Aşıq yaradıcılığı tarixən ozançılığın varisi olub, şifahi şəkildə yaranıb yayılan söz sənətidir. Aşıq poeziyasını xalq yaradıcılığının tərkib hissəsi olduğunu göstərən bir neçə dəlil var:
1. Aşıq poeziyası şifahi şəkildə yaranır, canlı danışıq dilinə əsaslanır.
2. Aşıq şeiri xalq şeir şəkillərinə, onun poetik ölçülərinə əsasən yaranıb.
3. Aşıq folklor yaradıcılığı sistemində fərdi funksiyasını yerinə yetirir.
Amma şifahi xalq yaradıcılığının digər sahələrindən fərqli olaraq, aşıq ədəbiyyatı nümunələrinin, xüsusən də aşıq şeirinin müəllifi, əsasən, bəlli olur.
Müxtəlif dövrlərdə aşıqlar “ata”, “dədə”, “ozan”, “yanşaq”, “varsaq” kimi adlar daşımışlar. Sinkretik (qovuşuq) sənət olmaq etibarilə aşıq sənəti musiqi, şeir və rəqs kimi müxtəlif yaradıcılıq növlərini birləşdirir. Aşıqlar iki əsas qrupa bölünür: ustad (yaradıcı) aşıqlar və ifaçı aşıqlar.
Ustad aşıqlar aşıq poeziyasında və dastan yaradıcılığında müəllif qismində iştirak edirlərsə, ifaçı aşıqlar ustadların əsərlərini yüksək səviyyədə ifa etməklə məşğul olurlar. Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Cavan, Mikayıl Azaflı, Aşıq Pənah və s. ustad aşıqlardır. Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Ədalət və s. ifaçı aşıqlardır.
Azərbaycan aşıq poeziyası özündə bir neçə aşıq məktəbini və aşıq mühitini birləşdirir:
1. Anadolu məktəbi (Qayğusuz Abdal, Pir Sultan Abdal, Aşıq Dərdli, Aşıq Seyrani, Camal Xoca, Yunus İmrə və s.)
2. Şirvan məktəbi (Molla Qasım, Dədə Kərəm, Dədə Yedgar, Məlikballı Qurban, Güllübəyim, Molla Cümə, Aşıq Bəylər, Aşıq Şakir və s.). Şirvan məktəbinə Zaqatala aşıq mühiti də aid edilir.
3. Göyçə məktəbi (Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Bəşir, Növrəst İman, Aşıq Talıb, Aşıq Ələsgər və s.).
Göyçə məktəbinin mühitləri:
a) Borçalı mühiti
b) Dərələyəz, İrəvan, Cıldır mühitləri
c) Qarabağ mühiti