Əlvan Metallurgiyahtiyatları təsdiq edilmiş polimetal filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Katex, Mehmana və Gümüşlük.
Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkərbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır.
Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları təsdiq edilmişdir.
Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdarında filiz ehtiyatına malikdir.
Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır.
Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 tona qədər) və 2 yarımsənaye (çəkisi 1-3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir.
Filizçay yatağının ehtiyatları dağ–mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur.
Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator mis-sink və Mazımçay mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur.
Zaqatala qoruğunun mühafizəsi zərurəti Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problemlərin həlli, bütünlüklə ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən çıxarılmamalı, birinci növbədə daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TIƏ) yenidən tərtib edilməsi zəruri sayılır.
Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda, rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbdə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı-6,87%; sink-2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeyd olunmuşdur.
Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər.
1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər qurğuşun və sink, yanaşı komponentlər kadmium, qallium, gümüşdür. Yatağın I, II,III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmiş, son illərdə mədəndə kasıb filizlər çıxarılırdı.
Balakən-Zaqatala filiz rayonunda - Saqator mis-sink yatağında, Naxçıvan MR-da - Nəsirvaz-Ağdərə polimetal yataqlarında sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.