Dindarliq

Son güncelleme:

  • İslam dininin israfçılığa, yersiz xərc çəkməyə münasibəti isə birmənalıdır. Ulu Tanrı müqəddəs Kitabında buyurur: "Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf, 31). Yaxud: "Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!" (İsra, 26-27). Peyğəmbərimiz Məhəmməd salavatullah buyurur: "Ye, iç, geyin və sədəqə ver! Ancaq israf etmə və qürrələnmə!" Qurani-kərimin başqa ayələrində, həmçinin digər hədislərdə də israfçılıq birbaşa qadağan edilir. Elə isə Allahın buyruğuna əməl etməyib qadağan etdiyi yolla getmək dinsizlik deyil, bəs nədir?

    İsrafçılar bununla da kifayətlənmirlər. Bu gün qəbiristanlıqlarımız açıq səma altında heykəltaraşlıq emalatxanasını xatırladır. Burada da "yarış" gedir - qəbirüstü abidələr "yarış"ı. İmkandan asılı olaraq adi başdaşı qoyanlar da var, bir-birindən dəbdəbəli heykəllər ucaldanlar da. Qınayan olmasa, qəbirüstü villalar da tikərlər. Bütün bunların isə qəbirdə uyuyanlara heç bir dəxli yoxdur. Axı onlar bu dünyada deyil, haqq dünyasında, Tanrının dərgahındadırlar! Elə isə bu dəbdəbə kimə lazımdır?

    Dinimiz bütün vəziyyətlərdə orta mövqe tutmağın tərəfdarıdır. Yenə də müqəddəs Kitabımıza müraciət edək. Allah-taala buyurur: "Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar" (Furqan, 67). Yaxud: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə aç! Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (İsra, 29). Tanrının buyuruqları tamamilə aydındır. Uca Yaradan həm israfçılığı, həm də xəsisliyi qınayır, müsəlmanın əməl etməli olduğu düzgün yolu göstərir. Bu, yas mərasimlərinə də aiddir. Yas məclisində mütləq yemək-içmək verilməlidir? Axı bir stəkan çay da ehsandır! Görəsən, bizdən başqa hansı müsəlman ölkəsində bu cür "dəb" mövcuddur?

    İsrafçılıq təkcə yasda yox, toy mərasimlərində də "vüsət" alıb. Övlad toyu görmək hər bir valideynin arzusudur. Amma toy bədxərclik üçün əsas vermir. Hər şeyin hədd-hüdudu olmalıdır. Bizdə isə tərsinədir. Şadlıq evlərində qiymətlərdən danışmağa dəyməz. Üstəlik, imkanlı adamlar elə bil bəhsə girib daha dəbdəbəli toy etmək üçün marafona çıxıblar: bahalı restoranlar, bahalı müğənnilər, bahalı toy maşınları... Hələ bununla kifayətlənməyib xaricdən müğənni dəvət edənlər də var. Bir nəfərin yemək-içmək haqqı da kəlləçarxa vurur. Bir neçə saatdan sonra toy qurtarır, stolların üstü isə yemək-içməklə doludur... Bütün bu artıq xərci başqa xeyirxah işlərə yönəltmək olmazmı? Axı köməyə ehtiyacı olanlarımız da var!

    Yəqin ki, yuxarıda deyilənlərə etiraz edənlər də tapılar: öz pulumuzdur, hara xərclədiyimizi özümüz bilərik. Belələri başa düşməlidirlər ki, atalar demişkən, "sirkə nə qədər tünd olsa, qabını çatladar". Var-dövlətin axırı yoxdur. Bu dünyadan gedənlər özləri ilə heç nə aparmayıblar. Qurani-kərimdə məhv olmuş sivilizasiyalardan söhbət açılır və göstərilir ki, bu mədəniyyətlərin süqutu həmin cəmiyyətlərdəki varlı təbəqələrin mənəvi fəsada uğramasından başlayır: "Biz bir məmləkəti məhv etmək istədikdə onun (naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) çox pis işlər törədərlər. Beləliklə, (o məmləkətlərə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik" (İsra, 16).

    Cəmiyyətimizdə pis "ənənə"nin kök salmasına rəvac verənlər düşünməli, gördükləri əməllərin mahiyyətini dərk etməlidirlər. Onsuz da onların bu əməllərini bəyənən yoxdur

    alıntı

    https://www.main-board.com/islami-movzular/795882-dinsizlik-yoxsa-qudurganciliq.html#post5185573
0 0 0