vladı dərsə gedən hər bir valideyn onun təhsili ilə bağlı müxtəlif çətinliklərlə üzləşir. Çətinliklər artıq ibtidai siniflərdə özünü göstərməyə başlayır. Belə ki, uşaq dərslərini oxumaq, ev tapşırıqlarını etmək istəmir, ağlayır və özünü pis aparmağa başlayır. Mütəxəssislər bildirirlər ki, bu cür uşaqları dərs oxumağa həvəsləndirmək lazımdır.
Psixoloq Səbina Quliyevanın sözlərinə görə, çox vaxt məktəblilər dərsdən sonra evə qayıdanda ev tapşırıqlarını etmək istəmirlər. Onlar müxtəlif bəhanələr gətirərək bundan yayınmağa çalışırlar. Ev tapşırıqlarını etməmək üçün ya yorulduqlarını, ya da xəstə olduqlarını bəhanə gətirirlər. Valideyn bu bəhanələrə inanmayanda isə həyətdə oynamaq, televizora baxmaq və ya kompüter oynamaq istədiklərini, yalnız bundan sonra dərslərini oxuyacaqlarını bildirirlər. "Bəzi hallarda isə valideynlər uşaqla heç cür bacara bilmədikləri üçün onun istədiklərini bir-bir yerinə yetirirlər. Uşaqsa dərslərini etmək istəmir. Nəticədə onun istəklərini yerinə yetirən valideyn yorulur, əsəbiləşir və uşağı danlamağa başlayır. Uşaqsa ağlayır, qışqırır, amma yenə də dərslərini etmək istəmir. Sonra isə yatmaq vaxtı yaxınlaşır. Valideyn də uşaqdan əl çəkməyə məcbur qalır. Bəzi hallarda bu cür davranan uşaqları ev tapşırıqlarını yerinə yetirməyə məcbur etməyə müvəffəq olsalar da, uşaq istəmədən, çox həvəssiz dərslərini edir. Bu isə onun dərsi pis qavramasına, həmyaşıdlarından intellektual inkişafda geri qalmasına gətirib çıxarır".
Bəs valideyn bu halda nə etməlidir? Uşağı dərs oxumağa necə həvəsləndirmək olar? Həmsöhbətimizin dediyinə görə, valideynlərin çoxu uşaqların ev tapşırıqlarını etmək istəməməsindən şikayət edir. Onların şikayətlərinə görə, uşaqlar tənbəl və tərsdirlər, heç cür dərslərini etmək istəmir, dərslərini oxumaq istəyəndə isə diqqəti cəmləməkdə çətinlik çəkirlər. Uşaqlar dərslərini oxumaq vaxtı gələndə ağlamağa başlayır, hətta müəllimin heç nə tapşırmadığını yalandan deyirlər. Onlar yazı stolu arxasında sakit otura bilmir, fikirləri yayınır. Çox vaxt uşağın bu tip davranışı ilə üzləşən valideynlər özlərini itirirlər. Uşağa təsir etmək, özlərinə tabe etmək üçün qışqırır, döyür, sonra isə özlərini günahkar hiss edirlər. Bəzi valideynlər isə çarəsizlikdən övladlarının yerinə dərsləri özləri yazırlar. Bununla da uşağa bu tip davranışlarını davam etməyə şərait yaradırlar.
Mütəxəssis bildirib ki, əslində valideynlər uşaqlarının dərs oxumaqdan yayınmasını çox emosional qarşılayırlar: "Düzdür, uşağın yaxşı təhsil alması onun gələcəyi üçün önəmlidir. Bu səbəbdən də məsuliyyətli valideynlər narahatlıq keçirirlər. Digər tərəfdənsə həssas və emosional yanaşma vəziyyəti obyektiv qiymətləndirməyə imkan vermir. Xüsusilə də uşaq hər gün bu cür davranarkən valideyn ruhdan düşür. İstər-istəməz öz uşaqlıq illərini, dərsdən yayınmaq cəhdlərini, uğursuzluqlarını xatırlayır. Əgər valideyn həyatda istədiyinə nail olmayıbsa, onun narahatlığı daha da artır. O, uşağının gələcəyinə görə qorxuya düşür. Valideynlərin bir qismi isə dərsləri və tədris üsullarını öz məktəb illəri ilə müqayisə edir, hər şeyin dəyişdiyini görürlər. Bu da onlarda çaşqınlıq yaradır. Bəzi valideynlər isə uşağın ev tapşırıqlarını özləri anlamaqda çətinlik çəkir və uşağın bunun öhdəsindən necə gələcəyindən narahat olurlar. Valideynin narahatlığını uşaq hiss edəndə isə dərs etməyin çox pis olduğunu düşünür".
Uşağı dərslərinə görə çox danlamaq, nailiyyətlərinə qiymət verməmək də onun dərsə qarşı neqativ münasibətinin yaranmasına səbəb olur. Daim tənqid olunan, valideyn tərəfindən bəyənilməyən uşaq sonunda çalışmaq istəmir. Bu, ona görə baş verir ki, uşaq dərslərini yaxşı oxuya, uğur qazana biləcəyinə artıq inanmır. Ev tapşırıqlarını etməksə onun üçün əsl işgəncəyə çevrilir. "Bunu anlamayan valideyn isə uşağını çox pis vəziyyətdə qoyur. Bir növ onun yenicə çıxan qanadlarını kəsir. Uşaqların məcbur dərs oxuması isə effekt vermir. Onlar həmyaşıdlarından geri qalmağa başlayırlar. Belə ki, həvəssiz etdikləri ev tapşırıqlarını nə qavrayır, nə də yadda saxlaya bilirlər".
Psixoloq məsləhət görür ki, valideyn uşağa ev tapşırıqlarını etməyə kömək edərkən, onun dərs oxumasına nəzarət edərkən sakitləşməyə çalışmalıdır: "Bunun üçün valideyn öz-özünə yorulduğu və ya əhvalı pis olduğu üçün əsəbiləşdiyini etiraf edə bilər. Bunu uşağı ilə də bölüşüb ona "yorğun olduğum üçün çox əsəbiyəm. Yəqin ki, sən də məktəbdə yorulub gəlmisən. Ona görə də gəl bir-birimizi əsəbləşdirməyək və başa düşək" deyə bilər. Hətta övladına uşaqlığı ilə bağlı xatirələrini də danışa bilər. Xüsusilə də, uşağı məktəbdəki qarşılaşdığı çətinlikləri dəf edə biləcəyinə inandırmaq lazımdır. Ona məktəbdə istər dərslərində, istərsə də sinif yoldaşları və müəllimləri ilə münasibətdə yaranan çətinliklər böyük problem kimi görünür. Özünə güvən hissi aşağı olan uşaqlar isə bu problemləri həll edə bilməyəcəklərindən qorxurlar".
Müsahibimizin sözləriə görə, valideynlər özlərini müəllim kimi aparmamalıdırlar. Valideyn övladını çox sıxmamalı, onu hədsiz tapşırıqlarla yükləyərək, çox tələbkarlığı ilə uşağın həyata olan sevgisini öldürməməlidirlər. Lakin övladlarının daha yaxşı təhsil alması üçün onu dərs oxumağa həvəsləndirməli, dünyagörüşünü artırmalı, onun üçün müxtəlif maraqlı məşğuliyyətlər təşkil etməlidirlər. Uşaqları intellektual oyunlara, bacarıqlarını inkiaf etdirən müxtəlif dərnəklərə və ya kurslara cəlb etməlidirlər. Bu zaman fikir vermək lazımdır ki, uşaq üçün seçdiyiniz məşğuliyyət və oyunlar ürəyincə olsun. Əks təqdirdə nəticə yaxşı olmayacaq. Uşaq özünü əzgin və passiv hiss edəcək. Valideynlər onu da nəzərə almalıdırlar ki, uşaqların daim yeni nəsə öyrənməyə ehtiyacları var. Onların bu tələbatını müxtəlif oyun, kitab, dərs vəsaitləri, testlər, yaşları azdırsa, oyuncaqlar da ödəyə bilər. Onun fikrincə, valideyn əsəbiliyi və yorğunluğu ilə bacara bilmirsə, ailənin başqa üzvlərinin köməyindən istifadə edə bilər. Bu da yaxşı nəticə vermirsə və uşaq dərslərini etməkdən imtina edirsə, bu zaman repetitora müraciət etmək lazımdır.