Barışıq

Son güncelleme: 04.04.2014 17:26
  • -Göygölü görməmişəm.
    -Yayda gedək, mən hazır!
    -Göyçə düşüb yadıma.
    -O da dünəndən hazır!
    -Deyirlər ki, dağlarda
    Nağıldır Löh qalası.
    -Burda çətin nə var ki!
    Yayda gedək, qadası.
    -Altayda baldızım var..
    -Altaya da gedərik.
    -Qayıdanda Soçiyə,
    Yaltaya da gedərik.
    Düz deyirsən bir evdən
    Baxmaq olmaz dünyaya.
    Tələsmə, sağlıq olsun,
    Hər şeyi saxla yaya...
    Ömür-gün yoldaşımla
    Beləcə söhbət etdik,
    Özümüzü danladıq,
    Xeyli məzəmmət etdik.
    Yay gəldi, getdik kəndə.
    Günlərimin yarısı
    Tənha keçdi çəməndə.
    Əlimdən tutub məni
    İlan cığır apardı.
    Köhnə yaylaq yaramın
    Qaysağını qopardı.
    Başımıza toplaşdı
    Qonum-qonşu axşamlar
    Gecə kecdi yarıdan,
    Söhbət etdik o ki var.
    Neçə-neçə xoş xəbər,
    Xoş arzular eşitdim.
    Hərdən də sözarası
    Giley-güzar eşitdim:
    -Bir ata öz oğlundan,
    Qonşu qonşudan küsüb.
    Bir ağsaqqal ərkindən
    Küsüb bir nadan,küsüb.
    Bir gəlin qaçıb evdən,
    Ərindən incik düşüb.
    Qayıtmağa utanır,
    Boynunaca yük düşüb.
    Gəzməyə tələsmədim.
    Hər işdə təmkin,səbir
    Küsənləri danladım,
    Barışdırdım birbəbir.
    Vaxt gəlib çatdı sona,
    Nə Göygölə, Göyçəyə,
    Nə də Altaya getdik.
    Nə Soçiyə, nə Löhə,
    Nə də Yaltaya getdik.
    Hamını barışdırdım,
    Özcə ömür yoldaşım
    Məndən küsdü bu dəfə,
    Yay qurtardı, biz isə
    Küsülü döndük evə.

    Müəllif: Ənvər Rza

    alıntı
#04.04.2014 17:26 0 0 0