abşeron sahəsi - abşeron sahəsiSahəsi: 5,9 min km;
Əhalisi: 2335 min nəfərdir (01.01.2008).
Tərkibinə Abşeron və Xızı inzibati rayonları, Bakı və Sumqayıt şəhərləri tabeliyində olan ərazilər daxildir.
Abşeron əhalisi ən çox olan və ən yüksək inkişaf etmiş iqtisadi-coğrafi rayondur. Ìqtisadi-coğrafi rayon əlverişli coğrafi mövqeyə malikdir və Quba-Xaçmaz, Dağlıq Şirvan, Aran iqtisadi - coğrafi rayonları ilə həmsərhəddir. İqlimi quru subtropikdir. Rayon zəngin neft-qaz və tikinti materialları ehtiyatına malikdir. Yerli içməli su ehtiyatları çox məhduddur. Əraziyə Şollar
düzündən, Samur və Kür çaylarından su gətirilir. Yaxın gələcəkdə Oğuz—Qəbələ—Bakı su kəməri (su sərfi 5 m3/san) istifadəyə veriləcəkdir.
Əhali çoxmillətlidir. Orta sıxlıq hər km2 -də 400 nəfərə yaxındır. Bakı (1917 min nəfər) və Sumqayıt (300 min nəfər) şəhərləri və ətraf qəsəbələr birlikdə Abşeron aqlomerasiyasını əmələ gətirir.
Respublikamızın istehsal müəssisələrinin yarıdan çoxu bu iqtisadi-coğrafi rayonda yerləşir. Abşeron iqtisadi-coğrafi rayonunda iri neft emalı, neft maşınqayırması, elektroenergetika, kimya, elektrotexnika, metallurgiya, tikinti, yüngül və yeyinti sənaye müəssisələri fəaliyyət göstərir.
Rayonun torpaq-iqlim şəraiti cənub meyvəçiliyi, üzümçülük və tərəvəzçilik üçün əlverişlidir. Südlük-ətlik maldarlıq və broyler quşçuluğu inkişaf etdirilir. Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Şüvəlan qəsəbələrində kurortlar fəaliyyət göstərir.