Əlvan MetallurgiyaSənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağınin (Ağyataq) ehtiyatları istismar nəticəsində tükənmişdir.
Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanlı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır.
Levçay civə yatağı - Kəlbəcər rayonunun Lev kəndindən 15-20 km şimal-qərbdə yerləşir. Filiz kütlələri kiçik linzalar şəklində təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261-0,497% arasında dəyişir.
Ağyataq civə yatağı - Kəlbəcər şəhərindən 12-15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur. Filizdə civənin orta miqdarı 0,3%-dir.
Çilgəzçay yatağı - Laçın rayonunun Ələkçi kəndi yaxınlığındadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas mineralı olan kinovar ayrı-ayrı yuvacıqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır.
Narzanlı yatağı - Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır. Civənin əsas mineralı kinovar ayrı-ayrı linzalar, yuvacıqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir.