Vaqif Mustafazadə Qimdir - Vaqif Mustafazadə Haqqında - Vaqif Mustafazadə Hayatı



Ömrün son akkordları. Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi. O isə milyonlarla insanın içindən gələn azadlıq yanğısını hamıdan tez duydu, hamıdan qabaq üsyan elədi. Onun bu qeyri-adiliyi nədə idi?Hər şeydən öncə o doğulduğu İçərişəhərə hamı kimi baxmadı. Keçmişin qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsrlərlə özündə gizləyib saxlayan bu qədim qara daşları oxuya bildi. Vaqif üçün İçərişhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri, dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr adi səslər olmadı. Və Vaqif İçərişəhərin qərinələrdən süzülüb gələn yeknəsək səslərini əsrin ən müasir musiqisinin ilk akkordlarına çevirdi. Təbii ki, İçərişəhərin bütün səsləri ilə yanaşı bu akkordlar sovet məhbəsi adlana bilən bir məmləkətdə azadlığa təşnə insanın arzularının, istəklərinin, üsyanının sədası idi. Beləcə məkanın mühafizəkar səsləri ilə zamanın azad çğırışının, keçmişlə gələcəyin, Şərqlə Qərbin harmoniyasından yeni bir simfoniya, muğamla cazın sintezi yarandı. Vaqif Mustafazadə bir çox ansambl yaratmışdır."Qafqaz", "Sevil" (1971) və "Leyli" (1979) Vaqif sözün əsl mənasında musiqiçi ailəsində dünyaya göz açıb. Atası Əziz hərbçi olsa da, musiqi ilə son dərəcə bağlı bir insan idi, gözəl tar çalmağı bacarırdı. Anası Zivər xanım isə ilk azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir bəy Hacıbəyov məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianist olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin talantı, musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi. Bu fərqi hamıdan tez anası Zivər xanım duyur. Bu haqda Zivər xanım xatirələrində belə yazırdı: "Hələ Vaqfin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun "Vaqif" poemasından bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".

Uşaq yaşlarından oğlunu musiqiçi görmək istəyən ananın ümidlərini doğruldan Vaqif az keçməmiş onu heyrətləndirir. Özü də pianoçu olan, saatlarla çalmaqdan yorulmayan Zivər xanım Vaqifin az qala bütün gün ərzində pianonun arxasından bir dəfə də qalxmamasına təəccübünü, heyrətini, eyni zamanda sevincini gizlədə bilmir. Həqiqətən də Vaqif görünməyən bir inadkarlıqla işləyirdi. Bəzən barmaqları keyləşib işləməyənə qədər pianonun şirmayı dillərindən əl çəkmirdi. Onun bu inadkarlığı, yorulmadan işləmək əzmi sonralar onun dadına çatır. Azadlığın ilk akkordlarını səsləndirən Vaqif qarşısında bilə-bilə yaradılan çoxlu maneələri məhz bu keyfiyyəti sayəsində arxada qoya bilir. Onun yolunu kəsən maneələrin sayı çoxaldıqca, o, daha böyük əzmlə, inadkarlıqla yazıb yaradır. Vaqif Mustafazadənin yaradıcılıq yoluna nəzər salanda istər-istəməz öncə səfərlər diqqət çəkir. Vaqif ilk dəfə yolunu Tbilisidən salıb. Gürcü caz həvəskarlarının böyük maraqla və heyranlıqla qarşıladıqları Vaqif bir müddət Tbilisidə qalıb işləməyi qərara alır. Əslində, Vaqifin bu qərarını şərtləndirən bir çox amillər var idi. Başlıca məsələ orada onun musiqisinin başa düşülməsiydi. 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında onun yaradıcılığında böyük rol oynayan "Qafqaz" caz triosunu yaradır. Bu ansambl son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyyət göstərir. Çünki o illərdə Q. Lukyanov, N. Qromin, A. Kozlov və başqa sənətkarlar kvintet, trio və duetlərini musiqinin ən müxtəlif formalarında, məsələn xalq ahəngindən tutmuş sonorlu səslərin effektinə qədər sınayırdılar. Breqvadze, Kikabidze kimi solistlərlə çalışan Vaqif bu illərdə "Orera" ansamblına da dəvət alır. Yeri gəlmişkən, Vaqif Mustafazadə "Orera" ansamblında Elza Bandzeladze ilə tanış olur və onunla ailə quruq. Bu nikahdan Vaqifin ikinci övladı Əzizə dünyaya gəlir.1967-ci ildə Tallində ümumdünya caz festivalı keçirilir. Bu festivala dünyanın 3 mindən çox musiqiçisi qatılır. Onların arasında olan Vaqif Mustafazadə Gürcüstanı təmsil edir...
Tallinin "Kalev" idman zalında bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını böyük caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirir. Dörd gün davam edən festivalın sonlarına yaxın heç kimin yaxşı tanımadığı cazmen səhnəyə çıxır. Və... "O insanı ki, mən sevirəm" əsərini ifa edən bu ifaçı tamaşaçıları sanki əfsunlayır. Əfsunlaşmış tamaşaçılar arasında birinci ayağa qalxan Yohanson olur. Heyrətindən təmkinini itirən Yohanson "öncə o, sonra mən qalib olacağam" deyə var səsi ilə qışqırır. V.Konover sonradan Vaqif Mustafazadənin çıxışının onda oyatdığı təəssüratı belə bölüşür: "Vaqif qeyri-adi pianoçudur. Dünya cazında ona bərabər musiqiçi tapmaq çətindir". Konover ömrü boyu onu tərk etməyəcək təəssüratın nəticəsi olaraq, Vaqif Mustafazadəni Tallində keçirilən növbəti caz festivalının da şəriksiz qalibi elan etmişdi. Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana döndü. Bu, qəribə bir dönüş idi. Vaqif Mustafazadə uğur qazandıqdan, dünayanın ən məşhur musiqiçiləri arasında fərqlənəndən sonra onu qiymətləndirməyən, ecazkar musiqisini eşitməzliyə vuran həmvətənləri arasına dönür. İlk vaxtlar Vaqifin uğuru anılsa da, az keçməmiş hər şey əvvəlki yerini alır: laqeydlik, biganəlik, soyuqluq... Vaqifsə bütün bunlara əhəmiyyət verməyərək, 1969-cu ildə Bakıda keçirilən caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin televiziyada solo konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən əsəblər bir gün özünü büruzə verir. 29 yaşlı sənətkar ölümlə üz-üzə gəlir. Ancaq bu dəfə xəta sovuşur. Deyilənə görə, yatağa düşən Vaqif Mustafazadə hər gün anasından xahiş edir ki, "Bayatı-Şiraz" çalsın. "Anamın ifasında eşitdiyim "Bayatı-Şiraz" dünyanın ən gözəl melodiyasıdır" deyən Vaqif çətin günlərində də musiqiyə üz tutur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçrilir. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra, əsərin müəllifi, ifaçısı o cümlədən ölkənin adı elan olunacaqdı. Yüzlərlə naməlum ad içərisindən yenə də bizə doğma ad çəkilir: "Azərbaycan, Vaqif Mustafazadə, "Əzizəni gözləyərkən". Vaqif Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır. Monako festivalına qatılan minlərlə insan ecazkar musiqinin sədalarına heyran kəsilir. Azərbaycanda isə hələ də Vaqif Mustafazadənin adının belə çəkilməsini istəmirlər. Deyilənlərə görə, Vaqif növbəti konsertlərindən birini (bu, tarixə son konsert kimi düşəcək) Bakıda verməyi planlaşdırırmış. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşdirməyə qoymurlar. Və Vaqif faciəvi sonluqla bitən son konsertini Daşkənddə verəsi olur. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, bütün bu haqsızlıqlardan boğaza yığılmış halda çıxıb. Çünki Daşkənddə konserti təşkil eləməyi öz boynuna götürənlər onu aldatmışdılar. Bakıda hazırlanan afişalar Daşkəndin küçə və meydanlarında asılıb" desələr də, əslində konsertlə bağlı adi bir elan da verilməmişdi. Bütün bunlar konsert günü məlum olur. Dünya şöhrətli sənətkarın Daşkəndə gəlişindən hətta musiqi aləminin də xəbəri yox imiş. Pərəstişkarlarının xəbər tutmadığı bu konsertə barmaqla sayılacaq qədər tamaşaçı yığılır. Onlar isə təsadüfən bu konsertdən xəbər tutanlar idi. Vaqif konserti onlara görə təxirə salmaqdan daşınır. Piano arxasına keçir. Çalır. Aram-aram, sonra isə getdikcə şiddətlənən ürək sancılarına baxmayaraq çalır, çalır... Ancaq Vaqif Mustafazadəyə bu konsertin son akkordlarını vurmaq nəsib olmur. Vaqifin ürəyi səhnədə dayanır... "Dünyada ən çox anamı, böyüyüb boya-başa çatdığım İçərişəhəri, bir də dənizi sevirəm" deyən Vaqif sənəti kimi, ömrüylə də bədxahlarına meydan oxuyur...

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 935
favori
like
share