Komplekssiz insan modeli

Son güncelleme:
  • "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (seçiləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah qatında sizin ən hörmətli olanınız (isə) sizin ən təqvalınızdır!..." (Hücürat, 13)
    Nədir təqva? Nədir bizi Allah qatında ən üstün və ən sevimli edən bu məhfumun açması? Allah bəndəsi olaraq, bu sizə maraqlı deyilmi?...
    Bu yazımda mən Allahın lütfü il, indiyə kimi dini və s. kitablarda "təqva" haqda deyilənləri bir kənara qoyub, onun "ağıl" ilə olan bir başa əlaqəsindən danışmaq istəyirəm.
    İlk öncə onu deyim ki, həm "təqva", həm "ağıl" ifadəsi müxtəlif formalarda, Qurani kərimdə dəfələrlə keçib.
    Gəlin birlikdə "təqva" sözünün mənasını axtaraq:
    Əsaslı lüğət kitablarından biri olan "Əl-müfrədat fi ğərib əl-Quran" kitabında belə keçir:
    ""Təqva sözünün əsli "viqayə" kəlməsindəndi, o da insanı əziyyətli və zərərli şeylərdən saxlayan qüvvə deməkdir". Sonra davam edir: ""Təqvaya" verilən "Allahdan qorxmaq" mənası əslində dəqiq deyil, "Allahdan qorxmaq" "təqvanı" yaradan səbəbdir, "təqva" deyil! (Əlmüfrədat, c.1, s. 881)


    Demək bir çox Qurani-Kərimin Azərbaycan dili tərcümələrində yazıldığı kimi "təqvanın" mənası "Allahdan qorxmaq" ola bilməz, yəni sözügedən ayə belə tərcümə olunmamalıdır: "Sizin Allah qatında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır!" Çünki "Allahdan qorxmaq" vasitədir, hədəf deyil. Yəni biri Allahdan qorxursa, bu o demək deyil ki, o hökmən Allaha itaət edəcək, edə də bilər, etməyə də. O qədər qorxa-qorxa öz bildiklərini edənlər gördük ki...
    Təqva insanı cilovlayan qüvvədir! İnsanı insanlıqdan çıxarmaq üçün onda olan bu saxlayıcı qüvvəni "sarvat" etmək kifayətdir, o bir də gözünü açıb, özünü ən dərin uçurumların ta dibində görəcək - eyni ilə əyləcsiz maşın kimi.
    Gəlin söhbəti bir az açaq:
    Dəyərli bir alim (Elvüsal Məmmədov) gözəl açıqlayırdı ki, sosiologiyada "kognitiv distorshn" deyilən məfhum mövcuddur, yəni şüurlu təhrif. Nədir şüurlu təhrif?
    "Tədrici alışma" sindromunun təsiri ilə dəyərlərin süni şəkildə deqradasiyasının aparılmasına deyilir.
    Başa düşürsünüzmü, bu günün dəyəri şüurlu və tədrici, üstəlik xüsusi plan əsasında olan təhrif vasitəsi ilə sabah artıq köhnəlik kimi təqdim edilir. Tədrici olduğu üçün heç kimin də ruhunun belə xəbəri olmur. Bir var bir kəsə qəfil deyəsən de ki, mənim 10 manat pulum var, bir də var asta-asta deyəsən de ki, mənim 1....sonra +2....sonra +5....sonra +2 manat pulum var. Nəticə eyni olsa da ikinci variantda nəticəni qəbul etməyə bilməzsən, çünki rəqəmləri toplayan sən özün olmusan. Tədrici təhrif - "kognitiv distorshn" belə olur.
    Məsələn, dünən erotika bir çoxları üçün ayıb idi, bu gün isə deyil. Bu məntiqlə pornoqrafiya bu gün ayıbdır, amma mənəvi immuniteti olmayan ziyalı kütləsi üçün sabah ayıb sayılmayacaq. Söhbət təəssüf ki, tədricən, şüurlu surətdə mənəvi dəyərlərə qarşı aparılan ideoloji savaşdan gedir.
    Hə, burada bir məqam var (alim davam edir): Dinsizləşmiş cəmiyyətlər yad axın qarşısında özünü qoruyacaq səmavi immunitetdən məhrum qaldıqları üçün daha tez dəyişirlər, əslində bu dəyişmə mütərəqqi deyil, dağıdıcıdır. Mütərəqqi olsaydı nə var idi ki? Lakin dini dəyərlərin sarsılmaz vəhy əsasları olan cəmiyyətlər belə tendensiyalara müqavimət göstərə bilirlər, çünki nəyin düz, nəyin səhv olduğunu ölçən meyarları vardır. Məhz bu səbəbdəndir ki, islamda qeyrət, məhrəmlik, iffət anlayışı Peyğəmbərin (s) zamanında nə idisə, indi də odur...
    Əziz dostlar, bu meyarın olması çox mühümdür, dinlər məhz bunun üçündür, dinlər mayak, meyar rolunu oynamalıdır və oynayır. Qardaş canı, dünyada az-çox hələ də iffət, qeyrət, ədəb-ərkan və s. məfhumları qalıbsa bu özünü dinlərə borcludur, bir çoxları bunu inkar etsə belə. İnsan övladı öz (Qurani-kərimin bəyan etdiyi "insan öz önünü açmaqda israrlıdır!") xarakterinə görə Din olmasaydı, indiyə bütün pərdələri yırtıb atmışdı. Bütün qadağalara baxmayaraq, nəfsinin atına minmiş insan yenə də artıq görün, mavilikdən vurub, pedofiliyadan çıxmaqdadı. Bu tip azğınlıqların qarşısında qətiyyətlə dayanan yeganə qüvvə Dindir!
    Daha bir misal: öz vulqar ifadələrini, erotik çalarlarını ədəbiyyatda rahat istifadə edə bilmək üçün "ədəbiyyatın tərbiyəvi xarakteri yoxdu, o yalnız söz sənətidir!" tezisini ortaya atırlar. Əlbətdə ki, ədəbiyyatın (adından da məlum olan) tərbiyəvi rolunu inkar etmək, ona yalnız "söz sənəti" kimi baxılmağa çağırışın özü də "şüurlu təhrifin" bir misalıdır. Kim ədəbiyyata teorik olaraq "yalnız söz sənəti" kimi tərif verir versin, praktik reallıq budur ki, ədəbiyyat tarix boyu (həm yaxşı, həm pis mənada) tərbiyəvi gücə malik olub və olmaqdadır.
    Gələk çıxaq mətləbə:
    Ümumiyyətlə bəziləri öz iyrənc fikirlərini rahatlıqla ifadə edə bilmək üçün bir çox qəliblər düzəldib, o qəliblər altında öz bildiklərini ediblər ki, həm öz vicdanlarını rahatlatsınlar, həmdə qınayan olmasın. Bir misal: Məsələn, "komplekssiz insan modeli". Onlar əldən-ayaqdan çıxıb, şüurlu və tədrici təhrif əsasında insana belə bir "model" yaradıblar. Guya ki, əsl azad insan odur ki, ağlına, ağzına nə gəldi, harda gəldi, necə gəldi deyə bilsin, heç bir kompleksi olmasın. Üstəlik, bunu hünər kimi təqdim ediblər. Bu isə yalnız dırnaqarası hünər ola bilər, əsl hünər hər istədiyini deyil, deyiləsi olanı deməkdir - bu, ağlın və məntiqin tərifidir, onlar deyən isə nəfsin. Sən "komplekssiz" olub, bütün iyrəncliklərini mənim önümə tökəcəksənsə, elə kompleksli olsan yaxşıdır.


    Allah lovğalığı, "hərnəgəldiyiliyi" sevmir, onun sevdiyi xüsisi prinsiplərə malik, zabitəli, hər şeydə müəyyən normaları olan ədəb-ərkanlı insandır. Sözü gedən təqva budur!

    Baxın, islamda zarafat yoxdurmu? Zarafat edən dindən çıxırmı? Xeyr! Əlbəttə ki, xeyr! Peyğəmbərin (s) bu haqda olan bir hədisinə baxaq:
    "Mən də zarafat edirəm, amma zarafatımda haqdan kənara çıxmıram!"
    Budur Allahın ən sevdiyi insan modeli.
    "Zarafat" adı altında nə qədər təhqir edir, qəlb sındırır, neçə batman yalan danışırıq, bilirsiniz? İslam deyir ürəyin istədiyin qədər zarafat et, bir şərtlə ki, haqdan kənara çıxma! Norma budur!
    Din deyir qadına baxma, ona toxunma, sekslə məşğul olma? Bu ki absurd olardı. İslam deyir bunları nə qədər istəsən edə bilərsən, amma əvvəla küçədə, bazarda deyil, evində-eşiyində, saniyən, qanun çərçivəsində halalın olan qadınla...
    Bilərəkdən qatırıq çox zaman bu məsələləri; Din deyir ay bala, sənin olmayanı yemə, olmaz! Biz deyirik ki, ay daa, Din deyir ki, heç nə yemə, olmaz!
    Din deyir ay atam balası, öz intim olan əlaqəni ictimailəşdirmə, olmaz! Biz deyirik belə şey olar, din deyir heç kimlə intim əlaqən olmasın.
    Qərb fəlsəfi ilə Dinin fərqi budur: Qərb fəlsəfəsi deyir ki, qoy bütün dəyərlər yaransın, toqquşsun, dalaşsın, savaşsın, sonda hansı güclü olsa, o qalacaq, hansı zəif olsa, zatən sıradan çıxacaq. Din isə deyir ki, ay bəndə, bu toqquşmaların nəticəsini gözləmək bəzən nəsillərin dəyişməsi qədər uzun çəkir, insan ömrü qısadır, mən sənə deyirəm də əsl dəyərin nə olduğunu, dəyər budur, budur və budur!
    Bəli, din ağıl gəmisinə sərbəstlik verir, buyur üz düşüncələr dənizində, amma mayak mənəm, bu təlatümlü dənizdə azmamaq üçün bir gözün daim məndə olsun, deyir. Din Qərb fəlsəfəsindən fərqli olaraq, bəşərin taleyini zamana buraxmır, onun insan üçün bu başdan bəlli həyat konsepsiyası var. Tutaq ki, sən min il sonra toqquşmalar nəticəsində əsl dəyərin nə olduğunu axır ki, tapdın, bəs yaxşı, bu min il ərzində yaşayan insanların günahı nə idi ki, dəyərsiz və ya yanlış dəyərlərlə yaşadılar?! (diqqət edək!)
    Hə, maraqlıdır ki, "əqlin" də mənası "təqvanın" mənasına yaxın bir mənadı. Gəlin "əqlin" mənasına baxaq.
    Qədim lüğət kitablarından biri olan "Məcməül-Bəhreyn" də keçir:
    "Əql saxlayan qüvvəyə deyilir, beləliklə, aqil insan odur ki, öz nəfsinin istəklərini saxlaya (cilovlaya) bilir". (Məcməül-Bəhreyn, c. 5, s. 465)
    Lisanül-Ərəb də bu mənanı təsdiqləyir. (Lisanül-Ərəb, c. 11. s. 458)
    Demək belə, demək həm "əql", həm "təqva" insanı saxlayan, cilovlayan qüvvəyə deyilir. Bu, "əql" olaraq işlənəndə insanı pisliklərdən və uçurumdan saxlayan qüvvəyə, "təqva" olaraq işlənəndə isə insanı günahlardan saxlayan qüvvəyə deyilir, əsas olan odur ki, ikisinin də kökündə "saxlayan qüvvə" mənası dayanır.

    Zəruri olmayan qeyd (dincəlmək üçün oxuyun):

    "Bir məclisdəyik. 10 nəfərik. Təbii ki, kiminsə məndən, mənim də kimdənsə xoşum gəlməyə bilər, amma bunu ona deyirikmi? "Heeey, bura bax, sənə nifrət edirəm!" Demirik. Niyə? Bizi bunu deməkdən saxlayan qüvvə nədir? Ağıl!
    Təsəvvür edin, bir günlük ağlımız tətil oluna - öz saxlayıcı funksiyasını icra etməyə, nə baş verər?... Ona görə də biriləri deyəndə ki, tərbiyəsizliyin kökündə əqli qüsur dayanır, qınamayın".
    Bəs yaxşı, ağıl, nəfs və din?! Nədir bunların əlaqəsi?
    Təsəvvür edin bu üçlük gəlib, gəlib, bir divara rastlayırlar, nə etsinlər? Nəfs deyir aş get ("İnsan israrla öz önünü açmaq istəyir." - Qurani-Kərim). Ağıl deyir mən hələ dəqiq bir söz deyə bilmərəm, bu divarın o üzündə uçurum da ola bilər, xəzinə də, gözləyək hələ, görək nə olur. Bəli, ağıl əksər vaxtlar qərar verə bilmir, tərəddüd içində qalır, axı bu yazığın divarın o üzündən dəqiq xəbəri yoxdur, neyləsin? Bəs Din nə deyir? Din isə təbii ki, o divarı Yaradan Allahın vasitəsi ilə onun o üzündə uçurum ya xəzinənin olmasından əminliklə agahdır. Din konkret deyir: bu səbəblərə görə, bu divarı aşma, o üzü uçurumdu! (və ya əksinə)


    Diqqət edin, imkan təqdirində, divarın o üzündən xəbər verərkən səbəblərin deyilməsi bəyəniləndir (lütfdür)! Din demir ki, dağın o üzündə 4-dür. Din deyir, dağın o üzündə 2+2-dir. Qoy nəticəni ağıl özü əldə etsin. Din ağılı tərəddüddən çıxarmaq, ona güvən vermək üçündür. Din olmadıqda tərəddüd içində olan ağıl yavaş-yavaş nəfsə uyur. Axı nəfs də divarı aşmaqda qətiyyətli və israrlıdır. Din ağlı nəfsin çəngindən alıb çıxarır, ona ən doğru olanı göstərir. Bu üçlüyün məcazi təsvirdə əlaqəsi məhz belədir, əzizlərim.
    Ağıl hər zaman axtarışdadır, o hələ də naməlum bir ünvanda daha yaxşını tapmağa çalışır, din isə ən yaxşını artıq ortaya qoyub. Sadəcə Allah ağlı həmişə iti saxlamaq üçün hər şeyi onun birbaşa ovcuna qoymur, o, ağıla meydan təyin edir, daha doğrusu onun cövlan meydanını konkretləşdirir, deyir bütün okeanları, dənizləri axtarmağa nə ömür, nə güc yetməz, sən istədiyin mirvarini bax, konkret bu dənizdə axtar.
    "Allah qatında sizin ən hörmətli olanınız (isə) sizin ən təqvalınızdır!..."
    Ayənin bizə olan "mesajı" budur:
    Allah qatında imtiyaz amili nə puldu, nə paradı, nə irqdi, nə millətdi, nə rəngdi, nə də başqa bir şey. Kimin içindəki pisliklərdən, günahlardan, uçurumlardan saxlayan qüvvəsi - təqvası (əyləci) daha güclüdürsə, Allah qatında ən hörmətli bəndə məhz odur! Çünki həyat magistralında əyləci olmayan insan təhlükəli insandı, o nəinki təkcə özünü, başqalarını da vurub uçuruma düşürə bilər. Əyləcsiz sürət imtiyaz deyil, yalnız təhlükə mənbəyidir!
    Və...
    Təqva ağlı işlədərək dinin bizə verdiyi həyat tərzini dərk edib, ona sahib çıxmaqdır, kim belə məsuliyyətli həyat tərzinə daha çox sahibdirsə, o, Allah qatında daha hörmətə layiq bəndədir!

    alıntı
0 0 0