Küsuf namazı günəş və ay tutulduğu zaman qılınan iki rükətli namazdır. Rəvayət edilir ki, Muğira ibn Şobə demişdir: "Peyğəmbər - ona və ailəsinə Allahın salavatı olsun - zamanında oğlu İbrahim vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölümünə görə tutulmuşdur”– dedilər. Belə olduqda, Peyğəmbər dedi: “Günəş və ay kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın və Allaha dua edin!” (əl-Buxari, 1043).
Günəş və ya ay tutulanda “Camaat namazına toplanın” deyib car çəkmək müstəhəbdir. Abdullah ibn Amr rəvayət edir ki, Peyğəmbər zamanında günəş tutulduqda uca səslə deyilmişdi: “Camaat namazına (toplanın)!” (əl-Buxari, 1045).
Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır. Rəvayət edilir ki, Aişə demişdir: «Peyğəmbərin sağlığında günəş tutuldu. O, məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O, təkbir (Allahu əkbər) deyib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” – deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu, birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra “Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl həmd” – deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə, o, dörd rükəti, dörd səcdə ilə tamamladı. Peyğəmbər namazını bitirmədən öncə günəş də görsəndi». (əl-Buxari, 1046).
Küsuf namazından sonra xütbə vermək müstəhəbdir. Rəvayət edilir ki, Aişə demişdir: “Peyğəmbər zamanında günəş tutuldu və buna görə də Peyğəmbər camaata namaz qıldırdı. Namazda qiyamı (Quranın qiraətini) uzatdı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, “Allahu Əkbər”– deyin, namaz qılın və sədəqə verin...” (əl-Buxari, 1044).