Qırmızı məxmər tortu resepti

Son güncelleme: 20.10.2016 18:16
  • noimage

    Tərkibi:
    Xəmir üçün:
    Duz - 0.5 ç.q.
    Un (buğda) - 250 qr.
    Yumurta (toyuq) - 2 ədəd
    Yağ (kərə) - 120 qr.
    Vanilin - 0.5 ç.q.
    Toz (qabartma) - 1 ç.q.
    Toz (kakao) - 1 x.q.
    Şəkər tozu - 300 qr.
    Soda - 1 ç.q.
    Kefir - 1.5 st.
    Qida rəngi - 10 qr.
    Sirkə (alma) - 1 ç.q.

    Krem üçün:
    Pendir (krem) - 400 qr.
    Yağ (kərə) otaq tempraturunda - 200 qr.
    Vanilin - 0.5 qr.
    Kirşan (şəkər) - 250 qr.

    Hazırlanması:
    - Bir qabda ələnmiş unu, kakao, qabartma tozu və duzu qarışdırın.
    - Kərə yağını mikser ilə 2 dəqiqə çalın, üzərinə şəkər tozu əlavə edin və yenə çalın.
    - Başqa bir qabda yumurtaları vanil və rəngləndiricini qataraq çalın.
    - Qabdakı unlu qarışıqla çaldığınız şəkərli yağı yaxşıca qarışdırın. 1.5 stəkan qatığa (kefir) 1 x.q. alma sirkəsi əlavə edin və 10 dəqiqə gözləyin. Daha sonra bu qarışığı da unun üzərinə əlavə edin.
    - Daha sonra yumurtalı qarışığı və alma sirkəsi ilə söndürülmüş sodanı əlavə edin.
    - Yaxşıca qarışdırın. Əgər rəngləndiricinin az olduğunu görsəniz bu mərhələdə quru rəngləndiricini azca su ilə qarışdıraraq əlavə edə bilərsiniz.
    - Bişirəcəyinin formanın dibinə qida kağızı sərin,üzərini yağlayın.
    - Xəmirin yarısını formaya tökün. Formanı stol səthindən bir az yuxarıya qaldırıb yavaşca stolun səthinə 2-3 dəfə çırpmaq lazımdır ki, xəmirin içərisindəki qabarcıqlar çıxsın. SOBAya qoyun, 30 dəqiqə 180º C istilikdə bişirin. Bu müddət keçdikdən sonra kürdanla bişib-bişmədiyini yoxlaya bilərsiniz. Ümumi bir biskvit kimi bişirib daha sonra onu bölə də bilərsiniz.
    - Krem pendir və yağı (otaq temperaturunda) eynicinsli kütlə halına gələnə qədər çalın. Üzərinə şəkər kirşanını, vanili əlavə edib şişənə qədər çalın. Krem qatı olmalıdır. Soyuducuya qoyaraq 1.5-2 saat saxlayın. Daha yaxşı olar ki, kremi biskvitdən əvvəl hazır edəsiniz.
    - Hazır biskviti qoyun soyusun. Soyuduqdan sonra o kipləşəcək və beləliklə onu daha yaxşı bölmək olacaq. Xəmirin ikinci hissəsini də eyni qayda ilə formaya tökərək SOBAda bişirin.
    - Hər bir biskviti iki hissəyə ayıraraq 4 və ya bölmədən 2 korj kimi də istifadə edə bilərsiniz. Korjların arasına təqribən 1 sm hündürlüyündə, korjları bir-birindən yaxşı ayıracaq qədər krem çəkin.
    - Həmçinin tortun bütün səthini də kremləyin. Bişdikdən sonra biskvitin kənarlarını və ya bir hissəsini xırdalayaraq ovuntu edib bəzəmək üçün istifadə edə bilərsiniz. Bəzəmək sizin öz fantaziyanızdan asılıdır.

    Nuş olsun!
#20.10.2016 18:16 0 0 0