Kişilərdən elə hərəkətlər görürdüm ki - Leyla Əhmədova

Son güncelleme: 25.08.2015 11:50
  • tanınmışların həyatı - bir modelyerin dilindən

    noimage

    müsahibimiz tanınmış modelyer-dizayner Leyla Əhmədovadır.

    - Əl işləriniz kimi, imiciniz də maraqlı, fərqlidir. Dəbli hicab formalarından istifadə edirsiniz. Bildiyimə görə, hicabda olmağınız birmənalı qarşılanmır...

    - Hərdən ordan-burdan qulağıma söz-söhbətlər çatır. Deyirlər ki, müsəlman qadın başına papaq qoymaz, bu cür bağlamaz, rəngli geyinməz. Hər şeylə razıyam. Lakin hələlik özümü belə görürəm, dəbli, müasir modelyer kimi başımı müasir bağlayıram. Allahın qarşısında cavabım necə olacaq bu, gələcəyin söhbətidir.

    - Bəzi insanlarda belə bir təsəvvür var ki, başını bağlayırsa, deməli, yaxşı qadındır...

    - Hər zaman öz həyatımı izləyirəm. Çünki Azərbaycanda çox tanınmış ailəm var. Həyatımı elə qurmuşdum ki, mənə zərər gəlməsin. Heç zaman düşünülməmiş hərəkətlər etməmişəm. Ailəmə, uşaqlarıma, işimə bağlı insanam. Hər şeydə balansı gözləyirəm, çalışıram ki, işdə, ailədə, sevgidə də balans olsun. Heç vaxt sevgimi həddən artıq, açıq-aydın bəlli etmirəm. Hətta ana kimi övladlarıma da bağlılığımı bildirmirəm. Ürəyimdə çox sevirəm, amma üzə çıxarmıram.

    - Niyə?

    - Bilmirəm. Ürəyimdə çox sevdiyim işçilərim var. Amma heç vaxt üzə vurmuram. Çünki insan ruhu uyar, bilərlər ki, onları çox istəyirəm, o sevgi insanı düz yola aparmaz.

    - Yəni, sevginizdən sui-istifadə edərlər?

    - Bəli. O da ola bilər. Ona görə də hər şeydə balans gözləyirəm. Ən əsası, dürstülyə çox fikir verirəm.

    - Hicaba keçəndə ailəli idiniz?

    - Xeyr. İslama gələndən 3 il sonra ailə qurdum.

    - Demək, o, bu mövzuda sizi dəstəkləyən insandır.

    - O da mənimlə eyni düşüncənin insandır. Nə modelyer, nə da başımı bağlamağımla onun diqqətini cəlb etməmişəm. Həyat yoldaşım hər zaman mənə deyir ki, “səni Leyla kimi sevirəm”. Təsadüfən işbirliyimiz oldu. İşgüzar münasibətimiz sonradan şəxsi həyatımızda sevgiyə çevrildi.

    - Bir modelyer xanım iş adamının diqqətini necə cəlb edib?

    - Xanımlığım, alicənablığım, gözəlliyim, bir qadın kimi gözündə şirin görünməyimlə. Sənətimə çox hörmət edir. Təbii ki, bütün ailələrdə olduğu kimi, kiçik söz-söhbət, müzakirələr olur. Çox şeyi şişirtmirəm, amma bəzi şeylərin üstündən də keçmirəm. Özümü heç vaxt təzyiq altında qoymaram. Hər zaman, hər yerdə sözümün arxasında dayanıram, hüquqlarımı müdafiə edə bilirəm.

    - Neçə yaşında ailə qurmusunuz?

    - İlk evliliyim 18 yaşımda olub. 19 yaşımda artıq qızım var idi. Amma gördüm ki, o insanla həyatımı davam edə bilməyəcəm. Sevgisiz ailə qurmuşdum. Qərarı atam vermişdi, mən də sözünü yerə salmadım. O insan məni başa düşmürdü, kobud, yaradıclıqdan uzaq, mənimlə əks düşüncəli biri idi, başqa-başqa dünyanın insanlarıydıq. Ona görə ailəm qərara gəldi ki, boşanaq. Kişilər yaradıcı qadınları qısqanırlar, onları anlamırlar. O da elə idi. Mənim incəsənətdə olmağıma çox pis baxırdı, ortaya boş-boş söhbətlər düşürdü. İntellektual səviyyəmiz fərqli idi. Əgər indiyədək o insanla qalsaydım, bu gün nə tanınardım, nə də işimi, fəaliyyətimi davam etdirə bilərdim.

    - Ailənin uzun müddətli olmasında sevginin rolu nə qədərdir?

    - Təbii ki, ən böyük rolu sevgi oynayır. Sevginin içində olan hörmətdir, hörmətin içində düşüncələr, düşüncələrin içində həyatı düz dərk etmək, bir-birinə anlayışla yanaşmaqdır. Bunlar hamısı bir zəncirdir. Ailədə hər zaman söz-söhbətlər olur. Söz- söhbətlərin nəticəsində hər iki insan düz qərara gəlməlidir. Çox zaman kişi qadınını sıxışdırır, onun həyatını özünə aid olan şeylərə bağlamaq istəyir. Elə qadınlar var ki, kişi “dur” deyir durur, “otur” deyir oturur. Bəziləri güzəştə gedib yaşayırlar. Hər şeyi düşünüb dərk edib, iki addım qabağa, bir addım arxaya prinsipi ilə yaşamaq lazımdır. Edə bildinsə, həyatın davam edəcək, bilmədinsə, tələyə düşəcəksən. Belə bir misal var - axmaqlar öz səhvlərindən öyrənir, ağıllılar isə başqalarının səhvlərindən. Tələsmək olmaz, həyatda düşünərək addım atmalısan.

    - Adətən ailənin dağılmasına uşağın varlığı mane olur. Siz bu barədə nə düşünürsüz?

    - Öz həyat təcrübəmdən deyə bilərəm ki, mənim övladım oldu, amma bununla da ailəm bərkimədi. Ailənin uzun müddətli olması üçün kişi və qadın bir-birinə qovuşmalıdırlar. Bir kişi ilə uzun müddət yol getmək, onun fikir, istəkləri ilə oturub-durmaq, onun ailə çərçivəsində arzuolunan xanım olmaq çox çətindir. Bunun üçün siyasət olmalıdır. Elmli və həyatı düz dərk edən insan ailəni əlində saxlaya bilər. Amma eqoistlik, dar düşüncəlilik insanların ayrılmasına səbəb olur.

    Mənim ilk həyat yoldaşımın ailəsi, çərçivəsi çox gözəl idi. Qayınanam, baldızlarım, qayınatam yaxşı insanlardır. Amma heyvərəsiz ailə olmaz. Valideyn uşağa çox bağlananda, hər istədiklərini edəndə, uşaq elə bilir ki, onun həyat tərzi belə olmalıdır, onun istəkləri ilə oturub-durmaq lazımdır. Birinci həyat yoldaşım belə insan idi. Ona görə də bizim həyatımız pozuldu. Çünki o istəyirdi ki, mən ancaq onun dedikləri ilə oturub-durum. Eqoist, dar çərçivədə düşünən biri idi.

    - Çox zaman ilk ailəsi uğursuz olan qadınlar ikinci dəfə ailə qurmaqdan çəkinir. İkinci dəfə ailə qurmaq qərarı vermək çətin olmadı?

    - Düz düşüncə deyil. Allah qadını kişinin qabırğasından yaradıb. Ona görə də qadın tək qalmamalıdır. Hər qadın sevgi, qayğı, kiməsə sığınmaq istəyir. Tək olmaq qadın üçün də, kişi üçün də çətindir. Bir dəfə sənin həyatın düz gəlmədi, 2-ci, 3-cü dəfə də həyat qura bilərsən. Təbii ki, birinci dəfə ailə həyatı uğursuz olan qadın ikinci həyat yoldaşını hər tərəfdən sınaqlardan çıxarıb sonra qərar verməlidir. Kor-koranə sevgiyə bağlanıb addım atmaq olmaz. Həyatımda heç vaxt yüngül münasibətlər olmayıb. Mən sevdiyim insanla oturub söhbət etdim, sözlə müqavilə imzaladıq ki, mənim işim-gücüm, adım-sanım, ailəm, uşağım var. Ona dedim ki, sən bunların hamısını həyatını boyu qəbul edib yaşayacaqsanmı, buna əminsənmi? O da cavab verdi ki, mənim işimdə, ailəm, övladım, dostlarım, ətrafım haqqında heç bir pis fikri yoxdur və qəbul edir.

    - Bununla sizin ürəyinizi ələ aldı?

    - Hər kişinin bir damarı var. O damarı nə bərk sıxmaq, nə də boş buraxmaq lazımdır. İkincisi də, mən onunla ailə qurmağa qərar versəm də, əmin deyildim. Çünki nəsə ola bilərdi və biz ayrılardıq. Ümumiyyətlə, heç kimə əmin deyiləm. Mən tək özümə inanıram. Ancaq həyat sürdükcə insanlarda əminlik tapa bilərəm. Həyat şahmat kimidir. Qarşı tərəflər bir-birinə gedişat edir. Əsas odur ki, gözəl oyunçu olasan.

    - İkinci dəfə ailə quranadək evlilik təklif edən olmuşdu?

    - Təbii ki, olub. Mən də qərara gəlmişdim, ailə qurmaq istədiklərim də olmuşdu. Amma sonra həyat elə gətirdi, kişilərdən elə hərəkətlər görürdüm ki, alınmırdı. Həyatımda çox zərbələr almışam. Dost-tanışdan da, sevgidən də.

    - Qarşılıq görməmisiniz, yoxsa qarşılıq verə bilməmisiniz?

    - Qarşılıqlı sevgi olub. Amma həyatdır da, illərdir tanıdığın insanı bir gün başqa cür tanıyırsan. Heç kimi tanımaq, əmin olmaq olmur. Hər zaman balans olmalıdır və balansın içində yaşamalısan. Gedişata baxmalısan, müdir kimi idarə edə bilməlisən. 20 ildir modelyer kimi fəaliyyət göstərirəm və əlimin altında yüzlərlə insan böyüyüb, bəhrələnib, usta olub. Hansısa yolla yanımdan gediblər. Biri ərə gedib, birinin atası icazə verməyib, biri mənə xəyanət edib, pula satıb. Mən artıq hər şeyə hazıram. Sadəcə qıraqdan baxıb analiz edirəm. Hamıdan hər şey gözləyirəm.

    - Həyat yoldaşınızdan xəyanət də gözləyirsiniz?

    - Xəyanət sözü mənə qəribə gəlir. İlk növbədə özüməvurğun insanam. Bir xanım kimi gözəlliyim, xanımlığım, hərəkətlərim, davranışlarım, işim, pul qazanmağım yerində. Böyük xəyanət haqqında düşünmək belə istəmirəm. Olsa olacaq. Deməli, bu, mənim qismətimdir. Amma onu dərk edib, hardasa bəlkə də özümdə günah tapıb o insanı bağışlayaram. Bəlkə mənim ona kifayət qədər diqqət göstərməməyim səbəb olub? Xəyanət üçün gərək səbəb olsun. Bunu dərk edib çalışacam ki, bu işin içindən bir yol tapım. Bir qərarla kəsdim, doğradım, atdım, getdi – bu, olmamalıdır. Çünki ailəni də qorumaq lazımdır. İnsan nəfsinə uyub yoldan çıxa bilər, şeytan onu azdırar. Lakin sonra ağıllanıb, dərk edib qayıtsa, üzr istəsə, onu qəbul etməlisən, bağışlamalısan. Çünki ortada ailə, uşaq var. Onların hamısını bir dəqiqənin içində atmaq olmaz.

    - Evdə daha çox kim kimin könlünü alır?

    - Bərabərik. Biri-birimizə hirslənsək də, 10 dəqiqə keçməmiş “can” deyirik. Gün ərzində uşaqlarım, həyat yoldaşım, atam-anama sevgimi bildirmək ehtiyacı duyuramsa, bunu deyirəm, sms yazıram, “mən çox xoşbəxtəm”, “səni çox istəyirəm”, “səni sevirəm” sözlərini tez-tez deyirəm. Əlbəttə ki, mənə də deyirlər. Ona görə də həyatımız davam edir. Lakin özümü hər zaman hazırlayıram ki, bu, dəyişilə bilər. Sevgi üçün başını itirənlər görmüşəm, iş-güclərindən kənar düşüblər. Oğlan deyib işləmə, işləməyiblər, deyib valideynlərinlə salamlaşma salamlaşmayıblar. Əgər bir insan qarşı tərəfin həyatına hörmətlə yanaşmırsa, onda o, sənin adamın deyil. Bu münasibətlərin axırı yoxdur.

    - Heç romantikadan danışmadıq...

    - Romantik biriyəm, romantikanı sevirəm. Amma heç vaxt dərinə uyub, başımı götürüb sevginin içində batmamışam. Həyatımda romantika çox olub. Xoşbəxt insanam, amma zərbələr də almışam. Lakin zərbələdən yaxşı nəticələr çıxarmışam, həyat dərsi almışam. Çox vaxt məni işim xilas edib. İşim o qədər olub ki, zərbələri unutmuşam. Mən həyatımda depressiya deyilən şeyi qəbul etmirəm. İnsan özü-özünü depressiyaya da salır, çarə də tapır. Mən də depressiya vəziyyətinə gəlib çıxmışam. Amma özümü unudub pis insanlarla oturub-durmamışam, özümü itirməmişəm. Sakit, təmkinlə həmin vəziyyətdən çıxmağa çalışmışam.

    - Ən romantik gününüz hansı olub?

    - Evliliyim bir qərar idi. Düşündüm ki, 10 ildir təkəm, övladımın atası yoxdur, nənə-babası ona hər şey versə də, öz atası ilə heç vaxt münasibəti olmayıb. Hiss edirdim ki, qızım yanımda kiminsə olmasını istəyir. Evlilik təklifi həyatımda ən romantik anım olmayıb (gülür). Ən romantik anlarım yəqin ki, hələ qarşıdadır. Düzdür, həyat yoldaşım mənə diqqət, qayğı göstərirdi, güllər, şam yeməkləri, üzük və s. Amma bunların hamısına normal baxmışam. Nəyəsə çox uyan insan deyiləm. Hyatımda ən çox işimə uyuram.

    - Kişi üçün elmli olmaq daha vacibdir, yoxsa pul qazanmaq?

    - Mənim üçün kişi elmli və işində uğurlu olmalıdır. Digər şeyləri yola vermək olar. Kişi hər zaman iş başında olmalıdır. Kişi də bir müddət işsiz qala bilər, onda qadın ona dayaq olar. Amma alfons kişilərdən zəhləm gedir. Alfons kişilərə “mənim kişimdir”, - deyən qadınları da başa düşmürəm. Həmin kişi qadın üçün bir əşyadır. Mən sevgiyə uyan qadınlardan deyiləm. Heç vaxt qəbul etmərəm ki, qadın qazanıb gətirsin, kişi yesin. Evin qazanı kişinin gətirdiyi ruzi ilə qaynamalıdır. Amma bu, o demək deyil ki, qadın evdə oturmalıdır. Qadın işləməlidir, özünə baxmalıdır, fikirlərini dağıtmalıdır. Evdən oturmaq qadının psixologiyasını pozur. Lakin işi-gücü, elmi, savadı, məşğuliyyəti olan qadın təbii ki, balans tapıb ailə çərçivəsində gözəllik yaradacaq.

    - Qızınız Qəmər modeldir deyəsən?

    - Qızım Mədəniyyət və İncəsənət Universitetində dekor-dizayn ixtisasında oxuyur. Mənim moda evimi təmsil edə bilər, amma model kimi dünya səviyyəsinə çıxarmaq fikrim yoxdur. Hələ ki... Qızımla biz rəfiqəyiq. Onda sərbəstlik yoxdur. Dostlarını da seçirəm, məsləhətlərimi də verirəm. Ailə qurmaq məsələsinə qarışmaram.

    alıntı
#25.08.2015 11:50 0 0 0