həyat şeirləri - fəlsəfi şeirlərBəzən çox şirinsən səadət kimi;
Bəzən də acısan sən həsrət kimi;
Gah da yalançısan məhəbbət kimi;
İstərsən, hamıya güləsən, həyat;
Sən niyə beləsən, beləsən, həyat?!
Bəzən ürək yaxan nəğmə olursan;
Bəzən də ən şirin kəlmə olursan;
Gah da bir dolaşıq ilmə olursan;
Yoxsa insanlara tələsən,həyat;
Sən niyə beləsən, beləsən, həyat?!
Bəzən işıqlısan- günəş kimisən;
Bəzən də odlusan- atəş kimisən;
Gah da xoş gün kimi özgəninkisən;
Bəlkə, bir insafa gələsən,həyat;
Sən niyə beləsən, beləsən, həyat?!
Bəzən dərd daşısan ürəyimizdə;
Eşqin savaşısan ürəyimizdə;
Gah da qəm yaşısan bəbəyimizdə;
Bəlkə, gözümüzü siləsən, həyat;
Sən niyə beləsən, beləsən, həyat?!
Bəzən gizləsən də hər xoş incini,
Qəlbimiz torpaqda tapar dincini.
Bəlkə, bir azacıq öz sevincini,
Bizimlə insafla böləsən, həyat;
Sən niyə beləsən, beləsən, həyat?!