Mətbəxlə bağlı rubrikalarda adətən yemek reseptlerini məşhur aşbazlardan öyrənir, ya da kulinariya ilə bağlı kitabları araşdırırıq. Bu dəfə isə məsələyə fərqli yanaşdıq. “Məşhurların mətbəxindən” rubrikasında ölkənin tanınmış simalarının ağız dadını öyrənəcəyik. Ən əsası isə məşhur şəxs özü sizə sevimli yeməyinin reseptini təqdim edəcək. Beləliklə, layihənin növbəti qonağı əməkdar artist Aybəniz Haşımovadır. Aybəniz xanım bizə onun özüzünəməxsus fantaziyalarının da əlavə olunduğu Azərbaycan plovunun reseptini təqdim etdi. Müğənnimiz əminliklə deyir ki, Yeni il bayramında süfrələrin şahı olacaq bu plovun dadından doymaq olmayacaq.
Plov üçün lazım olan ərzaqlar:
1 kiloqram uzun düyü, 0,5 kiloqram quzu əti, şabalıd, kişmiş, albuxara və alça turşusunun hərəsindən 100 qram, bir baş quru soğan, zövqə görə duz, sarıkök, zəfəran, zirə, darçın.
Yeməyin bişirilmə qaydası:
Əvvəlcə düyü duz əlavə edilmiş suda bişirilir. Düyünü süzməyə az qalmış qazana kişmiş (bura maş, lobya da əlavə etmək olar) əlavə edilir və düyü ilə birlikdə süzülür.
Qıraqda isə quzu əti iri parçalara döğranılır, yuyulur və yağ dağ edilmiş iri qazana düzülür. Ətə duz və ədviyyatlar vurulur. Ətin üzərinə sürtgəcdən keçirilmiş soğan əlavə edilir. Buraya bişmiş şabalıd, albuxara və alça turşusu da qatılır. Sonda süzülmüş düyü həmin qazana əlavə edilir. Plovu dəmə qoyan zaman düyünün qıraqlarından qazana əridilmiş kərə yağı daxil edilir. Düyünün üzərinə zəfəran və 3-4 zirə vurulur. Sonda qazanın ağzı parça örtüklə bükülmüş qapaqla bağlanılır və dəmə qoyulur.
Ətlərin bişməsi üçün qazanın altı əvvəlcə 5 dəqiqə ərzində gur odda saxlanılır. Sonra isə plov vamdan bir az artıq olan odda 40 dəqiqə müddətində dəmdə qalır.