Qurani- Kərimin ət-Təkasur surəsi

Son güncelleme: 30.06.2014 14:44
  • ət-Təkasur (Çoxluqla öyünmə) surəsi

    (Məkkədə nazil olmuşdur, 8 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
    2 - Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].
    3 - Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
    4 - Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
    5 - Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
    6 - (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
    7 - Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
    8 - Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!
#30.06.2014 14:44 0 0 0