Düşmən qoşunundan bəzisi imam Hüseynin (ə) şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə, İmam (ə) fəryad edib buyurdu: “Əgər dininiz yoxdursa və Qiyamətdən qorxmursunuzsa, heç olmasa dünyada qeyrətiniz olsun!”.
Aşura günü İmam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: «Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram».
Aşura günü İmam Hüseyn (ə) buyurdu: «Agah olun, bilin ki bu zinazadə oğlu zinazadə (ibni Ziyad) iki şeyin arasında saxlayıb: ya zəlilcəsinə beyət edim, ya da qılıncla doğranım. Heyhat-heyhat, zillət bizdən çox-çox uzaqdır!».
Aşura günü İmam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: «Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır».
Ölüm alçaqlıqdan yaxşıdır.
İmam Hüseyn (ə) buyurubdur: “İzzətlə ölmək, zillətlə yaşamaqdan yaxşıdır. Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm”.
İmam Hüseyn (ə) buyurub: “Mənim şənim, ölümdən qorxan adamın şəni kimi deyil”.
Başqa bir yerdə buyurub: “Məni ölümlə qorxudursunuz? Afərin, Allah yolunda ölümə”.
On birinci əsrin şairlərdən biri İmam Hüseynin (ə) dilindən belə söyləyir:
“Əgər Muhəmmədin (s) dini mənim ölümümlə qalarsa, ey qılınclar, doğrayın məni!”.
Peyğəmbəri Əkrəm (s) buyurub: «Hər kəs öz meyli ilə zilləti qəbul etsə, biz Əhli-beytdən deyil».
Allahın Rəsulu (s) buyurubdur: “Əgər bir şəxs eşidə ki, bir nəfər fəryad edir: “Ey müsəlmanlar, yetişin mənim dadıma!”. Əgər ona cavab verməzsə, müsəlman deyildir”.
İmam Hüseyn (ə) buyurub: “Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə, Allahın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın”.
Aşura günü imam Hüseyn (ə) buyurub: «Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itrətini (Əhli-beytini) müdafiə edəcək bir müdafiəçi varmı?».
“Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız”. (“Ali-İmran” surəsi, ayə 92)
Aşura günü imam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni».
Şair nə gözəl deyib:
Hökm et, ey mənim Pərvərdigarım, hər necə ki, istəyirsən,
Həzrət Əlinin (ə) məktəbinin yetirməsi olan Həzrət Zeynəbin (s) böyüklüyü, imanının gücü, öz xaliqinə müti olmağı o dərəcəyə yetişmişdi ki, Aşura günündə isti Kərbəla çölündə tikə-tikə doğranmış əziz və istəkli qardaşının başı üzərində duraraq, öz Allahına xitab edir: “İlahi, bizdən bu qurbanı qəbul et”.
İbn Ziyad Kufədə küdurət və qəzəblə Həzrət Zeynəbi-Kubraya (s) dedi: “Allahın əmri və işini qardaşın və ailənlə necə gördün?”. İmam Hüseynin (ə) məktəbinin davamçısı olan Həzrət Zeynəb (s) İbni Ziyadın sözünün qarşısında belə buyurdu: “Mən gözəllikdən başqa bir şey görmədim”.
(İstinad: İmam Hüseyn (ə) barəsində hədislər)
Hazırladı: Zəhranur Qüdsi