azərbaycanın əhalisinin sayısı - azərbaycan əhalisinin ölkədən xaricə köçməsiAzərbaycanın əhalisinin sayı 8,75 mln. nəfərdir (1 yanvar 2009-ci il). Əhalinin təbii artımı (bir il ərzində ölkədə doğulanların sayı ilə ölənlərin sayının fərqi) son illərdə 1%-ə yaxındır.
İqtisadi, hərbi və s. səbəblərə görə əhalinin ölkə daxilində və ya ölkədən xaricə köçməsi miqrasiya adlanır. Miqrasiya mövsümi, müvəqqəti və daimi xarakter daşıyır. Ölkə daxilində miqrasiya kəndlə kənd, kəndlə şəhər və şəhərlə şəhər arasında olur.
1988-1990-cı illərdə 260 mindən çox azərbaycanlı Ermənistandan, 50 mindən çox axıska (Məshəti) türkü Mərkəzi Asiyadan Azərbaycana köçmüşdür. Həmin illərdə Azərbaycanda yaşayan ermənilər Ermənistana, ruslar isə Rusiyaya köçmüşlər.
Ermənistanın işğal etdiyi rayonların əhalisi (1 mln. nəfərə yaxın) respublikamızın müxtəlif bölgələrində məskunlaşmışdır.
Respublika əhalisinin 49%-ni kişilər, 51%-ni isə qadınlar təşkil edir. Kişilərin az olmasının səbəbləri iqtisadi çətinliklər, Qarabağ müharibəsi və orta ömür müddətinin aşağı olmasıdır. Azərbaycanda əhalinin orta ömür müddəti 73 yaşdır.
Qafqaz regionu çoxmillətli (“millətlər muzeyi”) olduğu üçün Azərbaycanda 80-dən çox millət yaşayır. Əhalinin 90%-dən çoxu Altay dil ailəsinin türk dil qrupuna mənsub olan azərbaycanlılar, 2,2%-ni ləzgilər, 1,8%-ni ruslar, 1,5%-ni ermənilər təşkil edir. Digər azsaylı millətlər tatlar, avarlar, talışlar, udinlər, tatarlar, yəhudilər və s.-dir.
Ərazinin hər km2-ə düşən əhali sayına onun sıxlığı deyilir. Azərbaycanda əhalinin orta sıxlığı hər km2-də 100 nəfərdən çoxdur.