Əlvan MetallurgiyaRespublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alunit filizləri yatağı aşkar edilmiş və kəşfiyyatı aparılmışdır. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir.
Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir.
Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% ni təşkil edir.
Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur.
Hər il alunitdən 200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi.
Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən vanadium və qallium metalları vardır.