Uzun, gözəl və sağlam saçlar məncə hər bir gənc qızın arzusudur. Düzdür, saçlarım heç vaxt qısa olmayıb, amma tez-tez ukladkalar saçlarımın yanmasına və gec uzanmasına gətirib çıxarıb. Amma artıq saçlarıma xüsusi qulluq etməyə başlamışam. Müxtəlif tərkibdə maskalar, müalicəvi effektli şampun, balzamlardan, yağlardan istifadə edirəm. Nəticələri əldə etdikdən sonra onlar haqqında da rəy paylaşacam.
Hələlik isə artıq sınaqdan keçirtdiyim çox asan və təsirli vasitədən danışmaq istəyirəm. Bu – Nikotin turşusudur. İnternetdə bu vasitənin saçların uzanmasında kömək etdiyi haqqında çoxlu müsbət rəylər oxumuşdum.
Belə ki, aptekdən adi Nikotin turşusu (ampula şəklində) alırıq. Hər gün axşamlar 2 ampulanı qırıb işindəki mayeni başımızın dibinə çəkirik – vəssalam. Hər gün bu metodu təkrarlayırıq. Nikotin turşusunu başın dibinə çəkdikdən sonra saçı yumağa ehtiyac yoxdur. Yəni adi qaydada əgər həftədə 2 dəfə, 3 dəfə və ya 1 dəfə saçınızı yuyursunuzsa elə həmin qaydanızla da gedin.
Satışda Ukrayna və Rusiya istehsalı olan nikotin turşusu ampulaları satılır. Ən keyfiyyətlisi Ukrayna istehsalı olan ampulalardır. Saytlarda Ukraynanın “Здоровье” firmasının ampulaları təriflənirdi. Amma mən aptekdə məhz o firmanın istehsalını tapa bilmədim, Ukrayna istehsalı olan “Дарница” firmasının ampulalarından aldım. Bir qutuda 10 ampula var, qiyməti 1 manat 20 qəpikdir.
Ampulaları saçın dibinə çəkdikdən sonra saçdan qətiyyən heç bir qoxu gəlmir, saç tez yağlanmır. Deməli 30 gün ərzində hər axşam 2 ampula saçın dibinə çəkilir. Sonra 30 gün fasilə verib yenidən 2-ci kursa başlamaq olar.
İstifadədən sonra saçlarımın tökülməsi xeyli azaldı və həqiqətən də saçlarım təxminən 5 sm uzandı. Halbuki saçlarım heç də tez uzanmağa meylli deyillər.
Fasilə etdikdən sonra mütləq 2-ci kurs müalicəyə davam edəcəm. Onu da deyim ki, bu üsuldan başqa başıma başqa qulluq vasitələrindən də istifadə edirəm. Onları da gələn rəylərimdə mütləq paylaşacam. Qızlar mütləq istifadə edin.