Böyük Afrika baobabı yıxıldı

Son güncelleme:
  • Nelson Mandela. 1918-2013

    Gerçəkdən də nəhəng baobaba bənzəyirdi. Bu ağac kimi əzəmətli və heyrətləndirici idi. Həyatının 27 ilini həbsdə yatmışdı, amma sınmamışdı. Azadlığı tam istəyirdi, "azadlıq qismən olmur" deyirdi...

    Nelson Mandela - bütün həyatını irqi ayrı-seçkiliyə qarşı mübarizəyə həsr edən Cənubi Afrika Respublikasının (CAR) ilk qaradərili prezidenti cümə axşamından cüməyə keçən gecə 96 yaşında dünyasını dəyişdi.

    "Bizim millət özünün böyük oğlunu itirdi", - deyə dekabrın 6-na keçən gecə milli televiziya ilə çıxışında CAR-ın prezidenti Ceykob Zuma acı xəbəri cənubi afrikalılara çatdırdı ("Reuters").

    Nelson Mandela qaraların Cənubi Afrikadakı aparteid rejiminə qarşı müqavimət hərəkatının simvolu idi. Adını tarixə yazdıran Mandela rasizmin, irqi seqreqasiyanın mütləq hökmranlığının yaşandığı bir ölkədə qaradərili əhalinin öz hüquqları uğrunda apardığı və onillərlə çəkən mücadilənin başlıca siması idi.

    Xarakteri və ideallarına dönməz inamı ötən əsrin 70-80-ci illərində onu epoxanın ikonasına çevirmişdi. Yalnız qaralar üçün deyil, ağlar, sarılar üçün də.

    Mandela böyük mübariz idi. Əlbəttə ki, o insanlar üçün ki, BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan haqları bəyannaməsinin məşhur birinci maddəsi sadəcə sözdən ibarət deyil. "Bütün insanlar öz ləyaqətləri və hüquqları ilə azad və bərabər doğulurlar", - bəyannamə məhz belə başlayır.

    Lakin Mandela həm də praqmatik siyasətçi idi, məhz onun varlığı və səyləri nəticəsində 90-cı illərin əvvəllərində aparteid rejiminin süqutu "Qara qitə"nin ən qüdrətli, varlı və nüfuzlu ölkəsini vətəndaş müharibəsinə sürükləmədi. Əsrlərdən bəri ağların min bir zülmünə məruz qalan qaralarda qisas hissi böyük idi. Böyük nifrətin qanlı müharibəyə çevrilməsinin qarşısını yalnız Mandela ala və aparteid rejimi çökdükdən sonra ağların da bu ölkənin bərabərhüquqlu vətəndaşları olacağına qarantiya verə bilərdi.

    "Sakitliyi pozan"

    Valideynləri ona Rolihlahla adı qoymuşdular. Kosa xalqının dilində "rolihlahla" - "ağac budağını silkələyən", geniş anlamdasa "sakitliyi pozan" və ya "aranı qatan" mənasını verir.

    Amma Mandelanın ata-anasının ağlına çətin gələrdi ki, onların oğlu Afrikanın cənubunda 300 ildən bəri mövcud olan sistemi silkələyəcək və sonda qəbirqazanı olacaq.

    Nelson Mandela 1918-ci il iyulun 18-də Kunu şəhəri yaxınlığındakı Mbaşe çayı sahilində yerləşən kiçik Qvezo kəndində doğulmuşdu. 7 yaşında məktəbə gedərkən müəlliməsi Rolihlahlanı ingilis adı ilə çağırır: Nelson. Və bütün dünyada da bu adla məşhur olur.

    Düzdür, CAR-da onu daha çox doğma tayfasının adı ilə Madiba adlandırırlar. Mandela adlı-sanlı qəbilənin imtiyazlı təbəqəsindən idi və gələcəyin "sakitliyi pozan"ı Forta Her kollecini bitirmişdi. Düzdür, 1940-cı ildə tələbə tətilində iştirak etdiyi üçün onu bir dəfə məktəbdən qovmuşdular.

    20 yaşında Nelson Tembu qəbiləsinin başçısı olmalı idi, lakin bundan imtina edir və hüquq təhsili almaq, həyatını aparteid rejimi ilə mübarizəyə həsr etmək istəyir.

    Mandela Yohannesburqa gedir və orada Afrika Milli Konqresinin (AMK) üzvləri ilə tanış olur. AMK XX əsrin əvvəllərində bir qrup qaradərili hüquqşünasın yaratdığı və ölkənin zənci çoxluğunun hüquqları uğrunda mübarizə aparan təşkilat idi.

    Mandela hüquqşünaslığı oxusa da, diplomunu çox-çox sonralar - 1989-cu ildə almışdı. Həmin vaxtadək aparteid rejimi ilə onillərlə mübarizə aparmış və illərlə həbsdə yatmışdı.

    Ötən yüzilliyin 40-cı illərində AMK Mahatma Qandinin təliminə bənzər mübarizə metodunun - rejimə qeyri-zorakı müqavimətin tərəfdarı idi. 1955-ci ildə AMK "Azadlıq xartiyası"nı qəbul edir və bu dövrdə Mandela artıq Konqresin fəallarından idi. "Cənubi Afrika orada yaşayanların hamısına məxsusdur", - deyə AMK-nın proqram sənədində deyilirdi.

    Xartiyaya imza atanlar irqlərin bərabərliyi ilə yanaşı, tibbi xidmət və təhsilin hamıya açıq olması, həmçinin, mədən, sənaye və bankların ictimaiyyətin mülkiyyətinə verilməsini istəyirdilər.

    Həbsdə zamanla üz-üzə...

    Hakimiyyət Mandelanı dövlətə xəyanətdə və kommunist ideyaları tərəfdarı olmaqda ittiham edir. Həmin dönəm soyuq savaşın qızğın vaxtı idi və dünya iki düşmən düşərgəyə bölünmüşdü. Və "kommunizm kabusu" real təhlükə kimi qəbul edilirdi.

    Düzdür, o vaxt Mandela və silahdaşları üzərindən ittihamlar götürülür. Lakin bir neçə ildən sonra - holland və fransız müstəmləkəçilərinin nəslindən olan hakim ağdərili azlıqla yerli qara çoxluğun qarşıdurması daha radikal şəkil alır və hər dəyişir.

    1960-cı ildə AMK qadağan edilir və təşkilat qeyri-leqal fəaliyyətə keçir. Bir sonra Mandela AMK-nın silahlı qanadına - "Umkonto ve sizve" ("Millətin nizəsi") təşkilatına başçılıq edir. 1960-cı ilin iyulunda Şarpervilledə zəncilərin nümayişinin gülləbaran edilməsi (69 nəfər ölmüş, 178 nəfər yaralanmışdı) AMK-nı partizan müharibəsi taktikası seçməyə vadar etmişdi.

    Sonralar Mandela deyirdi ki, məhz AMK-nın qadağan edilməsi və aparteid rejiminin sərtləşməsi onu "silahlı mübarizə - yeganə yoldur" fikrinə gətirmişdi.

    Təxminən 20-30 il əvvəl Çin kommunistlərinin lideri Mao Tszedun bu fikri daha obrazlı formulə etmişdi: "Tüfəngdən hakimiyyət doğur".

    Ağlarla qaraların münaqişəsi getdikcə artırdı. AMK partizan müharibəsi taktikasına keçdikdən sonra onun liderlərinin böyük əksəriyyəti mühakimə olunur və həbsə atılır. Mandela barmaqlıq arxasına 1962-ci ilin avqustunda salınır. Tarixçilər bu işdə MKİ-nin əlinin olduğunu deyirlər. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri CAR polisinə Mandelanın yerin deyiblərmiş.

    Məhkəmə prosesində Mandela məşhur çıxışını edir: "Mən hamının harmoniyada yaşadığı və bərabər hüquqlara sahib olduğu demokratik və azad cəmiyyət ideallarını arzulayıram. Bu, ümid edirəm ki, mübarizə aparacağım və həyata keçirə biləcəyim idealdır. Əgər gərək olarsa, onun uğrunda ölməyə hazıram".

    1964-cü ildə Mandelaya ömürlük həbs cəzası kəsilir və düz 18 il Robben adasında həbsxanada saxlanılır. "Həbsdə sən zamanla üz-üzə gəlirsən. Bundan dəhşətli şey yoxdur. Mən başa düşdüm ki, cəsarət qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur adam qorxmaz yox, qorxusuna qalib gələndir", - deyə həbsxananın əhəng karxanasında işləyən Mandela sonralar yazırdı.

    CAR-ın

    ilk qaradərili prezidenti

    Zamanın qazanı isə qaynayırdı - 70-ci illərdə kütləvi tələbə nümayişləri aparteid rejimini ciddi şəkildə siləkələyir. Etirazlar 1984 və 1986-cı illərdə daha güclü partlayır - həmin vaxtlar CAR-da yeni konstitusiya qəbul edilmişdi: qara çoxluğun nümayəndələrinin hakimiyyət strukturlarında təmsil olunması tamamilə istisna edilirdi.

    Lakin "Qara qitə"nin cənubunda ağların hökmranlıq erası süqutuna doğru gedirdi. Həmin vaxtlar bütün dünyanı Mandelanın müdafiə kampaniyaları bürümüşdü, aparteid rejiminə beyənlxalq aləmin münasibəti sərtləşirdi. Mandela artıq dünyanın ən məşhur məhbusuna çevrilmişdi.

    Nəticə CAR beynəlxalq təcridə düşür: ölkəyə ticari sanksiyalar tətbiq edilir və cənubi afrikalı idmançıların beynəlxalq yarışlarda iştirakı qadağan edilir.

    Mandelaya azadlıq tələbi ilə keçirilən kampaniyaların zirvəsi 1988-ci ildə Londonun məşhur "Uembli" stadionunda keçirilən konsert olur: 72 min insan xorla "Mandelanı azad edin!" oxuyur!..

    Artıq daxili və xarici təzyiqlər qarşısında aparteid rejimi "bir nömrəli məhbusla" anlaşmağa çalışır. CAR-ın o vaxtkı prezidenti Piter Bota AMK-nın gücdən imtina etməsi müqabilində Mandelaya azadlıq təklif edir.

    "Yalnız azad insanlar danışıqlara girə bilər. Dustaq müqavilə bağlaya bilməz", - Mandelanın cavabı belə olur.

    Rejim isə yararsız hala düşmüşdü. 1990-cı il fevralın 11-də AMK-nın 72 yaşlı liderini həbsdən azadlığa buraxırlar.

    Dünya dəyişirdi - Mandelanın həbsdən çıxmasından bir neçə ay əvvəl iki düşmən düşərgənin qarşıdurmasının simvolu olan Berlin divarları yerlə-yeksan olmuşdu.

    CAR-ın gələcəyi ilə bağlı danışıqlar son dərəcə gərgin keçirdi. 1993-cü ildə ölkənin yeni konstitusiyası qəbul edilir, 1994-cü ilin aprelində isə Cənubi Afrika tarixində ilk dəfə demokratik seçkilər keçirilir və 76 yaşlı Nelson Mandela ölkənin ilk qaradərili prezidenti seçilir. "Yaraları müalicə etmək vaxtı çatıb. Vaxt çatıb ki, bizim ayrılıqlarımız arasında körpü quraq", - o vaxt Mandela prezident kimi ilk çıxışında demişdi.

    Prezident seçilməsindən bir il əvvəl Mandela Nobel sülh mükafatının laureatı olmuşdu. 1999-cu ildə Mandela 81 yaşında fəal siyasi həyatdan çəkilir, xeyriyyəçilik və memuarlarını yazmaqla məşğul olur.

    2004-cü ilin iyununda 85 yaşlı Mandela özünün ictimai fəaliyyətini də başa çatdırdığını elan edir.

    2011-ci ildə CAR-ın ilk qaradərili prezidenti "təmiz reputasiya"lı dünya siyasətçilərinin vəi ctimai xadimlərinin siyahısına başçılıq edir. Reytinqi "Reputation Institute" konsaltinq şirkəti dünyanın 25 ölkəsində 50 mindən artıq insan arasında keçirdiyi sorğunun nəticələrinə uyğun olaraq tərtib etmişdi.

    "Böyük baobab" və

    "ədalət sütunu"

    Mandela ağ ciyərlərindəki infeksiyadan əziyyət çəkirdi. Yay azar daha da kəskinləşmiş və onu xəstəxanaya salmışdı.

    Bu xəstəliklə o faktiki olaraq bütün ömrü boyu aparteid rejiminə paralel mübarizə aparmışdı. Hələ 27 yaşında həbsə düşərkən orada vərəmə yoluxmuşdu və azar vaxtaşırı özünü büruzə verirdi.

    Uzun müddət xəstəliklə mübarizə aparan Nelson Mandela Yohannesburqdakı evində dekabrın 5-də yerli vaxtla saat 20:50-də vəfat etdi. CAR prezidenti Ceykob Zuma kədərli xəbəri vətəndaşlarına belə çatdırdı: "O, dünyanı sakit tərk etdi".

    Cümə gününə keçən gecə yüzlərlə insan mili qəhrəmanlarının evinin qarşısına toplaşmışdı. Milli hüzn ənənələrinə uyğun olaraq onlar mərhumun xatirəsini mahnı oxumaq və rəqs etməklə anırdılar. CAR prezidentinin göstərişi ilə ölkədə matəm elan edilib və dövlət bayraqları endirilib.

    Hakim AMK partiyası öz keçmiş liderini "Böyük Afrika baobabı" adlandırırdı. Afrika Milli Konqresinin nekroloqunda deyilir: "Böyük Afrika baobabı yıxıldı, onu bütün Afrika CAR kimi sevirdi. Bu ağacın kök və toxumları gələcək yüz illiklər ərzində hamımızı qidalandırmaqda davam edəcək".

    Baobab - çox qeyri-adi ağacdır. Ölçüləri və proporsiyası onu ilk dəfə görənləri heyrətə salır. Hündürlüyü 18-25 metrə, gövdəsinin çevrəsi isə 9-10 metrə çatır. Bizdə əzəmətli insanları palıda, Afrikadasa baobaba bənzədirlər...

    BMT-nin baş katibi Pan Gi Mun dünən jurnalistlər qarşısındakı çıxışında Mandelanı "ədalət sütunu" və bütün bəşəriyyət üçün ilham qaynağı adlandırıb: "Bizim zəmanəmizdə bir kimsə Birləşmiş Millətlərin dəyərləri və diləkləri naminə onun etdiyi qədər etməyib".

    "O, çətin həyatını şərəf və ləyaqətlə yaşadı, öz azadlığını digər insanların azadlığı üçün qurban verdi". Bu sözləri isə ABŞ prezidenti Barak Obama deyib və etiraf edib ki, Mandelanın fəaliyyəti onun həmişə "ilham mənbəyi" olub.

    Obamanın göstərişi ilə Mandelanın ölümü ilə bağlı Ağ Ev üzərindəki dövlət bayrağı endirilib.

    Mandela arzusuna çatdımı, indiki CAR onun mübarizə apardığı ideallara uyğundurmu?

    CAR dünyanın ən demokratik konstitusiyalarından birinə sahibdir, ölkə multietnik, çoxirqli olsa da, son 20 ildə onun əhalisi arasında heç bir ciddi münaqişə olmayıb.

    Bununla belə, CAR-da zorakılıq, küçə cinayətkarlığı, yoxsulluq, işsizlik, ciddi sosial təbəqələşmə, ağdərili əhalinin xaricə axını yüksək səviyyədədir.

    Nelson Mandelanın özü haqqında məşhur sözləri var: "Bir dəfə mənim barəmdə demişdilər: "Doğulanda ona Rolihlahla - "ağac silkələnən" adı qoydular, sonra o, Nelson Mandela oldu və bütün dünyanı silkələdi. İnsanların məni yarımallah hesab etməsi xoşuma gəlmir. İstəyirəm ki, insanlar məni Mandela kimi tanısınlar - zəif cəhətləri olan adi bir insan kimi".

    Xaqani Rüstəm

    alıntı
0 0 0