“Əməl etmədiyinizi demək (başqalarına, tövsiyə etmək) Allah qatında böyük günahdı.” (Saff,3)
Dünyəvi dəyərlər baxımından insanın özünün əməl etmədiyini başqalarına tövsiyə etməsi elə də pis iş sayılmır. Yəni yaxşı işi özü edə bilməsə də heç olmasa başqalarına tövsiyə edir – deyərək belə insana müəyyən mənada haqq qazandırılır. Məsələnin dərinliklərini açmasaq, məntiq də bunu təsdiq edir; Qoy danışsın də, söyüş söymür ki, yalan danışmır ki, ittiham etmir ki...
İslam təlimlərində isə bu iş (özün etmədiyini başqalarına tövsiyə etmək) böyük günah sayılır. Gördüyünüz kimi, Ulu Yaradan Qurani-kərimdə yuxarıda qeyd etdiyimiz ayədə “Özünüzün əməl etmədiyinizi (başqalarına) demək (tövsiyə etmək) Allah qatında böyük günahdı.” –deyir. Axı nədən?! Yaxşı işi özü edə bilmir, qoy heç olmasa yaxşı işə çağırsın. Axı bunun nə qəbahəti var?! Bu ki zahirən çox gözəl işdi.
Gəlin baxaq, nədir bu ayənin bizə olan hekayəti?
Demək, dostlar, burada çox əsaslı psixoloji səbəb var. Burada İslamın sözə verdiyi dəyər var, onu qoruma çabası var. İslam insanı, dəyəri, cəmiyyəti qorumaq üçün prosesə kökündən başlayır, sözü qoruyur, sözün müdafiəsinə qalxır. Ümumiyyətlə sağlam məntiq deyir ki, kosmetik islah cəhdləri nəticəsiz olur, bütün problemləri kökündən həll etmək lazımdır. İslamın da islah metodu sağlam məntiqə söykənir; İnanın ki, islah cəhdi əsaslı və köklü olmasa epinqonçuluq olacaq. Əsrlər boyu hamı millətin çatışmazlıqları haqda yazacaq, pozacaq amma çi fayda? Millət düzəlməyəcək ki, düzəlməyəcək! Mən bu fikirlə çox razıyam:
“Mirzə Ələkbər Sabir kimi klassiklərimizin yazdıqlarının, yazılarında qaldırdıqları problemlərin bu gün də aktual olması onların dahiliyindən çox bizim cahilliyimizin göstəricisidi.”
Ona görə də təkcə deməklə, yazmaqla olmur, məsələyə köklü yanaşmaq lazımdı. Nə qədər daşı-üst-üstə qoyub binanı yenidən inşa etməyə cəhd edəcəksən uçulub töküləcək, çünki bünövrədə boşluq var. Allah bunu gözəl anlayır və məhz bu səbəbdən məsələyə kökündən başlayır. Sözü qoruyur, məqsəd isə insanı qorumaqdır, sözü müdafiə edir, əsl hədəf isə cəmiyyətin qeydinə qalmaqdır.
Bəli, bu məsələdə (danışdıqlarına özünün əməl etməməsi məsələsi) söz qiymətdən düşür. Necə? Axı özün etmədiyin sözü (söz vasitəsi ilə deyilən hər hansı bir əməli) başqalarına tövsiyə etmək Sözü təhqir etmək, ələ salmaqdı. Yaxşı şeydirsə, özün et də. Bu necə yaxşı sözdü ki, sən özün ona əməl etmirsən?! – deyə beyinlərdə haqlı suallar doğur. Bu məsələ sözə olan inamı itirir. Sözü hörmətdən salır.
Bu bir fəlakətdir. Bəli, sözün təsirdən düşməsi və yalnız söz xatirinə deyilməsi çox acınacaqlı haldır. Hətta, gəlin, sözün ölməsi deyək buna. Vay o gündən ki bir məmləkətdə söz ölsün. Elə bir cəmiyyəti xilas etmək mümkün olmayacaq! Ona görə də ən böyük cani və qatillər söz qatilləridir - əməl etmədiklərini və ya əks əməl etdiklərini başqalarına tövsiyə edərək sözün gücünü, onun təsir effektini öldürənlər!
Məsələn, “demokratiya” sözü. Vaxt var idi möcüzəvi gücə malik idi bu söz. Amma o qədər yalançıların, demokratiyadan dəm vurub despotluq edənlərin, azadlıq, azadlıq deyə bağırıb şəhvətinin əsiri olanların dilində hallandı ki, bu söz öz təsir effektini itirdi. İndi kimə deyirsən demokratiya qıcıq olur, əsəbləşir, ən yaxşı halda gülüb keçir. Vallah, birazdan məlum qüvvələrin öz “demokratiya” şüarlarını başqa bir cəlbedici şüarla əvəzlədiyini görsəniz təəccüblənməyin, çünki doğrudan da o söz öz təsir effektini itirib artıq.
Ona görədə despotlar, tiranlar, işlərini yaxşı bilən qara qüvvələr bir məmləkəti rahatlıqla ələ keçirmək, orada uzuuun müddət hökmranlıq etmək istəyəndə ilk öncə o məmləkətdə bu bayaqdan dediyim “qətl alətləri” vasitəsi ilə SÖZÜ öldürürlər. Sözü ölmüş xalqın isə minlərlə xalq yazıçısı, ictimai xadimi, siyasi lideri və s. olsun, gecə-gündüz bar-bar bağırsınlar, zülmə qarşı çıxmağa çağırsınlar, xeyri olmayacaq, xalq qalxmayacaq, yerindən belə tərpənməyəcək!
Bu məntiqə əsasən, bir xalqı xilas etmənin yolu onların arasında ölmüş Sözə can vermək, Sözü yenidən diriltməkdir! Amma necə? And içməkləmi?! “Vallah mən o birilər kimi deyiləm, mən düz deyirəm”, deməkləmi?! Bəlkə Qurani-Kərimə əl basmaqla? Və ya bəlkə Həccə getməklə?! Xeyr! Əsla! Bu cəmiyyət tülkünün həccə getmə məsələsini hələ uşaqkən, nağıllardan bilir. Bu cəmiyyətdə andın özü də ölmüş bir söz növüdü nəhayətdə. Andın özü də qətlə yetirilib. Bəlkə bu üzdəndi ki, İslam təlimlərində and içməyə ancaq çox zəruri hallarda icazə verilir. Yalandan and içməyin cəzası yalan danışmağın cəzasından qat-qat ağırdı deyilir. And sözə güc verən bir alətdi çünki. Bir var səsgücləndirici, (mikrofon) bir də var sözgücləndirici. And sözgücləndiricidi, bir şərtlə ki, andın özü də yerli-yersiz istifadə oluna-oluna sözdən gücsüz hala düşməsin. O zaman and sözə güc verməyəcək ki heç, onun olan-qalan gücünü də alacaq.
Yəqin ki, Xalid Hüseyninin “çərpələng uçuran” romanını oxumusunuz, orada ən uğurlu düşüncə deyərdim ki, budur:
“Oğurluq. O – bütün günahların özəyidir. Qatil həyat oğurlayır. Arvadının əlindən ər haqqını, övladlarından ata haqqını alır. Yalançı başqalarının doğruluq haqqını mənimsəyir. Yaramaz isə düzgünlük haqqını.”
Bəli, özümüz etmədiyimizi başqalarına tövsiyə etmək də bir oğurluq növüdür deyək; sözdən sözün gücünü oğurlamaqdır, insanların sözə inamını oğurlamaq...
Bəs nədir çarə? Ölmüş sözə yenidən necə can vermək olar?!
Bu halda çıxış yolu birdir! Sözü diriltməyin yeganə yolu -dediyimiz sözlərə hamıdan öncə özümüz əməl etmək... və ya belə deyim, özümüz etmədiyimizi başqalarına tövsiyə etməməkdir! Susmağın qızıl olduğu yerlərdən biri də yəqin ki, bu məqamdır. Özümüz etmədiyimiz haqda danışmayaq, axı danışmaq üçün dünyada bu qədər söz varkən niyə özümüz əməl etmədiklərimizi danışıb sözü gözdən salmalıyıq?!
Demək, dostlar! Tələbəlik dövrümdə intellektinə heyran olduğum bir tələbə dostumun otağına qonaq getdikdə kiçik bir kitab rəfinin olduğunu, rəfdə maksimum 20-30 kitabı olduğunu gördüm. Təəccübləndim, bu boyda kitab rəfində cəmi bu qədər kitab, sənin cəmi bu qədər kitabın var?!, –dedim. Cavab verdi: “Mən kitab rəfimə yalnız oxuduğum kitabları qoyuram.” Bu cavab mənim ikiqatımdan keçdi. Hamı – alimlərimiz, ictimai xadimlərimiz, siyasətçilərimiz və s. söz barəsində də bu prinsiplə yaşasa, özü əməl etmədiyini pafoslu-pafoslu başqalarına tövsiyə etməsə, yalnız əməl etdiyi sözləri başqalarından tələb etsə inanın ki, Sözə can gələr və Nizaminin təbiri ilə desək, sözlə təbiətin möhürü düzülər.
Qeyd: Rəvayətlərdə keçir ki, bu ayə “Uhud” döyüşü zamanı nazil olmuşdur. Belə ki, bəziləri hələ döyüşün sadəcə işartıları varkən qəhrəmanlıq, igidliklə bağlı pafoslu çıxışlar etsələr belə, döyüş reallaşdıqda qoyub qaçdılar, sözlərinin üstündə dayana bilmədilər. Beləliklə, onların neoqəhrəmanlıqları, ultravətənşüvənlikləri ortaya çıxdı. Və ayə nazil oldu. Onları rüsvay etdi. Allah bu ayə ilə sözü gedən problemin üstünə ən sarsıdıcı formada getdi. (Ayənin ahəngi çox ağırdı, sadəcə bu iş günahdı demir, əvvəl belə etməyin deyir, ardınca bu iş BÖYÜK günahdı deyir) Niyə? Həm də buna görə ki, bundan sonra sözün əsl mənasında igidlikdən, qəhrəmanlıqdan danışanların, insanları həqiqi mənada mübarizəyə səsləyənlərin də sözü təsirsiz olacaqdır. Daha həqiqi sərkərdələrin “rəcəzlərinə” də tərəddüd yaranacaqdı. Bu da bütün döyüşləri indidən uduzmaq demək idi.
Xatırlatma edim ki, bizdə də təqribən oxşar haldır. Atəşkəsdir. Atətin Minsk qrupunun “uğurlu” siyasəti nəticəsində müharibə ehtimalı demək olar ki, sıfıra bərabərdi. Və belə bir şəraitdə hamı vətənşüvəndi, hamı Qarabağlıdı, hamı qəhrəmandı... Bir dəfə bu haqda yazmışdım, “özünü hələ baş verməmiş bir müharibənin qəhrəmanı saymaq qədər asan şey yoxdur.”
Deməyim odur ki,