Hərdən ruhuna varır,
yaralı bir darıxmaq,
ağır ağır çökərək.
Elə ürəyin yanır,
elə yazığın gəlir,
bir ötən xatirənin,
bir növbəti ümidin
tətiyini çəkərək
öldürmək istəyirsən,
alınmır ki, alınmır.
Biranlıq öz içindən,
başqa səmtə köçürsən.
Özündən baş açmırsan,
anlamırsan özün də.
Məsələn, bir aynanın
qarşısına keçirsən,
görürsən ki ifadə yox üzündə.
Ömür gündəliyindən
ən məzəli anları "qıdıq" üçün seçirsən,
öz üzünü güldürmək istəyirsən,
alınmır ki, alınmır.
İçində tuğyan edir,
hayqırır düşüncələr,
səbəb gizlidir ancaq.
Ha çalış, ha gər sinə,
için çölün tərsinə,
daxilən kəmhövsələ,
zahirənsə utancaq.
Əlqərəz, gözün gəzir
yan-yörəndə hər yeri.
Bir adam axtarırsan,
başına gələnləri
bildirmək istəyirsən,
alınmır ki, alınmır.