Hamilələrdə böyrək və sidik axarı xəstəlikləri

Son güncelleme: 12.01.2016 22:29
  • Sonsuzluq halları artan bir vaxtda müxtəlif xəstəlikləri olan hamilə qadınların hamiləliklərinin uğurlu başa çatdırılması aktual əhəmiyyət daşıyır.

    Hamiləliyə ekstremal vəziyyət kimi baxılmalıdır. Hamiləlik dövründə qadın orqanizmində olan bir sıra orqan və sistemlər patalogiyanın sərhəddində fəaliyyət göstərir. Bundan başqa həm də hamiləlik vaxtı kritik dövrlər ayırd edilir ki, bu zaman bu və ya digər orqanların funksiyasında dəyişiklik yaranır.

    Hamiləlik vaxtı xəstəliklərin gedişatı ağırlaşır və gələcəkdə proqressivləşə bilir. Bu, əvvəla, qadın orqanizmində immun reaktivliyin dəyişilməsi ilə əlaqədardır. Belə ki, yeni orqanizm, yəni uşaq ana orqanizmi üçün bir növ “yad”dır, bu da immun sistemində dəyişiklik yaradır. İkincisi, hamiləlik vaxtı neyroendokrin requlyasiya dəyişilərək şəkərli diabetin, hipertoniya xəstəliyinin, qalxanabənzər vəz, böyrəküstü vəz xəstəliklərinin ağırlaşmasına səbəb olur. Üçünçüsü, hamiləlik vaxtı orqan və sistemlərdə fizioloji dəyişikliklər olur ki, bu da xəstəliklərin gedişatını ağırlaşdırır. Hamiləlik dövrü üçün xarakter olan bu cür dəyişikliklər həm də böyrəklərin gizli xəstəliklərinin, anadangəlmə və qazanılma qüsurlarının meydana çıxmasına səbəb olur.

    Hamilələrdə bel nahiyəsində ağrıların, qızdırma, üşütmə hallarının olması, sidiyə getmənin tezləşməsi, sidiyə getmədə göynətmə hissinin olması böyrək və sidik axarı xəstəliklərinə işarədir.

    Böyrəklər və sidik axarı xəstəliklərinin (pielonefrit, qlomerulonefrit, böyrək daşı xəstəliyi və s.) hamilə qadınlarda olması hamiləliyin, doğuşun, doğuşdan sonrakı dövrün gedişatına və dölün vəziyyətinə pis təsir edir. Belə ki, bu orqanların patalogiyaları həyati vacib funksiyaların fəaliyyətinə mənfi təsir göstərə bilər. Hamiləlik vaxtı böyrəklərin üzərinə düşən yük artır, səbəb təkcə ananın deyil, həmçinin, dölün mübadilə məhsullarının orqanizmdən xaric edilməsidir. Hamiləlik vaxtı progesteron hormonunun təsiri nəticəsində böyrəklərin kasa-ləyən sisteminin və axarların genişlənməsi olur. Sağ sidik axarı sola nisbətən çox genişlənir, bu da hamilə uşaqlığın sağa doğru çevrilməsi ilə əlaqədardır. Həmçinin sidik axarının böyüyən uşaqlıq ilə sıxılması axarın genişlənməsinə səbəb olur. Sidik axarları genəlir, hətta 20-30 sm-dək uzanaraq öz yatağına yerləşmir və qıvrılırlar. Bu genəlmə 5-6 həftəlik hamiləlikdən başlayıb, 32 həftəlikdə maksimuma çatır.

    Sidik axarlarında, kasa-ləyən sistemində genəlmə və sidik durğunluğunun olması böyrəklərin infeksiyalaşmasına səbəb olur.

    Böyrək xəstəlikləri hamiləlik toksikozlarının inkişafına səbəb olur. Hamilələrin sidik sistemlərinin xəstəlikləri uşaqların sidik sisteminin inkişafına zədələyici təsir göstərə bilər.

    Böyrək xəstəliklərinin erkən hamiləlik dövründə diaqnostikası məqsədilə xüsusi müayinə üsulları keçirilir.

    Xəstəliyin erkən mərhələsində hamilə qadına vəziyyət terapiyası məsləhət görülür. Yəni qadın yataqda ayaqları hündür vəziyyətdə olmalı, sağlam böyrü üstə uzanmalı, çox vaxt sağ tərəfdə, ayaqlarını qarnına çəkməklə uzanmalıdır. Bu vəziyyətdə hamilə uşaqlığın vəziyyəti dəyişilir və sidik axarına təzyiq azalır.

    Törədicinin növü və antibiotiklərə həssaslığı yoxlanıldıqdan sonra antibakterial preparatlar təyin edilir. Bu zaman elə preparatlar təyin edilməlidir ki, onların dölə ziyanlı təsiri olmasın. Böyrək toxumasından tullantı məhsularının xaric olmasını yaxşılaşdırmaq üçün və antibakterial preparatların təsirini artırmaq üçün sidikqovucu və spazmolitiklər təyin olunur. Mütləq kompleks müalicədə sedativ preparatlar, vitaminlər və allergiya əleyhinə dərmanlar təyin edilməlidir.

    Sidiyə getmə hissiyyatı olan kimi mütləq sidiyə gedilməlidir, dözmək lazım deyil. Daimi olaraq arxa dəlik nahiyəsi yuyulmalıdır ki, ordan sidik yollarına infeksiya düşməsin.

    Hamilə qadın acılı-istiotlu yeməklərə məhdudiyyət qoymaqla, turş maye qəbulunu artırmaqla pəhriz saxlamalı və müxtəlif bitki çayları qəbul etməlidir. Amerika həkimlərinin araşdırmasına görə, gündə 1,5 stəkan quşüzümü şirəsinin içilməsi sidik yollarında infeksiyanın əmələ gəlmə ehtimalını azaldır. Bu şirədə olan maddələr bakteriyaların sidik yollarının divarına yapışmasının qarşısını alır.

    Əziz qadınlar! Bilirik ki, sizin üzərinizə düşən yük ağırdır. Amma bilin ki, sizin öz sağlamlığınızı qorumanız təkcə sizin keyfiyyətli yaşamanız üçün deyil, həm də gələcəyimizin təminatçıları olan uşaqlarımızın sağlamlıqları üçün vacibdir.

    alıntı
#12.01.2016 22:29 0 0 0