Kobalt və Molibdən

Son güncelleme:
  • Əlvan MetallurgiyaKobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.
    Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.
    Kobaltın dəmir filizlərindən çıxarılmamasının və tullantı kimi yığılmasının səbəbi mövcud texnologiyanın olmaması kimi əsaslandırılsa da, əsas səbəbi dəmir filizinin SSRI Əlvan metallurgiya Nazirliyinin Qara metallurgiya idarəsinə, kobalt filizinin isə Əlvan metallurgiya Idarəsinə məxsus olmasından ibarət olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2-ci Dünya müharibəsi dövründə az bir müddətdə Şimali Daşkəsən kobalt yatağının istismarı məsələsi həll olunmuş və müharibə vaxtı SSRI-nin kobalta olan ehtiyatının 40-45%-ə qədərini bu yataq ödəmişdir.

    Kiçik Qafqaz regionunda ehtiyatları hesablanmış kobalt yataqları ancaq Daşkəsən filiz rayonundadır. Bunlar «Cənubi Daşkəsən», «Hamamçay» və «Dəmir» yataqlarıdır. Bunlardan əlavə Daşkəsən filiz sahəsində «Şimali Daşkəsən» kobalt yatağının ehtiyatları tam istismar olunmamışdır.
    «Hamamçay» yatağında kobalt minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.
    «Dəmir» yatağında da kobalt kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir.
    «Cənubi Daşkəsən» dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir.
    Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.

    Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir.
    Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20-80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel-0,1%, mis-0,3-1,12% arasında dəyişir.
    Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3-8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028-0,115%, mis-0,07-0,43%-dir.

    Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş «Şimali Daşkəsən» kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%).

    Molibden

    Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağaçay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir.
    Naxçıvan qırışıqlıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır.

    alıntı
0 0 0