Gör onlar nə deyirdi, bu sözlərdən sonra da hərə özünü o birlərindən daha çox sevdi. Başqa cür edə də bilməzdilər. Hər kəs özünə o qədər vuruldu ki, digərlərinin ləyaqətini var gücüylə alçaltmağa, əksiltməyə çalışır, bunu da həyatının mənası sayırdı. Köləlik yarandı: zəiflər məmnuniyyətlə güclülərə tabe olurdu, bir şərtlə ki, güclülər zəiflərin özlərindən də zəifləri əzməyə kömək etsin. Gözü yaşlı möminlər peyda oldu, bu adamların yanına gəlib onlara onların qürurundan, həddlərini aşdıqlarından, ahənglikdən və utanmazlılarından danışırdı. Adamlar onları daşa basır ya da üstlərinə gülürdü. Kilsə kandarlarında müqəddəs qan axıdılırdı. Əvəzində bəziləri baş sındırmağa başladı: yenidən necə birləşək ki, hər kəs özünü sevməyə davam etsə də, başqalarına mane olmasın, beləliklə də yekdil cəmiyyətdə yaşamaq mümkün olsun. Bu fikir böyük savaşlara yol açdı. Savaşanların hamısı elmin, müdrikliyin və özünüqoruma hissinin insanı yekdil və ağıllı birliyə, nəhayət ki, məcbur edəcəyinə qətiyyətlə inanırdı. Buna görə də hələlik, işin surətləndirilməsi naminə “müdriklər” onların fikirlərini anlamayanları və bu ideyanın zəfərinə mane olan bütün “namüdrikləri” qırmağa çalışdı. Lakin özünüqoruma hissi sürətlə zəifləməyə başladı, kəbirli və şəhvətpərəst adamlar ortaya çıxıb ya hər şey — ya heçnə açıqca tələb etdi. Hər şeyi ələ keçirmək üçün cinayətə əl atır, o da alınmayanda – intihar edirdilər. Heçlik və əbədi sakitlik naminə yoxluq və özünüməhvetmə kultlarını ehtiva edən dinlər yarandı. Nəhayət, bu adamlar mənasız işdən yoruldu, sifətlərində əzab göründü. Elan etdilər ki, yalnız əzabda məna olduğu üçün əzab gözəllikdir. Mahnılarında əzabı tərənnüm etdilər. Mən onların arasında çarəsizcə gəzir, ağlayır, amma onları sevirdim, bəlkə də sifətlərində əzab olmadığı, məsum və gözəl olduqları vaxtdan da çox sevirdim. Bura bədbəxtlik gəldiyinə görə bu murdarladıqları torpaqlarını cənnət olduğu vaxtdan da çox sevdim. Əfsuslar, həmişə dərd-qəm sevmişəm, ancaq yalnız özüm üçün, özümə görə, onların bu gününə isə ağlayırdım, yazığım gəlirdi.
Çarəsiz qalıb onlara yalvarırdım, özümü təqsirləndirir, lənətləyir, özümə nifrət edirdim. Deyirdim ki, bunların hamısını mən eləmişəm, yalnız mən deyirdim — əxlaqsızlığı, çirkinlik və yalanı onlara mən gətirdim! Yalvarırdım ki, məni çarmıxa çəksinlər, onlara xaç düzəltməyi öyrədirdim. İntihar edə bilmirdim, buna gücüm çatmırdı, amma onların əlində əzab çəkmək istəyirdim, əzab həsrətindəydim, son damcısınadək qanımı bu əzablarda axıtmaq istəyirdim. Onlar isə sadəcə mənə gülür, axırda da məni dəli saymağa başladı. Mənə haqq qazandırırdılar, yalnız öz arzuladıqlarına çatdıqlarını, olub keçənlərin hamısının mütləq olası olduğunu deyirdilər.Nəhayət, mənə elan etdilər ki, onlara təhlükəli oluram, ağzımı yummasam dəlixanaya salacaqlar. O an kədərdən ürəyim elə sıxıldı ki, indicə öləcəyəmi hiss etdim və bu vaxt... bax, buradaca oyandım. Artıq səhər açılmışdı, hava hələ işıqlanmasa da saat altı radələriydi. Həmin kürsüdə oyandım, şamım əriyib təmiz qurtarmış, kapitangil də yatmış, mənzilimizdə nadir hal olan bir sakitlik ətrafı bürümüşdü. Fövqaladə təəccüb məni cəld yerimdən qaldırdı; hətta cüzi dərəcədə heçvaxt başıma belə şey gəlməmişdi: məsələn, hələ heçvaxt mən kürsüdə beləcə yuxuya getməzdim.
Ayağa qalxıb özümə gələnədək birdən tapançam gözümə sataşdı, hazır vəziyyətdə, doldurulmuş — amma cəld onu özümdən itələdim! Ooh, indi yaşamaq və yaşamaq! Əllərimi qaldırıb əbədi Həqiqəti səslədim, yox, səsləmədim — ağladım. Fərəh, hədsiz bir fərəh bütün varlığımı sarırdı. Bəli, həyat və xütbə! Xütbə haqqda elə o dəqiqə qərara gəldim və əlbətdə ki — ömürlük! Vəz etməyə gedirəm, vəz etmək istəyirəm. Nəyi? Həqiqəti, çünki onu görmüşəm, öz gözlərimlə görmüşəm, onun bütün əzəmətini görmüşəm! O vaxtdan da vəz edirəm! Bundan başqa — hamını sevirəm, mənə gülənləri isə hamıdan çox sevirəm. Niyə belə — bilmirəm, izah da edə bilmirəm, ancaq qoy belə də olsun. Onlar deyir ki, mən artıq indi də çaşıram, yəni, indi də belə çaşıramsa, get-gedə nə olacaq? Doğrudur: çaşıram, ola bilsin, vəziyyət getdikcə də pisləşəcək. Əlbəttə, necə vəz etməyi tapıb öyrənənə qədər bir neçə dəfə çaşacağam da, çünki ona əməl etmək olduqca çətindir. Bunun hamısı mənə elə indi də gün kimi aydındır, amma baxın — kim çaşmır, kim səhv etmir ki?!
Amma yenə də hamı eyni şeyə can atır, aqildən tutmuş son qulduradək, sadəcə fəqli yollarla. Bu köhnə həqiqətdir, içində yeni olan isə budur ki, çox yanlışlıq da edə bilmərəm axı. Çünki həqiqəti görmüşəm, görmüşəm və bilirəm ki, insanlar yerdə yaşamaq qabiliyyətlərini itirməmiş gözəl və xoşbəxt ola bilər. Pisliyin insanların normal halı olmasına inanammıram, inanmaq istəmirəm də. Bax elə bu inamıma da hamı gülür. Bəs necə inanmayım axı: mən Həqiqəti görmüşəm, uydurmamışam — görmüşəm, görmüşəm və onun canlı obrazı, surəti qəlbimə həmişəlik həkk olub. Mən onu elə bütöv, kamil görmüşdüm ki, insanlarda onun olmamasına inanammıram. Deməli, necə çaşa bilərəm? Kənara çıxacağam, əlbəttə, hətta bir neçə dəfə çıxacağam, bəlkə özgə sözlərlə də danışacağam, amma çox az: gördüyümün o canlı surət həmişə mənimlə olacaq və səhvimi həmişə düzəldib mənə yol göstərəcək. Ooh, mən gumrah və təravətliyəm, gedirəm, gedirəm, lap min il getməyə hazıram. Bilirsinizmi, əvvəlcə onları mən yoldan çıxartdığımı gizlətmək istəyirdim hətta, ancaq bu yanlışlıq idi, artıq ilk yanlışlıq! Həqiqət isə yalan danışdığımı pıçıldadı mənə və məni qorudu, düz yola yönəltdi. Amma cənnəti necə təşkil edim — bilmirəm, çünki onu sözlə ifadə edəmmirəm. O yuxumdan sonra sözləri itirmişəm. Hər halda, bütün əsas, zəruri sözləri. Amma — olsun: gedib yorulmadan hey danışacağam, çünki necə olmasa da axı öz gözlərimlə görmüşəm. Mənə gülənlər də elə bax bunu başa düşmür, deyirlər: “Yuxu görübmüşsən, sayıqlama, qarabasma imiş”. Eh, güya bunlar ağıl dəryasıdır.
Elə də öyünürlər ki! Yuxu? Nə deməkdir yuxu? Həyatımız bəs yuxu deyil? Bundan da artıq deyəcəyəm: qoy, qoy bu heçvaxt həyata keçməsin və yer üzündə heçvaxt cənnət olmasın (axı bunu ki daha anlayıram!) — yenə də vəz edəcəyəm. Halbuki bu o qədər də çətin deyil: bircə gündə, bircə saatda hər şey dərhal düzələ bilər! Əsas məsələ --başqalarını özün kimi istə, bax, əsas şey budur, vəssalam, artıq heçnə lazım deyil — o saat hər şeyin yolunu tapacaqsan. Halbuki bu — milyon dəfə təkrarlanıb oxunulan, ancaq baş tutmayan köhnə həqiqətdir! “Həyatı dərketmə həyatdan üstündür, xoşbəxtlik qanunlarını bilmək — xoşbəxtliyin özündən üstündür” — bax, bu fikirlə savaşmaq gərək! Savaşacağam da! Hamı istəsə, elə indi hər şey düzələr. O, balaca qızı isə axtarıb tapdım... Gedəcəyəm də! Gedəcəyəm də!