Bir gün gələn bir gün gedir. Bu ki həqiqətdir. Həyatın axarı belədir. İnsan bu dünyaya gələndə sevinirik, o dünyaya köçəndə kədərlənirik. Ayrılıq ağırdır. Amma bununla barışmaqdan başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi isə gedəni son mənzilə yola salmaqdır. Özü də necə? Müsəlman olduğumuza görə şəriət qaydalarına əməl etməklə! Bu en yaxşı seçimdir.
Təəssüf ki, son vaxtlar dəfn, yas mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğuran məsələ kimi gündəliyə gəlib. Ölü sahibi mərhumun dəfni üçün qəbir yeri tapmaqdan tutmuş yas mərasiminin keçirilməsinədək əzab-əziyyətlə dolu bir prosesi yaşamalı olur. Xüsusilə Bakı şəhərində bu problem artıq ciddi xarakter alıb. Məlum səbəblər ucbatınqdan paytaxtın əhalisi xeyli artıb. Bakının hazırkı infrastrukturu bu qədər əhali üçün açıq-aşkar azlıq edir. O cümlədən mərhumları dəfn etmək üçün qəbiristanlıqda yer almaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlir. Mövcud qəbiristanlıqlar doludur, yer qıtdır. Yeni qəbiristanlıqlar da elə çox deyil. Amma ölünü dəfn etmək lazımdır! Müsəlmanın cənazəsi ortada qala bilməz. Bax elə buradaca dinsizlik başlayır. Qəbir yeri almaq üçün ölü sahibinin qəbiristanlığın rəhbərliyinə rüşvət verməkdən başqa yolu qalmır. Qəbir yerini satmaq isə haramdır!
Hələ bu harasıdır? Ən çətini yas mərasiminin keçirilməsidir. Yası yola vermək üçün yer tapmaq, yaxud çadır qurmaq və ehsan verməkdən ötrü külli miqdarda xərc çəkmək lazım gəlir. Məbləğlər böyükdür, həm də müxtəlifdir - baxır olü sahibinin imkanına. Kasıb vəziyyətdən çıxmaq üçün son qəpiyindən belə keçməli olur, hətta başqalarına ağız açıb borca-xərcə düşür. Varlının isə heç bir çətinliyi olmur. Əksinə, hansı var-dövlətin sahibi olduğunu nümayiş etdirmək üçün əlinə, bir növ, fürsət düşür. Açdığı yas süfrəsində bircə quş südü çatışmır: cürbəcür yeməklər, şirniyyatlar, meyvələr, içkilər... Elə bil ki, ərzaq məhsulları sərgisidir! Guya ki, bununla mərhumu çox istədiyini sübut etmək istəyir. İfratçılıq, israfçılıq baş alıb gedir. Özü də bütün bunları din adına edir.
Doğrudanmı bütün bunların dinə, şəriətə dəxli var? Əslində isə dini baxımdan vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün dörd əməli yerinə yetirmək vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn. Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Amma dəfndən sonra ehsan vermək kimi bir hökm yoxdur. Ehsan yaxşılıq mənasındadır. Ehsan kasıblara verilməlidir. Elə isə yas mərasimi keçirib kasıba da, varlıya da ehsan vermək nə dərəcədə düzdür? Bir də görürsən ki, yas məclisinə gələn varlı-hallıları ayrıca əyləşdirir, onlara başqalarından fərqi, "xüsusi xidmət" göstərirlər. Bilmək olmur ki, bu, yas mərasimidir, yoxsa qonaqlıq. Axı qonaqlıq vermək üçün restoran, kafe kimi başqa yerlər var! Varlı şəxs bu cür hərəkəti ilə başqalarına pis nümunə göstərir. Digər sərvət sahibləri də yarışa girirmiş kimi ondan geri qalmaq istəmirlər. Beləcə, yeni "ənənə"nin əsası qoyulur və bu "ənənə" getdikcə bütün cəmiyyətə sirayət edir.