İslamdan öncə qadının dini vəziyyəti, onlara edilən təzyiqləri və hansı zülmlərə məruz qaldığını düşünürəm ki, burada qeyd etməyə ehtiyac yoxdur. Çünki mövzu ilə əlaqəli əsərlər olduqca çoxdur. Faydalı və etimadlı məlumat üçün Diyorantın "Mədəniyyətin hekayəsi" adlı əsərinə baxmaq yetərlidir. Biz də mövzumuzla əlaqədar olaraq İslamdan əvvəl Ərəblərdə qadının durumu mövzusunda bu əsərdən faydalandıq. Bizim fikrimizcə kitabın ən önəmli nöqtəsi, İslamın qadına böyük dəyər verməsi, evdə yaxud bayırda da ona böyük məsuliyyətlər yükləməsi və sosial həyatda qadının faydalı, ciddi işlərə qatılmasını ifadə etməsidir. Əsrlər keçdikcə müsəlman qadınının durumu get-gedə zəifləmiş, bu zəiflik, hicri XIV əsrin əvvəllərində qorxunc bir hala gəlmişdir. Bu vəziyyətə gəlindiyində, İslam toplumu qərb mədəniyyətinin təsirinə, müstəmləkə əsrinin elə başlanğıcından etibarən girməyə başladı. Bu vəziyyət toplumda iki zidd qütbün yaranmasına yol açdı. Bu qütblərdən biri qərbi kor-koranə təqlid edən qisim, digər qütb isə atalarını və onlardan qalan mirası eyni şəkildə təqlid edən qisim. Yıxıcı təsirlərin sonunda hər iki qrup da qadının şəxsiyyəti mövzusunda öz görüşünü mütləqləşdirərək digər qrupun görüşlərinə qarşı cəbhə açdı. Bu mübarizənin nəticəsi olaraq İslam toplumunda bir-birinə daban-dabana zidd iki eyni tip ortaya çıxmışdır. Belə ki, bir qismi tamamən Allahın şəriətinə əməl edərkən, digər qismi onu pozmağa girişmişdir. Məqsədimiz –səmimi alimlərin çalışmalarından istifadə edərək- qadının şəxsiyyətini İslamın nəzərə aldığı səviyyəyə gətirmək, müsəlman toplumda yenidən sağlam ailəvi nüvələr təşkil etmək və hər baxımdan inkişaf etmiş bir toplum olma yolunda atılmış addımları sürətləndirməkdir.
Şariin Quran və ya Sünnətdəki xitabında qadın və kişi bərabər hüquqludur. Bu xitab, insanı dəyərlərdən başlayaraq cəzai məsuliyyətlərin açıqlanmasına doğru bir seyir təqib edir. Təbii ki, burada Şariin izah etdiyi bir qisim fərqlər də vardır. Əsl olan bərabərlikdir. Fərqlər əslə görə istisnadır. Bu əsli pozmaq, Allahın dininə düşmənlik və böyük bir xətadır.
Bərabərlik haqqında İmam İbn Rüşd deyir ki: "Qadın və kişi təməldə birdir. Fəqət aralarında şərən bir qisim fərqlər vardır."
Allah-təala, bəzən qadınlara kişilərlə bərabər xitab edir. Bu Allahın həm bir fəzli, həm də bərabərliyə verdiyi önəmin göstəricisidir.
Kişi və qadının əsli birdir. Allah-Təala bu barədə belə buyurur:
"Ey insanlar! Sizi tək bir kəsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeyləri) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!". (Nisa surəsi, ayə-1)
Qadının insani mükəlləfiyyətləri barədə Allah-təala buyurur:
"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər üçün ki, ayaq üstündə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimmiz! Sən bunları boş yerə yaratmamısan! Sən paksan (müqəddəssən)! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın kəsi, əlbəttə, rüsvay edərsən və zalimlərə kömək edən olmaz! Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə iman gətirin!" –deyə imana çağıran bir kimsəni (Peyğəmbəri) eşidən kimi imana gəldik. Ey Rəbbimiz! Artıq günahlarımızı bağışla, pis əməllərimizin (qüsurlarımızın) üstünü ötr və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!" Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə) hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Mükafatın (savabın) yaxşısı Allah yanındadır!" (Ali-İmran surəsi, ayə-190-195.)
"Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çəyirdəyi qədər haqsızlıq edilməz!". (Nisa surəsi, ayə-124)
"Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!". (Mümin surəsi, ayə-40)
Qadının cahiliyyə zülmündən qurtarılması:
-Qadını, ilk doğuşunda qız doğdu deyə aşağı görməkdən qurtarmaq.
-Qadını, zəlil, xor görülməkdən qurtarmaq.
-Qadını, utanma ya da fəqirlik qorxusuyla öldürülməkdən qurtarmaq. Allah-təala buyurur ki:
"Onlardan birinə qızı olması ilə müjdə verildikdə qəzəblənib üzü qapqara qaralar. Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha istinad edirlər)". (Nəhl surəsi, ayə-58-59)