N.Tusi adına klinikanın urologiya şöbəsində sidik daşı xəstəliyinin kompleks müayinəsi və müalicəsini aparmaq üçün hər bir şərait mövcuddur. Burada olan avadanlıqlar nəinki daşı aşkar etməyə, eyni zamanda onun tərkibini, dəqiq lokalizasiyasını təyin etməyə, sidikçıxarıcı yollarda əmələ gəlmiş pozğunluğun xarakterini və dərəcəsini öyrənməyə imkan verir. Bu isə pasiyentlərin hər biri üçün optimal müalicə metodunu seçməyə şərait yaradır.
Skrininq diaqnostika üçün USM-dən istifadə edilir. Bu metodla böyrəklərdə və sidik kisəsində olan daşların ölçüsü və miqdarı təyin olunur. Əgər sidik axınında hər hansı bir maneə olarsa o zaman USM olaraq böyrəklərin kasa-ləyən sistemində genişlənmə qeyd olunur. Əgər daş böyrəklərdə deyil sidik axarında yerləşərsə bu zaman daşın dəqiq lokalizasiyası, ölçüsü, forması və strukturunu təyin etmək üçün əlavə müayinə metodlarından istifadə olunur. Sidik daşı xəstəliyinin diaqnostikasında rentgenoloji metodlar çox geniş tətbiq olunur. Ümumi “icmal” rentgenoqrafiya, ekskretor uroqrafiya, sistoqrafiya və s. bu metodlara aiddir. İcmal rentgenoqrafiyada çox vaxt daşın kölgəsini görmək olur. Lakin rentgenonegativ daşlar (məsələn, urat daşları) rentgen şəklində görünməyə bilər.
Müəyyən hallarda ekskretor uroqrafiyadan istifadə edilir. Bu zaman venadaxili xüsusi kontrast maddə yeridilir və sonra rentgen şəkli çəkilir. Kontrast maddə böyrəklərdən süzülərək sidikçıxarıcı yollarla xaric olur və bu zaman həmin yollar “rənglənir”. Adi rentgen şəklində sidik yolları görünmür. Bu üsul sidikçıxarıcı yollarda olan maneənin dəqiq lokalizasiyasını və sidik yollarının nə dərəcədə genişlənməsi təyin etmək üçün əvəzedilməzdir.
Sidik daşı xəstəliyinin müasir diaqnostikasında kompüter tomoqrafiyanın özünəməxsus yeri vardır. Bu metod istənilən strukturlu daşları aşkar etməyə və onun dəqiq lokalizasiyasını təyin etməyə imkan verir.
Laborator müayinə metodlarına isə qanın və sidiyin ümumi analizi, lazım gəldikdə biokimyəvi müayinələr aid edilir. Sidiyin ümumi analizi hematuriya, leykosituriya daşların mineral tərkibi və sidiyin reaksiyasını təyin etmək üçün informativdir.
Müalicə
Terapevtik metodlar
Müasir tibb urat daşların xüsusi dərman preparatlarından istifadə etməklə əritmək metodlarına malikdir. Müalicə əsasən qanda sidik turşusunun miqdarın normallaşdırmaq və sidiyin reaksiyasını zəif turş xassəli etmək istiqamətində yönəlir. Bunun üçün xəstəyə xüsusi pəhriz təyin olunur, qələvi tərkibli minerallar (məsələn, “Borjomi” mineral suyu) və xüsusi dərman preparatları qəbul etmək tövsiyə olunur. Müalicə düzgün aparılarsa bəzi hallarda hətta urat tərkibli mərcanvari daşları da əritməyə nail olunur.
Litotripsiya
Sidik daşı xəstəliyinin ən effektli müasir müalicə metodları – zərbə dalğalı distansion litotripsiya və kontakt lazer litotripsiyasıdır. Hər iki metod N,Tusi adına klinikanın urologiya şöbəsində uğurla tətbiq olunur.
Zərbə dalğalı distansion litotripsiya – litotripter vasitəsilə qeyri-invaziv yolla sidik daşlarının parçalanmasıdır. Aparat zərbə dalğasını generasiya edərək, nazik dəstə şəklində fokuslandırır, USM və ya rentgen müayinəsinin köməyi ilə daşa doğru istiqamətləndirir. Dalğalar ətraf toxumaları zədələməyərək yalnız daşlara təsir göstərir. Nəticədə daşlar xırda fraqmentlərə parçalanaraq sidik axını ilə sidikşıxarıcı yollarla xaric olunur. Ətraflı. . .
Endocərrahi kontakt lazer litotripsiyası daha ağır hallarda tətbiq olunur. Məsələn, daş sidik axarına yerləşərsə və distansion litotripsiya ilə parçalanmazsa və ya sidik kisəsində böyük ölçülü daş aşkar olunarsa bu zaman endocərrahi metodlar tətbiq olunur. Endoskop vasitəsilə daşa lazer impulsları ötürülür və nəticədə daş xırda fraqmentlərə parçalanaraq elə əməliyyat vaxtı sidikçıxarıcı yollarla xaric olunur.
Yuxarıda göstərilən metodlardan əlavə şöbədə açıq (klassik) üsulla da bir sıra uroloji əməliyyatlar aparılır