İndi isə hazırlaşım, Torpağa qarışmaq üçün

Son güncelleme: 11.08.2015 11:32
  • Həyat hekayələri - İndi isə hazırlaşım... - Torpağa qarışmaq üçün...

    Bu dəfə yuxudan bir az fərqli yerdə oyanmışdım. Bu dəfə öz sonum üçün sonuncu dəfə yuxudan oyanmışdım...
    Anlıq gələn xoşbəxtlik hər nəfəsdə özü ilə ölüm gətirirmiş, demə. Beynim zəhərləndikcə neştərim daha güclü qurban axtarırdı. Qurban öz bədənim, xilaskar olmaq istəyən çox idi. Bəs mən? Mən xilas oldum? Xilas olmuş adam bu sözləri dənizin kənarında bağıra-bağıra, əllərini suda hiss edib, dalğaları cırmaqlayıb deyərdi. Amma mən ruhumun içində boğuluram. O ruh caynaqlı əlləri ilə üstümə hücum çəkir. Yaşamaq üçün görünməyən varlıqla qumar oynayıram. Ortaya can qoymuşam.

    Niyə burda qaranlıqdır? Həmişə ayılanda gözlərimi ovuşdurana kimi anamın əli dəyən pərdədən nur yayılırdı otağıma. Bəs hanı əllər? Ya da nur? Bəs gözlərim hardadır? Bəlkə hələ də ayılmamışam hə? Bəlkə də ruh dediyim cəllad özüm idim.

    Bu dəfə əllərimi tapmadım gözlərimi ovuşdurmağa, gözlərim də yox idi ki, əllərimi görüm...

    Yuxuda olanda səsinə oyandığım ayaqların taqqıltısına möhtac idim burda. Öz səssiz uğultum ağzıma möhür vurmuşdu. Bir səs lazımdır indi, bir nəfəs, hiss edəcəyim toxunuş lazımdır.

    Yanaqlarım yaşdır. Yağış yağır bəlkə? Yəqin gözlərim axır üzümə... Məhv olmuş həyatı bir də və birdəfəlik bitirmək üçün tabuta yerləşdirmək bu qədər asan idi? İndi bu qara yer məni öz bataqlığında yox edir, baxın. Son oyanış idi bu. Təkcə bu oyanış yerin altından məni xilas edəcək, bilirəm. Qoy bu yuxu sakit ruhumu damarların əsirinə çevrilən bədənimdən alıb aparsın.

    İndi isə hazırlaşım... Torpağa qarışmaq üçün...

    Nərgiz Nənə
#11.08.2015 11:32 0 0 0