Allah “bərəkət” versin!mən bu gün də atalar sözündən danışacağam, amma bu dəfə satirik deyil, ciddi yanaşacam onlardan birinə.
Deyəcəksən ki, ay kişi, nədir hey yapışmisan atalar sözünün quyruğundan?
Bu ona görədir ki, atalar sözünün ürəklərdədir yeri, dillər əzbəridir onlar, həm də özümüzki. Hamımızın təkrar təkrar eşitdiyi, zaman zaman istifadə etdiyi kəlamlardı. Onları anlamaq özümüzü başa düşmək deməkdir o üzdən. Yeri var ki, onlar bircə bircə açıqlansınlar, şərh olunsunlar. Bəli, şərh olunsunlar!
Atalar sözləri ona görə şərh olunmalıdırlar ki, onlar zahirən çox sadə bir ifadə olduqlarına baxmayaraq özlərində bir çox dahi fikirlər, incə və zərif nöktələr daşıyırlar.
Misal olaraq biz bu gün atalarımızın buyurduğu çox məruf bir məsəldən söz açırıq.. “Səndən hərəkət, məndən bərəkət!” görün nə qədər dolğun bir ifadədir!
Hərəkəti başa düşdük, əməl və fəaliyyət deməkdir. Bəs “bərəkət?!”
Bir çoxlarımız elə başa düşürük ki, bərəkət pul, var dövlət deməkdir. Yəni Allah deyib ki, sən bir fəaliyyət göstər ki, mən də sənə pul çörək yetirim. Bir çoxları bu məsəlin “işləməyən dişləməz!” ifadəli atalar məsəli ilə eyni məna daşıdığını düşünürlər. Amma bu yalnış fikirdir. Atalar o mənanı çatdırmaq istəsəydilər misal üçün “Səndən əmək, məndən əkmək!” deyərdilər. Bu o fikirə daha yaxın olardı. Amma onlar “Səndən hərəkət, məndən bərəkət!” dedilər.
Gəlin bizə mənası elə də aydın olmayan “ bərəkət” ifadəsini bir az açaq!
“Bərəkət” ərəb mənşəli bir kəlmədir və Qurani kərimdə də bu söz və onun həmcinsləri sayılan “mübarək, təbarəkə və s. kəlmələrindən dəfələrlə istifadə olunmuşdur.
Rağib isfahani öz məruf lüğət kitabı sayılan “Əlmüfrədat fi ğəribil Quran” kitabının 120 - ci səhifəsində belə deyir. “Əlbarakatu subutul xeyril ilahi fi şşeyi”. Yəni, “Bərəkət” İlahi xeyrin (yəni, ilahi nəzər və diqqətin) bir şeyin üzərində sübutuna deyilir. Yəni hər hansı bir şeyin üzərində ilahi lütf və xeyir varsa məhz o bərəkətlidir deməkdir.
Demək bərəkət bizim başa düşdüyümüz kimi pul-para, mal dövlət demək deyil. Misal üçün, əgər qazanılmış pulun üzərində ilahi xeyir və ilahi lütf varsa məhz o zaman o pul bərəkətli sayılır. Əsas pul deyil, əsas odur ki, onun üzərində ilahidən verilən xeyir varmı yoxsa yox? Pulun bərəkəti (yəni, onun üzərində ilahi lütf və xeyiri) olmursa o pul çox az müddət ərzində dağılıb gedir və sahibinə heç bir faydası olmur. Elə bu səbəbdəndir ki, qazanc edən kəs hər hansı bir qazanc əldə etdikdən sonra hər şeydən öncə “Allah bərəkət versin!” deyir. Elə “Allah mübarək eləsin!” ifadəsi ilə edilən xeyir-dua da dediyimizə bir misaldır. Yəni Allah öz xeyir və lütfünü bu tutulmuş işə şamil etsin!
Gözəl bir hərəkət edən insana bu günlər daha çox “Bravo”, “Molodeç” deyirlərsə də keçmişdə “Bərəkəllah” deyərlərmiş. Bu cümlədə də “bərəkət ifadəsinin işləndiyinin şahidi oluruq. Görün nə qədər gözəl duadır! Yəni Allah sənin bu əməlinin üzərində öz xeyir və lütfünü qərar versin!
O ki, qaldı hikmətli Allah hansı işdə öz bərəkətini qərar verib hansında verməz, bu başqa bir mövzudur ki, öz məqamında açıqlanmalıdır. Amma təkcə bunu deyim ki, bərəkət də eyni ilə başqa şeylər kimi qazanılası bir şeydir. Yəni insan pulu qazandığı kimi onun bərəkətini də qazanmaq zorundadır. Hikmətli Allahın bərəkət bölgüsü də hikmət əsasındadır, demək istəyirəm. Misal üçün haram qazanca Allah bərəkət verməz heç zaman. Bu o deməkdir ki, öz qazancında ilahi bərəkəti görmək istəyən ən azı onu halal yolla əldə etməlidir!
Bəzi şeylər isə başdan – başa bərəkətdir. Onun üçün heç bir şərt şürut yoxdur. O cümlədən bizim Qurani – kərim.
Allah ayələrdən birində “O bir kitabdır ki, biz onu nazil etdik, o, həm də bərəkətlidir...” deyə buyurmuşdur. (Sad \ 29)
Yəni müqəddəs Quran başdan – başa ilahi xeyir və tanrı lütfüdür. O bir ilahi möcüzə olan hidayət kitabıdır. Quranı özünə örnək edən kimsə ondan ancaq xeyir və fayda görə bilər.
Belə başdan – başa mübarək olan şeylərdən biri də qədr gecəsidir. Allah başqa bir ayədə qədr gecəsini “mübarək bir gecə” adlandıraraq, “Biz Quranı bərəkətli bir gecədə (qədr gecəsində) nazil etdik....” deyə buyurur. (Düxan \ 3)
Yəni ilahi diqqət və lütfə bürünmüş bir gecə. Mələklərin endiyi, Ruhun nazil olduğu, eləcə də min aydan daha xeyirli olan bir gecə.
Nə isə. Səndən hərəkət, məndən bərəkət, deyəndə ulu Rəbbim, sən bir hərəkət et ki, məndə öz lütf və rəhmətimi sənə şamil edim demək istəyirmiş sən demə.
Ona görə əziz dost, uzun ömürdənsə bərəkətli ömür, çox puldansa bərəkətli pul, iti qələmdənsə bərəkətli qələm lazımdır bizə. Qələmimizin bərəkəti olsaydı tez – tez mürəkkəb gəzib, vərəq axtarmağa ehtiyac qalmazdı. Yazımızın bərəkəti olsaydı bu gün bu yazını yazmağa ehtiyac duyulmazdı doğrusu.
Odur ki, Allah bərəkət versin!