Gülüm, yadındamı yadigar verdim
Sevən ürəyimi, itirmə dedim.
İllər boxçasında bala dönəcək
Sənindir, üstümə gətirmə dedim.
Gedirəm, anladım buz imiş dünyan
Donarmış, sevgidən odlanıb yanan.
İşdir, birdən ötüb, keçsəm yanından
Bir də gizli məktub ötürmə dedim.
İxtiyarsız baxıb geri dönəndə
O iki giləni sildin çöhrəndə.
Solğun çiçəkləri yolda görəndə.
Kövrəlməsin deyə götürmə dedim.
Eybi yox, nə fərqi yollar ayrılır
Kim kimə nə verir, ya geri alır?
Bilsən də ümidim bir sənə qalır.
Əlini əlimə yetirmə dedim.
İlham bu alovu qəlbinə yığar
Üşüsən günəşdən bir az tez doğar.
Hərçəndi üstünə nur, yağış yağar.
Qəlbində tikanlar bitirmə dedim.