Bakı şəhərində havaların soyuması evlərin istilik problemini ortaya çıxarıb. Nizami rayonu Bəhruz Nuriyev küçəsi 85, mənzil 13 ünvanında yaşayan Səfalı adlı oxucu yazıb ki, havanın temperaturu xeyli aşağı düşsə də, onun yaşadığı bina istilik almır. Bu il yalnız bir gün istilik verilib.
Keçən il də cəmi 2-3 gün evlərə istilik verilib. “Qonşular pul toplayaraq istilik sisteminin borularını dəyişdiriblər. Amma heç bir xeyri yoxdur. Hamının evində körpə uşağı var. Sizdən xahiş edirəm, bu məsələ ilə maraqlanasınız”, - deyə oxucu yazır.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlamasında bildirdi ki, həmin bina istilik alır.
Onun sözlərinə görə, abonentin istilik almaması binada mənzildaxili problemin olması ilə əlaqədar ola bilər. Ona görə də həmin binaya baxıb problemi müəyyən etmək lazımdır.