Gəlirəm - Xəlil Adıgözəl

Son güncelleme: 13.08.2016 11:57
  • noimage

    Mənə bircə gün də möhlət ver, ya Rəbb,
    Üzülsün hər şeydən əlim, gəlirəm.
    Çönüb həyatıma son dəfə baxıb,
    Doyunca, ürəkdən gülüm, gəlirəm.

    Gedirəm, könlümü alanlar üçün,
    Hələ deyilməmiş yalanlar üçün,
    Sevən ürəyimi qalanlar üçün,
    Yüz dəfə, min dəfə bölüm, gəlirəm.

    Arxamca boylanan tər izim gülür,
    Yazdığım şeirin hər sözü gülür,
    Bir gözüm ağlayır, bir gözüm gülür,
    O gülən gözümü silim, gəlirəm.

    Onsuz çoxum gedib, lap azım qalıb,
    Sonuncu baharım, son yazım qalıb,
    Həyata keçməyən bir arzum qalıb,
    Son dəfə uğruna ölüm, gəlirəm.

    Müəllif: Xəlil Adıgözəl
#13.08.2016 11:57 0 0 0