Məhəmməd Bağırova qonşu rayonlardan uşaq alır, təhsil şöbəsinin müdiri inventarların alınması və təmir işləri altında isə 85 min manata sahib olub
Adı son dönəmlər bir sıra qalmaqallı məsələlərə qarışmış Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov bu dəfə də orta məktələrdə şagird alveri iddiası ilə gündəmə gəlməyə başlayıb. JAM.AZ-a müraciət edən bir qrup rayon sakininin verdiyi məlumata görə, Kəlbəcər rayonuna aid orta məktəblərdə təhsil alan şagirdlərin adlarına eyni vaxtda digər məktəblərdə, hətta digər rayonların məktəblərində də rast gəlmək olar.
Məlumatı verən şəxslər deyirlər ki, Məhəmməd Bağırovun ən çox iş gördüyü həmkarı Xocalının təhsil şöbəsinin müdiridir. İddialara görə, orta məktəblərdə əlavə siniflərin yaradılması və daha artıq dərs saatlarının alınması məqsədi ilə əldə olunmuş anlaşmaya əsasən Xocalı orta məktəblərində olan uşaqların adları Kəlbəcərə 20 manata satılıb. Hər bir uşaq üçün bu qədər pul alan Xocalının təhsil şöbəsinin müdiri, əslində, kəlbəcərli həmkarına ildə on minlərlə manat qazanc gətirdir.
Verilən məlumatlarda qeyd olunur ki, Məhəmməd Bağırovun pul qazanmaq həvəsi təkcə bununla da yekunlaşmır. Onların sırasında Təhsil Şöbəsinin cari təmir işlərinin həyata keçirilməsi də var. Rəsmi məlumatlara görə, şöbə bu məqsədlə «Rifah-1» MMC-yə 35746 manat pul ayırıb. Amma ortalıqda nə təmir işi var, nə də buna bənzər bir şey. Əvvəlcədən bina hansı şəkildəydisə, elə o cür də qalıb. Orta məktəblərdəki duruma gəldikdə də dəyişən nəsə bir şey yoxdur. Təmir işləri olsa belə bunu məktəb direktorlarına məcburi qaydada etdirilir.
Kəlbəcər Təhsil şöbəsinin müdirinin bir başqa əməliyyatı isə inventarların satın alınması ilə bağlı olub. Bu məqsədlə «Rifah-1» MMC-yə 48800 manat pul ayrıldığı qeyd olunan rəsmi bilgilərdə qeyd olunur ki, həmin vəsait orta məktəblərin təhciz olunması üçün xərclənib. Amma rayon sakinləri deyirlər ki, Kəlbəcərin orta məktəblərindən heç birinə bu il ərzində yeni inventar verilməyib.
Deyilənlərə görə, Məhəmməd Bağırovun bu cür işləri çox olur. Belə ki, pulu qurtardıqda müxtəlif məzmunlu «xərclər» yazdıraraq, onları götürə bilir. Düzdür, onun bu işləri təkbaşına həyata keçirməsi mümkün deyil. Böyük ehtimalla şöbə müdiri bu işləri özünün himayədarları vasitəsi ilə həyata keçirir. Həmin himayədarların kimliyi isə yaxın günlərdə açıqlanacaq.