Qorxularınıza sinə gərin

Son güncelleme: 11.09.2014 12:12
  • Qorxuya sinə gərmək, onu ram etmək və onun əleyhinə hərəkət etmək bacarığınız xoşbəxtlik və uğurun açarıdır. Praktiki təlim olaraq ən yaxşısı, qorxduğunuz adam və ya situasiyanı müəyyən etmək və bu qorxunun öhdəsindən gəlmək üçün dərhal işə keçməkdir. Həyatınızı növbəti dəfə zəhərləməsinə imkan verməyin. Qorxduğunuz adam və ya situasiyanın öhdəsindən gəlin və qorxunuzu ram edin.

    Seminarlarımın birində bir qadın, rəisinin çox neqativ adam olduğunu dedi. İdarənin ən yüksək səviyyəli işçilərindən biri olmasına baxmayaraq daim onu tənqid edir və lazımınca qiymətləndirmirdi. Bütün bunlar qadının peşəkar həyatını cəhənnəmə çevirmişdi. İşindən vaz keçmək istəmirdi və etirazını bildirməyə də cəsarət etmirdi. Məndən nə etməsinə dair məsləhət istədi. Mən ona, sonralar çox adama verdiyim bir məsləhəti verdim: bir insanın digərinə təzyiq etməsinin yeganə səbəbi həmin adamın bu işin cavabsız qalacağına əmin olmasıdır. Təzyiqin öhdəsindən gəlməyin yeganə yolu cavab vermək, qarşıdurmaqdır.

    Başqasına təzyiq edənlər əslində daxilən qorxaq adamlar olurlar və qarşıdurmaya cəsarətləri çatmır. O növbəti dəfə sizi tənqid edərək təzyiqə məruz qoyanda inamla onun gözünün içinə baxın və cəsarətlə: «Mənimlə bir daha bu tonda danışmamağınızı xahiş edirəm. Çünki bu mənim şəxsiyyətimə toxunur və işimi siz istəyən səviyyədə görməyimə mane olur!» deyin. Bu sözləri dedikdən sonra da onun gözlərinə baxmaqda davam edin.

    Qadın cəsarətli oldu. Növbəti dəfə rəisi onu tənqid edərkən həmişəki kimi susmaq əvəzinə həmin sözləri deyərək onun təzyiqinin qarşısını aldı. Bundan sonra nə baş verdiyini mənə məktubunda yazdı. Kəskin cavabla üzləşən rəis donub qalmışdı. Özünə gəldikdə isə dərhal üzr istəyib öz otağına qayıtdı. Və bir daha heç zaman onu tənqid etmədi. Qadın cəsarətini toplayıb bir dəqiqəlik işi indiyə kimi görməyərək bu qədər vaxtı özünə əziyyət verərək təzyiqə dözməsinə görə təəssüf edirdi. Eleanor Ruzveltin dediyi kimi: "Özümüz imkan verməsək kimsə bizə təzyiq göstərə bilməz."


    Mənbə: «Brayan Treysi Daxili İntizamın Gücü» (Brian Tracy - The Power Of Self-Discipline) kitabı.

    alıntı
#11.09.2014 12:12 0 0 0