarında olan təkqatlı epitel profelerasiyaya məruz qalır ki, bu da bağırsağın divarını daraldır, bəzən tam bağlayır. Hamiləliyin 45-ci günündən başlayaraq bu proses geriyə doğru inkişaf etməyə başlayır və bu zaman bağırsaq mənfəzinin havalanması, üfürülməsi baş verir ki, bu da bətndaxili inkişafın 60-cı günündə tam başa çatır. Bu dövrdə embrionda hər hansı bir zərərli amilin təsirindən daxili tipli bağırsaq keçməzliyi baş verir. Bu qüsur onikibarmaq və qalça bağırsaqda daha çox rast gəlinir. Xarici tipli anadangəlmə bağırsaq keçməzliyi isə tam formalaşmış bağırsaq borusunun xaricdən sıxılması nəticəsində baş verir”.
Klinik əlamətlər, qayıqvari qarın
Həkimin dediyinə görə, anadangəlmə bağırsaq keçməzliyinin klinik gedişi keçməzliyin formalaşmasından və maneənin səviyyəsindən asılı olaraq çoxşaxəlidir. Tez-tez təsadüf olunan anadangəlmə yuxarı bağırsaq keçməzliyi bir sıra əlamətlərlə xarakterizə olunur. Onikibarmaq bağırsağın atreziyasında klinik əlamətlər doğuşun ilk günündən başlayır. Ən əsas əlamət çoxlu miqdarda öd qarışığı ilə qusmadır. Qusma uşağı yedizdirdikdən sonra daha da davamlı olur. Nəcis və qazın xaric olmaması, epiqastral nahiyənin köpməsi, mezo və hipoqastral nahiyənin isə batması (qayıqvari qarın) ilk baxışda nəzəri cəlb edir. Qarnı əllədikdə o, yumşaq və ağrısız olur. Doğuşun ikinci-üçüncü sutkasından başlayaraq çoxlu qusma nəticəsində uşaqda toksikoz əlamətləri başlayır. Onikibarmaq bağırsağın stenozu olduqda körpədə ilk günlərdən başlayaraq bir neçə ay müddətində daimi qusma baş verir. Qusuntu möhtəviyyatının miqdarı və ödlə qarışmasının intensivliyi müxtəlif dərəcədə olur. Nəcisin miqdarı az və qəbizliyə meyllilik nəzəri cəlb edir. Orta bağırsağın burulması olduqda xəstəliyin əlamətləri doğuşdan 3-5 gün sonra kəskin şəkildə özünü büruzə verir. Əvvəlcə öd qarışığı və bağırsaq möhtəviyyatı ilə çoxlu qusma vaş verir, nəcis qanlı olur. Uşaq özünü çox narahat hiss edir, toksikoz və şok əlamətləri baş verir.
Xəstəliyin əlamətləri
N.Cəfərova bildirib ki, anadangəlmə aşağı bağırsaq keçməzliyi özünü bu əlamətlərlə göstərir: “Nazik bağırsağın atreziyası olduqda xəstəliyin ilk əlaməti özünü doğuşun ikinci günü göstərir. Xəstədə öd və nazik bağırsaq möhtəviyyatı qarışır, çoxlu miqdarda qusma baş verir, hava və nəcis xaric olmur, qarın hər tərəfdən köpmüş vəziyyətdə olur. Uşaq adətən sakit olur, zəiflik, toksikoz və eksikoz əlamətləri özünü göstərir. Rentgenoloji müayinədə bağırsaq bağlarının kifayət qədər qazla dolması və kloyber kasacıqlarının olması görünür. Uşaqlar arasında anadangəlmə bağırsaq keçməzliyinin xüsusi bir növü var ki, bu da mekonial bağırsaq keçməzliyidir. Mekoniumun (ilk nəcis) tərkibi dölyanı mayedən, öd turşularından və mədəaltı vəzin fermentlərindən ibarətdir. Mekoniuma sürüşkənlik verən və onu bağırsaq mənfəzilə hərəkətini təmin edən mədəaltı vəzin ifraz etdiyi pepsin fermentidir. Bu fermenti ifraz edən hüceyrələrin zəif inkişaf etməsi və ya çapıq toxuması ilə əvəz olunması nəticəsində pepsin fermentinin hasil olmaması nəticəsində mekonium həddindən çox qatı və yapışqanvari olur. Bu da qalça bağırsağı mənfəzində yığılıb qalaraq onu obturasiya (tıxanma) edir və mekonial bağırsaq keçməzliyi törədir”.
Həkim-pediatrın sözlərinə görə, anadangəlmə bağırsaq keçməzliyinə şübhə olduqda ilk əvvəl hamiləliyin və doğuşun necə keçməsi haqda məlumat toplanmalı, dəqiq müayinə aparılmalıdır. Həkim tərəfindən xəstənin ümumi vəziyyəti qiymətləndirilməli, mədənin zondlanması, anusun və düz bağırsağın müayinəsi, rentgenoloji müayinə həyata keçirilməlidir.
Cərrah fikri
Tibb elmləri doktoru, uşaq cərrahı Çingiz Quliyevin sözlərinə görə, anadangəlmə bağırsaq keçməzliyinin müalicəsi uşaq cərrahlığının ən mürəkkəb bir sahəsi olmaqla bərabər, ölüm faizinin yüksək olması ilə də fərqlənir. Əməliyyatın nəticəsi isə keçməzliyin səviyyəsindən, yanaşı gedən müştərək qüsurlardan asılıdır. Həkim deyir ki, yenidoğulmuşlarda yuxarı bağırsaq keçməzliyi zamanı əməliyyat önü hazırlığın müddəti və keyfiyyəti xəstəliyin ağırlıq dərəcəsindən, xəstəliyin fəsadlarından asılıdır: “Əməliyyat əsasən endotraxeal narkoz altında aparılır. Əməliyyat zamanı bütün bağırsaqlardakı yaralar çıxardılır. Keçməzliyin növündən asılı olaraq müvafiq cərrahi taktika seçilir. Yuxarı bağırsaq keçməzliyi zamanı onikibarmaq bağırsaqla nazik bağırsaq ilgəyi arasında anastomoz qoyulur. Onikibarmaq bağırsağı sıxan birləşmə kəsilir, orta bağırsağın burulması aradan götürülür və kor bağırsaq sağ qalça çuxuruna endirilir, müsariqədə olan defekt tikilir”.
Ç.Quliyev bildirib ki, cərrahi əməliyyatdan sonra xəstə bir müddət həkim nəzarətində saxlanılmalıdır. Ona daim qulluq olunmalı və 2 ay mütəmadi olaraq həkim müayinəsindən keçirilməlidir.