TARİXİ SƏNƏDLƏR

Son güncelleme: 05.10.2009 10:40
  • Ümumi məlumat - Ən qədim dövr - Azərbaycanın dövlətçilik tarixi - Tarix - xəritələr - Tarixi sənədlər - Azərbaycan - Azərbaycanın tarixi - Azerbaycan Tarihi - Azerbaycan Hakkında - Azerbaycan Türk Devleti - Türk Devleti Tarihleri - Türk DevletLeri - Azerbaycan Türkiye - Türk Azerbaycan Tarihi




    Kürəkçay müqaviləsi


    Son illərdə erməni millətçilərinin uydurma "Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi" problemini irəli sürmələri, onların öz dədə-baba yurdları - Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı silahlı təcavüzə keçmələri ilə əlaqədar, erməni geosiyasətçilərinin və onların muzdlu vəkillərinin Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikiri geniş yayılmışdır. Lakin təkzibolunmaz tarixi faktlar bunun tam əksini sübut edir.
    Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədləri mənbələr, habelə xanlığın Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ Xanı İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktak əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb, gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur. Azərbaycan xalqının öz dədə-baba torpaqlarına ayrılmaz hüquqlarını əyani surətdə təsdiq edən bu sənədin çapı tarixi saxtalaşdıran ermənilərə və onların muzdlu havadarlarına layiqli cavabdır.

    QADİR ALLAH NAMİNƏ


    Biz yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük imperator əlahəzrətləri Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

    BİRİNCİ MADDƏ

    Mən Şuşalı, və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İmperator əlahəzrətlərinin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

    İKİNCİ MADDƏ

    İmperator əlahəzrətləri zadi-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İmperator əlahəzrətləri zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.

    ÜÇÜNCÜ MADDƏ



    Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasim Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf-gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

    DÖRDÜNCÜ MADDƏ

    Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təəbəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanları haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

    BEŞİNCİ MADDƏ

    İmperator əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarə etmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcədə onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərərgah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

    ALTINCI MADDƏ

    Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
    YEDDİNCİ MADDƏ

    İmperator əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

    SƏKKİZİNCİ MADDƏ

    Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator əlahəzrətlərinin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəsən-Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

    DOQQUZUNCU MADDƏ

    İmperator əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılması olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.
    ONUNCU MADDƏ

    Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.

    ON BİRİNCİ MADDƏ

    Bu traktın İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.

    Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.

    Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı 1989, səh 272-276.

    Gülüstan müqaviləsi
    Qadir Allah Naminə

    İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:
    ƏLAHƏZRƏT Bütün Rusiya İmperatoru - ÖZ General-leytenantı, Gürcüstandakı və Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə Baş Müdiri, Xəzər hərbi Donanmasının Komandanı, Müqəddəs Aleksandr Nevski, birinci Müqəddəs Anna, dördüncü dərəcəli Müqəddəs Əzabkeş və Qalibiyyətli Georgi ordenləri, habelə üzərində igidliyə görə yazısı olan qızıl qılıncla təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi, Əlahəzrət İran şahı isə - özünün, Türkiyə və İngiltərə Saraylarında fövqaladə elçisi olmuş, İran Rəisləri arasında seçilmiş, öz padşahından brilyantlarla bəzədilmiş xəncər və qılıncdan, şal paltardan və brilyantlarla zinnətləndirilmiş at bəzəkləri dəstindən ibarət fərqləndirici lütf görmüş, öz Padşahının ən yaxın Məmuru, Ali İran Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə mənsub olan, İran Sarayında ikinci dərəcəli Xan, Yüksəkrütbəli və Çoxhörmətli Mirzə Həsən Xanı: bu səbəbdən də BİZ, yuxarıda adları çəkilmiş səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən sonra, hər birimizə öz tərəfindən bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə görə aşağıdakı maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik.

    BİRİNCİ MADDƏ

    İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa həmin Müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur və qoy İMPERATOR ƏLAHƏZRƏTLƏRİ Bütün Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, Taxtlarının Varisləri və ONLARIN, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah razılıq olsun.

    İKNCİ MADDƏ

    Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə () yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və gələcəkdə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları silsiləsi ilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin həqiqi hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, həmçinqin çayların, dağların, göllərin, təbii mərzlərin dəqiq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (.) əsasında Talış xanlığının sərhəd xətti elə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də, yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir tərəf ( ..) əsasında təminat verəcək.

    ÜÇÜNCÜ MADDƏ

    Şah Əlahəzrətləri ƏLAHƏZRƏT bütün Rusiya İMPERATORUNA səmimi dostluq hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Ali Vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə) İmperiya, Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.

    DÖRDÜNCÜ MADDƏ

    ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU ƏLAHƏZRƏT İran Şahına ÖZ qarşılıqlı dostluq hisslərini ifadə etmək və İranda - ONA qonşu olan bu Dövlətdə, möhkəm əsas üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün, bununla, ÖZ adından və ÖZ Vəliəhdləri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin ediləcək Vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran Dövlətinin işinə qarışa bilməsin və Ali Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin. Bununla belə, əgər İran Dövləti işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya İmperiyası hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.
    BEŞİNCİ MADDƏ

    Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onları yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq - əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan başqa heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz.
    ALTINCI MADDƏ

    Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və s. dinlərə mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hər birinə, milliyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

    YEDDİNCİ MADDƏ

    Bütün yuxarıda deyilənlərə əlavə olaraq ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı buyururlar ki, lazım olduqda, Əlahəzrətlərin İqamətgahlarına göndərilən, ONLARIN Ali Saraylarının qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik üçün təyin olunmuş Müvəkkillərin və ya Konsulların on nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin, Əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı salmaq gərəkdir.

    SƏKKİZİNCİ MADDƏ

    Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.

    İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.

    İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.

    DOQQUZUNCU MADDƏ

    Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallara görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.

    ONUNCU MADDƏ

    Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə, nəzarəti altında olduqları gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərti ilə qanuni rüsumlar yığılsın.
    ON BİRİNCİ MADDƏ

    Bu müqavilə imzalandıqdan sonra hər iki Ali Dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.

    İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.

    Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali Saraylardan, qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra çadırılacaq.

    Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır.

    İMZALAMIŞLAR:
    Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev
    (M : Y: )

    Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan
    (M : Y: )


    Türkmənçay müqaviləsi



    I MADDƏ

    Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.

    II MADDƏ

    Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.

    III MADDƏ

    İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.

    IV MADDƏ

    Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır:
    sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.

    V MADDƏ

    İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.

    VI MADDƏ

    İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə və ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.

    VII MADDƏ

    İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.

    VIII MADDƏ

    Rusiyanın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.


    IX MADDƏ

    Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.

    X MADDƏ

    Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hakimlik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə buna tam müvafiq əməl edilməsinə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.

    XI MADDƏ

    Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

    XII MADDƏ

    Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.


    XIII MADDƏ


    Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa əsir düşmüş təbəələri qarşılıqlı surətdə azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.


    XIV MADDƏ


    Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilmısini tələb etməyəcəkdir. İran hökuməti bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün, öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.


    XV MADDƏ


    Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.



    XVI MADDƏ


    Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifaksiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.

    Əslinə qol çəkmişlər: İvan Paskoviç, A. Obrezkov.






#05.10.2009 08:51 0 0 0
  • İstiqlal Bəyannaməsi - Azərbaycan Xalq Cümhuriyyəti - Azərbaycan



    İSTİQLAL BƏYANNAMƏSİ


    İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
    1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
    2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
    3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
    4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
    5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
    6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
#05.10.2009 09:01 0 0 0
  • Qars müqaviləsi (1921-ci il 13 oktyabr)


    Bir tərəfdə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə - Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 13-də bağlanmış müqavilə



    Bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər:
    Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı, Poqos Makinzyan, xalq daxili işlər komissarı.
    Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.
    Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı, Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.
    Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı,
    Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili, Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini, Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.
    Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə, onlar lazımi və qanuni formada tərtib edilmiş səlahiyyətlərin mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:

    Maddə 1.



    Türkiyə Böyük Millət Məclisi hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hazırda razılığa gələn tərəflərin ərazilərinin tərkibinə daxil olan ərazilərdə öz suveren hüquqlarını əvvəllər həyata keçirmiş dövlətlər arasında bağlanan yuxarıda xatırlanan ərazilərə aid olan müqavilələri, eyni dərəcədə üçüncü dövlətlər tərəfindən Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilələri ləğv edilmiş və öz qüvvəsini itirmiş hesab edirlər.
    Müəyyən edilmiş hesab olunur ki, bu maddə Moskvada 16 mart 1921-ci ildə bağlanmış Türkiyə-Rusiya müqaviləsinə tətbiq edilmir.

    Maddə 2.



    Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini və sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan Türkiyə Milli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar.
    (Bu müqavilədə Türkiyə anlayışı altında Konistantinopolda Osmanlı deputatlar palatası tərəfindən işlənib hazırlanmış və elan edilmiş, mətbuatda bütün dövlətlərə çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli Türkiyə Misaqi-Milli sərhədlərinə daxil edilmiş ərazilər nəzərdə tutulur).
    Öz tərəfindən Türkiyə Böyük Millət Məclisi Hökuməti bu ölkələrin hazırda Ermənistan, Azərbaycan və Gürcüstan sovetləri ilə təmsil olunan müvafiq Hökumətlərinin tanımadığı hər hansı beynəlxalq aktı tanımamaq barədə razılaşır.

    Maddə 3.



    Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hökumətləri təslim rejimini hər hansı ölkənin azad milli istəkləri ilə, eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir araya sığmadığını hesab edərək, bu rejimə hər hansı aidiyyəti olan hər hansı hərəkəti və hüququ öz qüvvəsini itirmiş və ləğv edilmiş sayırlar.

    Maddə 4.



    Türkiyənin şimal-şərq sərhədləri (Rusiya Baş Qərərgahının 1/21000 miqyasında - düymdə 5 verst xəritəsinə əsasən) Qara dənizdə yerləşən Sarp kəndindən başlanan Xedis-Mta dağından, Şavşet dağındakı
    Kannı-Dağ ayırıcından keçən, daha sonra Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə Aşağı Qars-suyun mənsəbinədək Arpa-çay və Arəz çaylarının talveqi ilə keçib gedən xətlə müəyyən edilir.(Sərhədlərin müfəssəl təsviri və ona aid məsələlər razılığa gələn hər iki tərəfin imzaladığı 1-ci və 2-ci əlavədə və ona qoşulan xəritədə müəyyən edilmişdir).
    Müqavilənin mətni və xəritə arasında fərq ortaya çıxdığı təqdirdə mətnə həlledici əhəmiyyət verilir. Dövlət sərhədlərinin naturada müfəssəl müəyyən edilməsi və çəkilişi, eləcə də sərhəd işarələrinin qoyulması razılığa gələn tərəflərin bərabər sayda üzvlərdən ibarət qarışıq sərhəd komissiyası tərəfindən və RSFSR nümayəndələrinin iştirakı ilə icra olunur.
    Əlavə 4: xəritə.

    Maddə 5.



    Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır.

    Maddə 6.



    Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki,
    1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək;
    2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna görə ondan xüsusi rüsumlar tutlmadan istifadə hüququ veriləcək.
    Bu maddənin həyata keçirilməsi üçün bu müqavilə imzalandıqdan dərhal sonra razılığa gələn tərəflərin nümayəndələrindən ibarət komissiya yaradılacaq.

    Maddə 7.



    Gürcüstan Sosialist Sovet Respublikası hökuməti və Türkiyə Millət Məclisinin hökuməti buna dair qarışıq komissiyanın müəyyənləşdirəcəyi gömrük, polis və sanitar qaydalara əməl etmək şərti ilə sərhəd zonası sakinlərinin sərhədi keçmələrini asanlaşdırmağa razılaşırlar.

    Maddə 8.



    Gürcüstan Sosialist Sovet Respublikası və Türkiyə Böyük Millət
    Məclisi hökuməti hər iki tərəfin sərhəd yerlərinin sakinləri üçün sərhədin o biri tərəfində yerləşən yaylaq və qışlaq otlaqlarından istifadə etmələri üçün zərurəti nəzərə alaraq, bu sakinlərə onların sürüləri ilə birlikdə sərhədi keçmək və ənənəvi otlaqlarından istifadə etmək hüququ barədə razılığa gəlirlər.
    Gömrük qaydaları, eləcə də sərhədin keçilməsi üçün polis, sanitar və digər tədbirlər qarışıq komissiya tərəfindən müəyyənləşdiriləcək.

    Maddə 9.



    Boğazların açılması və bütün xalqların ticarət münasibətləri üçün onlardan sərbəst keçidin təmin edilməsindən ötrü Türkiyə və Gürcüstan Qara dənizin və boğazların beynəlxalq statusunun qəti olaraq müəyyənləşdirilməsini sahil ölkələrinin nümayəndələrindən ibarət xüsusi konfransa bu şərtlə verməyə razılaşırlar ki, onun çıxardığı qərarlar Türkiyənin tam suverenliyinə eyni dərəcədə Türkiyənin və onun paytaxtı Konstantinopolun təhlükəsizliyinə xələl gətirməyəcək.

    Maddə 10.



    Razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin hökuməti roluna iddia edən təşkilatların və qrupların yaradılmasına və ya yerləşdirilməsinə, eləcə də digər dövlətlə mübarizə məqsədi olan qrupların yerləşməsinə yol verməmək barədə razılığa gəlirlər. Müəyyən edilmiş saylır ki, bu müqavilədə xatırlanan Türkiyə ərazisi dedikdə, Türkiyə Böyük Millət Məclisi hökumətinin bilavasitə hərbi və mülki idarəsi altında olan ərazilər nəzərdə tutulur.

    Maddə 11.



    Hər iki razılığa gələn tərəfin digər tərəfin ərazisində olan vətəndaşlarına milli müdafiə üzrə mükəlləfiyyətlər istisna olunmaqla, onların olduğu ölkənin qanunlarından irəli gələn bütün hüquqlar və vəzifələr şamil olunacaq, onlar bundan azad ediləcəklər.
    Hər iki tərəfin ailə hüququna, hər iki tərəfin vətəndaşlarının miras hüququna və iş qabiliyyətlərinə dair məsələlər də bu müqavilənin qərarlarından istisna təşkil edirlər. Onlar xüsusi sazişlə həll ediləcəklər.

    Maddə 12.



    Hər iki razılığa gələn tərəf digər tərəfin ərazisində olan, razılığa gələn tərəflərin hər birinin vətəndaşlarına ən əlverişli şərait prinsipini tətbiq etməyə razıdırlar.
    Bu maddə sovet respublikalarının öz ərazilərində müttəfiq sovet respublikalarının vətəndaşlarına verilən hüquqlara, eyni dərəcədə Türkiyənin ona müttəfiq olan müsəlman ölkələrinin vətəndaşlarına verdiyi hüquqlara tətbiq olunmur.

    Maddə 13.



    1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir.
    Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir.
    Yuxarıda göstərilən maddədə xatırlanan sakinlər xatırlanan əraziləri tərk etmək arzılarını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar.

    Maddə 14.



    Razılığa gələn tərəflər bu müqavilənin imzalandığı gündən sonrakı altı ay ərzində 1918-1920-ci illər müharibələrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdələrinə götürürlər.

    Maddə 15.



    Razılığa gələn hər bir tərəf bu müqavilə imzalandıqdan dərhal sonra Qafqaz cəbhəsində hərbi hərəkətlərdən irəli gələn cinayətlərə və əməllərə görə digər tərəfin vətəndaşlarına tam amministiya elan etməyi öhdəsinə götürür.

    Maddə 16.



    Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı iki ay ərzində razılığa gələn tərəflərdən birinin ərazisində olan köhnə hərbi əsirləri və mülki əsirləri qaytarmağa razıdırlar.

    Maddə 17.



    Öz ölkələri arasındakı münasibətlərin fasiləsizliyini təmin etmək məqsədi ilə razılığa gələn tərəflər müştərək razılaşma yolu ilə dəmiryol, teleqraf və s. rabitə vasitələrinin saxlanması və mümkün sürətlə inkişafı, eyni dərəcədə hər iki ölkə arasında insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsini təmin etmək məqsədi ilə bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər.
    Lakin etiraf edilir ki, həm səyahət edənlərin, həm də malların yerdəyişməsinə, girişinə və çıxışına münasibətdə hər ölkədə buna dair müəyyən edilmiş qaydalar tam tətbiq ediləcəkdir.

    Maddə 18.



    Razılığa gələn tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirmək üçün ticarət münasibətləri qurmaq, bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək məqsədi ilə bu müqavilə imzalandıqdan dərhal sonra Tiflisdə maraqlı tərəflərin təmsilçilərindən ibarət komissiya yaradılacaq.

    Maddə 19.



    Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı
    3 ay ərzində Konsul Konvensiyasını başa çatdırmağı öhdələrinə götürülər.

    Maddə 20.


    Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış bu müqavilə ratifikasiya edilməlidir.
    Ratifikasiyalarla mübadilə ən qısa müddətdə Erivanda olacaq.
    Bu müqavilə ratifikasiya olunduğu andan qüvvəyə minir. 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisnadır, onlar müqavilə imzalandıqdan dərhal sonra qüvvəyə minirlər.
    Bu göstərilənləri təsdiq etmək üçün yuxarıda adları çəkilən müvəkkillər bu müqaviləni imzaladılar və ona öz möhürlərini vurdular.
    Qarsda 13 oktyabr 1921-ci ildə (1337) beş nüsxədən ibarət tərtib edilmişdir.
    (M.Y.) imza. Askanaz Mravian, (M.Y.) imza. Kazım Qarabəkir.
    (M.Y.) imza. Poqos Makinzian. (M.Y.) imza. Vəli bəy.
    (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.
    (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.
    (M.Y.) imza. Aleksandr Svanidze.
    (M.Y.) imza. Qanetski.


    Əlavə 1.




    Türkiyənin şimal-şərq sərhədi aşağıdakı şəkildə müəyyənləşdirilir: (rus baş qərərgahının 1/210000 - düymdə 5 verst miqyasında xəritəsinə əsasən).
    Qara dənizdə Sarp kəndi - Qara Şalvar dağı (5014) - çayın suayrıcı ilə V.Maradidi kəndindən şimalda "uçuq kilsə" istiqaməti ilə
    V.Maradidi kəndindən şimalda Çoroxu kəsir və sonra Sabur kəndinin şimalından keçir - Xedis Mta dağı (7052) - Kva-Kibe dağı - Kavtereti kəndi - Medzıbna dağının ayırıcı xətti - Qerat Kesun dağı (6468) - Korda dağının (7910) ayırıcı xəttindən keçir - Şavşet sıra dağlarının qərb hissəsinə keçmiş Artvin dairəsinin inzibati sərhədinə çıxır - Şavşet dağlarının ayırıcı xəttindən keçərək Sarı Çay (Kar-İssal) (8478) dağına çıxır - Kviral aşırımı - oradan Kankı dağda keçmiş Ərdahan dairəsinin əvvəlki inzibati sərhədinə çıxır - oradan şimala yönələrək Tlil (Qrmali) dağınadək çatır - Ərdahan dairəsinin həmin sərhədi ilə irəliləyərək Badela kəndinin şimal-şərqinə, Posxov çayına çıxır və həmin çayla cənuba Çançaq kəndindəki dağa qədər gedir - orada bu çayı geridə qoyur - gədiklə xətti ilə irəliləyərək Ayrılan-Baş dağına (8512) qalxır - Kəllə təpə (8463), Karman təpə (9709) dağlarından keçir - Kasris-Seri dağına (9681) çatır - buradan Karzamet çayı ilə Kür çayınadək gedir - oradan Kür çayının talveqi ilə Kartanakev kəndinin şərqindəki məntəqəyə çıxır - orada Qaraoğlu dağının (7.259) gədiyindən keçməklə Kür çayından aralanır - oradan Xazapin gölünü iki yerə bölərək 7582 yüksəkliyinə, oradan Göydağa (9152) çıxır - Üçtəpələr (9783), burada Gürcüstanla sərhəd bitir və Ermənistanla sərhəd başlanır: Taya-qala (9716) - 9065 zirvəsi, burada sərhəd Ərdəhan dairəsinin keçmiş sərhədini tərk edir və Böyük Ağbaba dağından (9973 və ya 9963) - 8828 və ya 8827 - 7602 - buradan düz xətlə 7.518 zirvəsinə - İbiş kəndinin şərqindən, sonra Qızıldaş dağından (7.439 və ya 7.440, yaxud 7.490), Yeni Qazılıdaş kəndindən keçir - oradan Novıy Qızıldaş kəndinlən axan çayla onun Qaraməmməddən şimal-qərbdə yerləşən döngəsinədək çayayırıcı ilə gedir - oradan Delaver, B.Kmlı və Tikinis kəndlərindən şərqdə yerləşən Camuşçu çayına çıxır - Vartanlı və Baş Şuragel kəndlərindən keçir - adı çəkilən çayla gedərək Kəlala və ya Qalalıdan şimalda Arpa-çayına çıxır - orada həmişə Arpa-çayın talveqi ilə gedərək Araza çıxır və Arazın talveqi ilə gedərək Urmiya kəndinə çıxır, burada Ermnəistanla sərhəd bitir və Azərbaycanla sərhəd başlanır - Arazın talveqi ilə Aşağı Qarasunun ona töküldüyü yerədək gedir və burada Azərbaycanla sərhəd qurtarır).
    N.B. Aydındır ki, sərhəd göstərilən yüksəkliklərin ayırıcından keçir.
    (M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.
    (M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.
    (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.
    (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.
    (M.Y.) imza. Aleksandr Svanidze.
    (M.Y.) imza. Qanetski.


    Əlavə 2.




    Sərhəd xəttinin Əlavə 1-də göstərildiyi kimi, Arpa-çay və Araz çaylarının talveqindən keçdiyini diqqətə aldıqda, Türkiyə Böyük Millət Məclisi Hökuməti yalnız Arpaçay rayonunda blokhauz xəttini onun indiki cizgisində Aleksandropol-Yerevan dəmiryolundan 8 verst məsafəyə geri çəkməyi və Araz rayonunda göstərilən dəmiryol xəttindən 4 verst geriyə çəkməyi öhdəsinə götürür
    Yuxarıda göstərilən rayonları məhdudlaşdıran xətlər Arpaçay zonası üçün aşağıda A və B bəndlərində 1, Araz zonası üçün 2 bəndində göstərilir.
    1.Arpaçay zonası
    A) Vartanlıdan cənub-şərqə - Uzun Kilisadan şərqə, Bozyar dağından (5.096) keçməklə - Karmir-vankdan şərqdə 5082 - 5047, Üçtəpə (6478 və ya 5578) - Arazoğlunun şərqi - Aninin şərqi - - Yeniköydən qərbdə Arpaçaya çatır.
    B) Yenidən Arpaçaydan 5019 yüksəkliyinin şərqinə sarı aralanır - birbaşa 5481 yüksəkliyinə gedir - Qızılquladan şərqdə 4 1/2 verstdən - Bocalıdan şərqdə 2 verstdən - sonra Diqorçay - bu çay boyunca Düzkeçid kəndinə qədər irəliləyir və düz xətlə Qarabağ xarabalıqlarından şimala irəəliləyir və Arpaçaya çıxır.
    II.Araz zonası
    Xaraba Alican və Süleyman Dizə kəndi arasında düz xətt.
    Bir tərəfdən Aleksandropol-Yerevan dəmiryol xətti ilə
    və digər tərəfdən yuxarıda adı çəkilən dəmiryol xəttindən
    səkkiz və dörd verst məsafədə yerləşən xətlərlə məhdudlaşan
    zonada Türkiyə Böyük Millət Məclisi Hökuməti hər hansı
    fortifikasiya istehkamları qurmayacağını öhdəsinə götürür.
    (bu məsafə xətti göstərilən zonadan kənarda yerləşir) və
    onlarda nizami qoşunlar saxlamayacaq, lakin o göstərilən
    zonalarda asayişin, təhlükəsizliyin təmin olunması üçün
    və inzibati ehtiyaclar üçün qoşun saxlamaq hüququnu saxlayır.
    (M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.
    (M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.
    (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.
    (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.
    (M.Y.) imza. Aleksandr Svanidze.
    (M.Y.) imza. Qanetski.


    Əlavə 3.




    Naxçıvanın ərazisi
    Urmiya kəndi - oradan düx xətlə Arazdəyən stansiyasına
    (onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) -
    sonra düz xətlə 3142 qərbində Daşburun dağına - Daşburun
    dağının şərq ayırıcı xətti (4108) - Cəhənnəm dərəsi çayından
    "bulaq" yazısının cənubu - Bağarsıq dağının gədik xətti
    ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin
    və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir -
    6629 yüksəkliyi - Kömürlü dağı (6839 və ya 6930) - oradan
    3080 yüksəkliyi - Sayat dağı (7868 - Qurdqulaq kəndi)
    Qamesur dağı (8160) - 8022 yüksəkliyi - Kükü dağ (10282)
    və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir.
    (M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.
    (M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.
    (M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muştar bəy.
    (M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.
    (M.Y.) imza. Aleksandr Svanidze.
    (M.Y.) imza. Qanetski.
    Müqavilə Ümumittifq MİK tərəfindən 16 mart 1922-ci ildə ratifikasiya olunmuşdur.
#05.10.2009 09:08 0 0 0
  • Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekret




    Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekreti

    Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
    Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.
    Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovnistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
    Hansı formada təzahür etməsindən asıla olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.
    Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara alır:
    1) Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.
    2) Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər.
    3) Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə edilsin.
    Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik indiki sahiblərinin ixtiyarında saxlanılır.
    4. Vilayət icraiyyə komitəsi bütün zəruri maliyyə və texniki vəsaitlərlə bilavasitə AzMİK-nin sərəncamı ilə Az SSR-in ümumi vəsaitlərindən təchiz olunur.
    5. Vilayətin əsasnaməsini işləyib hazırlanması və inzibati vahidlərin faktik olaraq Qarabağ Muxtar Vilayətinə verilməsi, və habelə Muxtar Vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün Dağlıq Qarabağ, düzən Qarabağ, Kürdüstan və ASSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komissiyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə edilsin.
    AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov
    AzMİK katibi M.Xanbudaqov
    SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı. Bakı şəhəri, 1925-ci il, səh. 384-385.





#05.10.2009 09:13 0 0 0

  • SSRİ Nazirlər Soveti Qərar № 4083
    23 dekabr 1947-ci il. Moskva, Kreml
    Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən
    Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında.


    əlavə 10/ III- 48-ci il. № 754

    SSRİ Nazirlər Soveti qərarı alır:

    1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhalisi, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.

    2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın:

    a) kolxozçular və digər azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin izah edilməsini təşkil etsinlər;
    b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq işlənmiş əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş miqdarda tam hesablaşmanı təmin etsinlər;
    c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların daşınmasını təmin etsinlər.

    3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən şəxsləri işdən azad etsinlər.

    4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhali üçün aşağıdakı imtiyazlar müəyyən edilisin:

    a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin;
    b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə güzəştlər istisna olmaqla, aid edilsin;
    c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 manat miqdarında qaytarılmayan pul müavinəti verilsin;
    d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşma yerlərində nəğd hesabla ailə başçısına 1,5 sentner və hər ailə üzvünə 0,5 sentner ərzaq taxılı satılsın.

    5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə çıxdıqları yerlərdə tədarük təşkilatlarına dəyişmə qəbzləri ilə kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin.

    6. Kənd Təsərrüfatı bankına tapşırılsın:

    a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit versin;
    b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli borclar versin.

    7. Yollar Nazirliyinə tapşırılsın:

    a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə təchiz olunmuş və dezinfeksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin;
    b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların verilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın.

    8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar ayırsın.

    9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun.

    10. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən köçürülən əhalinin köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar barədə SSRİ Nazirlər Sovetinə məlumat versin.

    11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.



    SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin.
    SSRİ Nazirlər Sovetinin İşlər müdiri A. Çadayev.

    SSRİ NAZİRLƏR SOVETİ Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml
    Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında

    SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı Qərarına əlavə olaraq SSRİ Nazirlər Soveti qərara alır: 1. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına tamamilə köçürülmüş kolxozlara onlarda olan bütün istehsal vasitələrini (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini, bütün növlərdən olan qara-malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini və digər əmlakı, habelə natural və digər fondları) yardımçı müəssisələr (dəyirmanlar, dinglər, elektrik stansiyaları) və digər istehsalat, mədəni-məişət tikililəri istisna olmaqla, özlərilə aparmağa icazə verilsin.
    2. Müəyyən edilsin ki, Azərbaycan SSR-in Kür-Araz ovalığına kolxozçuları köçürülən Enmənistan SSR-in kolxozları köçürülən kolxozçuların payına düşən daşınan əmlakı (kənd təsərrüfatı maşınlarını, inventarı, canlı və mexaniki qoşqu vasitələrini bütün növlərdən olan qara malı və quşları, arı ailələrini, nəqliyyat vasitələrini, natural və digər fondları) köçürülmə faizində onların tərkibinə daxil olduqları kolxozlara verirlər, onların payına düşən daşınmaz əmlakın (çoxillik bitkilərin, dəyirmanların, elektrik stansiyalarının və digər təsərrüfat və məişət tikililərinin) dəyəri isə Azərbaycan SSR Nazirlər Soveti və Ermənistan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilmiş müddətlərdə məskunlaşma yerlərindəki kolxozlara verilir.
    3. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlarla, kolxozçularla və digər azərbaycanlı əhali ilə onların Ermənistan SSR-də saxladıqları əmlaka görə hesablaşmaların qaydasını bir ay müddətində müəyyən etsinlər.
    4. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, köçürülən kolxozçulara, həmçinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən fəhlələrə və qulluqçulara çıxma yerlərində onlara məxsus evlərin satılmasında kömək etsinlər.
    5. Azərbaycan SSR Nazirlər Sovetinin köçürülən əhalinin təsərrüfat quruluşu və kolxoz təsərrüfatlarını köçürülməsi şöbəsinin Azərbaycan SSR Nazirlər Sovetinin köçürülmə idarəsinə çevrilməsi məqsədəuyğun hesab edilsin.
    6. Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi İdarəsinə köçürülən kolxozlara, köçürülən kolxozçulara, köçürülən kolxozçulara texniki yardım və inşaat materialları ilə təmin edilməkdə yardım edilməsi, habelə göstərilən köçürülmələrin abad məskunlaşması üçün zəruri olan yardımçı müəssisələrin tikilməsi həvalə edilsin.
    7. Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ kənd təsərrüfatı nazirliyinə "Azərköçürmətikinti" kontorunun bazasında "Azərköçürmətikinti" tresti, onun Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi İdarəsinə tabe etməklə, təşkil edilməsinə, habelə göstərilən trestdə Səlyan, Əli-Bayramlı, Sabirabad və Puşkin məntəqələrində tikinti-quraşdırma kontorları təşkil edilməsinə icazə verilsin.

    8. Azərbaycan SSR Nazirlər Sovetinə:
    a) kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi dövrü üçün Ermənistan SSR-də (Yerevan şəhərində) nümayəndəlik təşkil etməyə;
    b) azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsilə əlaqədar hazırlıq işlərinin aparılmasına (layihələşdirməyə, yardımçı müəssisələrin tikilməsinə, meşə-sənaye təsərrüfatlarının təşkilinə, materiallar, tikinti avadanlığı, nəqliyyat-vasitələri alınmasına) respublika üzrə mərkəzləşdirilməmiş (limitdən kənar) əsaslı xərclərə 1948-ci il üçün nəzərdə tutulmuş məbləğ hesabına 1948-ci ildə 11 milyon manat xərcləməyə;
    c) Molotov vilayətində meşə materialları tədarükü üzrə işlər üçün və Azərbaycan SSR-in Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinin apardığı işlər üçün respublikanın kənd əhalisi arasından 1948-ci ildə 700 nəfər təşkil edilmiş toplama aparmağa icazə verilsin.
    9. Azərbaycan SSR Kür_araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinə:
    a) 1948-ci ildə qurğular, binalar və yardımçı müəssisələr tikilməsi üzrə işlər aparmağa, həmçinin kənd təsərrüfatı komitəsilə razılaşdırılmış maliyyə-hesablamaları üzrə köçürülmə tikintisinin gələcək genişləndirilməsinə hazırlıq tədbirləri görməyə:
    b) 1948-1950-ci illərdə Molotov vilayitində meşə-sənaye təsərrüfatının istehsal gücünü artırmağa icazə verilsin.
    10. SSRİ Dövlət Təchizat Komitəsinə, Avtomobil və traktor sənayesi nazirliyinə, Maşınqayırma və cihazqayırma nazirliyinə, Elektrik sənayesi nazirliyinə, SSRİ ət və süd sənayesi nazirliyinə, SSRİ Tikinti materialları sənayesi nazirliyinə, Kimya sənayesi nazirliyinə, SSRİ Yeyinti sənayesi nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsi üçün Əlavəyə uyğun miqdarlarda avadanlıq və materiallar göndərsin.
    11. Mərkəzi kooperativlər ittifaqına tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozlara və kolxozçulara satmaq üçün Azərbaycan SSR Nazirlər Soveti ilə razılaşdırmaqla inşaat materialları və avtomaşınlar gətirsin.
    12. Yollar nazirliyinə tapşırılsın ki, 1948-ci ildə Azərbaycan SSR Kür-Araz ovalığına suvarılan torpaqların mənimsənilməsi idarəsinə Azərbaycan dəmir yolunun Lənkəran, Səlyan, Sarıcalar, Saatlı, Qırmızı Kənd, Daykənd, Papanin, Yeni Osmanlı, Maşburun, Ucar və Masallı stansiyalarında dəmir yolunun ixtiyarında olan sahə hüdudlarında göndərmə-yükləmə meydançalarına dalanlar çəkilməklə boşaltma-yükləmə və rels anbarları üçün hər birinin uzunluğu 600 metr olan sahələr ayırsın. Göstərilən işlərin aparılması Azərbaycan SSR Kür-Araz ovalığında suvarılan torpaqların mənimsənilməsi idarəsinə həvalə edilsin.
    13. SSRİ Kənd təsərrüfatı nazirliyinə 1948-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycan SSR-in meşə materialları tədarükü təşkilatlarına satmaq üçün atçılıq zavodlarından çıxdaş edilmiş 50 at ayırmağa icazə verilsin.
    14. SSRİ Nazirlər Soveti yanında Dövlət ştat komissiyasına tapşırılsın ki, Azərbaycan SSR Nazirlər Soveti yanında təşkil edilən köçürülmə idarəsinin, "Azərköçürmətikinti" trestinin və onun tikinti-quraşdırma kontorlarının, habelə Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan SSR-in Yerevan şəhərində nümayəndəliyinin ştat cədvəllərini bir ay müddətində nəzərdən keçirsin və təsdiq etsin.






    SSR İttifaqı Nazirlər Sovetinin sədri İ.Stalin
    SSRİ Nazirlər Sovetinin İşlər müdiri Y.Çadayev.
#05.10.2009 09:36 0 0 0
  • AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTI

    1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
    Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
    Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
    SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
    "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
    Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.




    I. ÜMUMİ MÜDDƏALAR



    Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.

    Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

    Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.
    Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər arasında nizama salınmalıdır.

    Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.
    Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.
    Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir.

    Maddə 5. Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir.

    Maddə 6. SSRİ-nin dövlət borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına keçə bilər ki, respublikanın ərazisində təsərrüfat fəaliyyəti nəticəsində və Azərbaycan Respublikasının ixtiyarına keçən SSRİ əmlakı ilə əlaqədar yaranmış olsun.

    Maddə 7. SSRİ-nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq hüquqa uyğun olaraq müqavilə üzrə başqa dövlətlərə - SSRİ-nin keçmiş subyektlərinə verilə biləcək hissəsi istisna təşkil edir.
    SSRİ-nin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın milli gəliri, təbii və başqa ehtiyatları hesabına yaranmış əmlakı bu əmlakın yaranmasında Azərbaycanın töhfəsinə müvafiq həcmdə, müqavilə üzrə Azərbaycan Respublikasına keçir.



    II. AZƏRBAYCAN XALQI



    Maddə 8. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.

    Maddə 9. Öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur.

    Maddə 10. Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının hər hansı hissəsi, hər hansı bir şəxs suveren hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
    Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan Respublikasının parlamentinə ümumi, bərabər və birbaşa seçki hüquqi əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

    Maddə 11. Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.



    III. AZƏRBAYCAN DÖVLƏTİ


    Maddə 12. Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suverən hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.

    Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir.

    Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suverən hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.

    Maddə 13. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə əsaslanır.

    Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının parlamenti tərəfindən həyata keçirilir.
    Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası Prezdentinə məxsusdur.

    Məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada - hər birinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir.

    Maddə 14. Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünə və özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir; yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər.
    Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməz.

    Maddə 15. Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları qüvvədədir.
    Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, icra və məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, qanun və hüquq ilə məhdudlaşdırılır.
    Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir.

    Maddə 16. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur: dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək.

    Maddə 17. Azərbaycan Respublikası:
    1. Azərbaycan xalqının birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır.
    2. Sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafı üçün bərabər şərait yaratmalıdır.
    3. Dövlət və ya ictimai mənzil fondunun evlərində abad yaşayış sahəsi almaqda və ondan daimi istifadə etməkdə, fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına kömək göstərməlidir.
    4. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiq həyat səviyyəsini, binəsiblərin sosial müdafiəsini təmin etməyə çalışmalıdır.
    5. Azərbaycan Respublikası vətəndaşlarının həyatına, sağlamlığına, şəxsi azadlığına və təhlükəsizliyinə edilən qəsdlərdən onların müdafiəsini təmin etməlidir.
    6. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizəsinə kömək göstərməli, dövlətin əzəli və təbii özəyi olan ailəni, habelə anaları və uşaqları himayə etməlidir.

    Maddə 18. Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vahid vətəndaşlığı müəyyən edilir.
    Azərbaycan Respublikası öz vətəndaşlarının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyır, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyırlar.
    Heç kəs vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının hüquqlarından kənarda olan hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqi müdafiəsinə təminat verilir.

    Maddə 19. Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikası insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqatından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir.
    Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.




    IV. İQTİSADİ MÜNASİBƏTLƏR

    Maddə 20. Bütün təbii ehtiyatlar hər hansı şəxslərin və ya təşkilatların mülkiyyət hüquqlarından və mənafeyinə xələl gətirilmədən Azərbaycan Respublikasına məxsusdur.

    Maddə 21. Hansı mənbədən gəlirsə gəlsin, Azərbaycan Respublikasının bütün mədaxili vahid ehtiyatlar əmələ gətirir və bu ehtiyatlar qanundan irəli gələn tələblərə və öhdəliklərə əməl olunmaqla, qanunun müəyyən etdiyi məqsədlər üçün və qanunun müəyyən etdiyi qaydada işlədilir.

    Maddə 22. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər.
    Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir; qanun onların alınması və onlardan istifadə olunması üsullarını, onların fəaliyyət hüdudlarını müəyyən edir.
    Xüsusi və kollektiv mülkiyyət məcburi şəkildə özgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilə bilər.
    Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmir.

    Maddə 23. Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyət bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır.

    Maddə 24. Azərbaycan Respublikası kooperasiyaya rəvac verir və müxtəlif kooperativ təşkilatlarının və başqa birliklərin qanuna müvafiq surətdə inkişafı üçün lazımi şərait yaradır.

    Maddə 25. Azərbaycan Respublikası bütün formalarda əməyi mühafizə edir. Öz əməyinin kəmiyyət və keyfiyyətinə uyğun olaraq zəhmətkeşin azad və ləyaqətli yaşayış üçün kifayət edən haqq almaq hüququ vardır.
    Qanunla müəyyən edilmiş hallardan başqa, məcburi əmək qadağan edilir.
    Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq imkanlarından məhrum olan hər bir vətəndaşın dövlətdən kömək və yardım almaq hüququ vardır.
    Zəhmətkeşlər həmkarlar ittifaqları təsis etməkdə azaddırlar.
    Tətil hüququnu zəhmətkeşlər bu hüququ tənzimləyən qanunlar çərçivəsində həyata keçirirlər.



    V. SİYASİ MÜNASİBƏTLƏR

    Maddə 26. Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarının seçki hüququ vardır.
    Səsvermə şəxsi, bərabər, azad və gizlidir.
    Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla bilər.
    Maddə 27. Azərbaycan Respublikasının siyasətinin müəyyənləşdirilməsinə demokratik yolla kömək etmək üçün Azərbaycan Respublikasının bütün vətəndaşlarının azad surətdə siyasi partiyalar və digər ictimai birliklər yaratmaq hüququ vardır.

    Maddə 28. Siyasi plüralizm prinsiplərinə uyğun olaraq siyasi partiyalar ictimai rəyin formalaşdırılmasında və ifadəsində iştirak edirlər və siyasi fəaliyyətin əsas ünsürləridir. Onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində azaddır.

    Maddə 29. Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
    Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir.

    Maddə 30. Azərbaycan Respublikasının bütün vətəndaşları öz gəlirlərinə uyğun olaraq dövlət xərclərində iştirak etməlidirlər.
    Vergi sistemi mütərəqqilik prinsipinə əsaslanır.

    Maddə 31. Bütün vətəndaşlar Azərbaycan Respublikasına sadiq olmalı, onun Konstitusiyasına və qanunlarına riayət etməlidirlər.



    VI. YEKUN MÜDDƏALARI

    Maddə 32. Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.


#05.10.2009 09:46 0 0 0
  • Qətnamə 822
    S/RES/822 (1993)
    30 aprel 1993

    Birləşmiş Millətlər Təşkilatı
    Təhlükəsizlik Şurası

    QEYRI-RƏSMI TƏRCÜMƏ
    Qətnamə 822 (1993)
    30 Aprel 1993-cü il
    Təhlükəsizlik Şurası, Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq,
    Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq,
    Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
    Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək,
    Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq,
    Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək,
    Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək,
    Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
    Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,
    1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
    2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
    3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;
    4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
    5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

    3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

    Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il rəsmi hesabatları, qətnamələri və qərarları.

    l. S/25199.
    2. S/25539.
    3. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin aprel, may və iyun ayları üçün əlavə, sənəd S/25600.

    Qətnamə 853


    S/RES/853 (1993)
    29 iyul 1993

    Birləşmiş Millətlər Təşkilatı
    Təhlükəsizlik Şurası

    QEYRI-RƏSMI TƏRCÜMƏ
    Qətnamə 853 (1993)
    29 iyul 1993-cü il
    Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək,
    Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il1 tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək,
    Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
    Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq,
    Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək,
    Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq,
    Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək,
    Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
    Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
    1. Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;
    2. Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;
    3. Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;
    4. Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır;
    5. Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir;
    6. 822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;
    7. Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır;
    8. Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə, və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır;
    9. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;
    10. Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;
    11. Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;
    12. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir;
    13. Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;
    14. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.


    3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

    Mənbə: 1993-cü il üçün Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qətnamə və qərarları.

    1. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il. 1993-cü ilin iyul, avqust və sentyabr ayları üçün əlavələr, sənəd S/26184.



    Qətnamə 874


    S/RES/874 (1993)
    14 oktyabr 1993

    Birləşmiş Millətlər Təşkilatı
    Təhlükəsizlik Şurası

    QEYRI-RƏSMI TƏRCÜMƏ
    Qətnamə 874 (1993)
    14 oktyabr 1993-cü il
    Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq,
    Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək,
    Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək,
    8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək,
    Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,
    Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək,
    1. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;
    2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;
    3. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli"ni3 alqışlayır və tərəflərin diqqətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır;
    4. Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;
    5. Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləşdirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;
    6. ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləşdirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;
    7. Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;
    8. ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;
    9. Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;
    10. Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;
    11. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir;
    12. Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;
    13. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

    3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

    Mənbə: Təhlükəsizlik Şurasının 1993-cü il üçün rəsmi hesabatları, Qətnamələri və qərarları.




    l.S/26326.
    2. Təhlükəsizlik Şurusının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə, sənəd S/26522.
    3. Yenə orada, sənəd S/26522, əlavə.




    Qətnamə 884


    12 noyabr 1993

    Birləşmiş Millətlər Təşkilatı
    Təhlükəsizlik Şurası

    QEYRI-RƏSMI TƏRCÜMƏ
    Qətnamə 884 (1993)
    12 noyabr 1993-cü il
    Təhlükəsizlik Şurası, 30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,
    Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək,
    ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq,
    Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
    Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticəsində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək,
    Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,
    Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək,
    Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,
    1. Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
    2. Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
    3. ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;
    4. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə"2 uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;
    5. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;
    6. Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;
    7. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;
    8. Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;
    9. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.


    3313 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

    Mənbə: 1993-cü il üçün Təhlükəsizlik Şurasının rəsmi hesabatları, Qətnamələri və qərarları.




    1. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin oktyabr, noyabr və dekabr ayları üçün əlavə. Sənəd S/26718.
    2. Yenə orada, sənəd S/26522, əlavə.








#05.10.2009 10:01 0 0 0




  • AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ MÜŞAVIRƏSI ŞURANIN BİRİNCİ ƏLAVƏ GÖRÜŞÜ
    Helsinki
    mart 1992-ci il
    Nəticələrin xülasəsi


    II


    3. Nazirlər Dağlıq Qarabağda və onun ətrafında davam etməkdə olan, dinc əhali arasında insan tələfatının artması və insanların əziyyətinin artması ilə nəticələnən silahlı münaqişənin miqyasının artması ilə əlaqədar ciddi narahat olduqlarını bildirmişlər. Onlar münaqişəyə xitam verilməsinin yollarını və vasitələrini geniş müzakirə etmiş, münaqişənin davam etməsinin və daha da genişlənməsinin regional və Beynəlxalq təhlükəsizlik üçün doöura biləcəyi nəticələri xatırlamışlar. Onlar bütün tərəfləri təmkin göstərməyə çağınmışlar. 4. Nazirlər ən qətiyyətli şəkildə atəşkəsin dərhal və səmərəli şəkildə həyata keçirməyə, bu işdə yerlərdəki məsul komandirlərin fəal iştirakına çağırmışlar. Onlar Etimad şraitinin və kostruktiv daloq üçün şəraitin bərpa edilməsinə, o cümlədən iqtisadi və siyasi təzyiq tədbirlərinə son qoymağa çağırmışlar.
    5. Nazirlər ATƏM çərçivəsində cair fəaliyyəti təhlil etmiş və yüksək vəzifəli şəxslər komitəsi tərəfindən həyata keçirilən qərarları bütölükdə bəyənmişlər. Onlar ATƏM-in hazırkı sədrinin bu istiqamətdə atdığı addımlarına görə ona minnətdarlıqlarını bildirmiş və zəruri hallarda ona hər cür kömək göstərməyə hazır olduqlarını vurğulamışlar.
    6. Nazirlər Avropa birliyi və onun üzvü olan dövlətlər tərəfindən, müstəqiq dövlətlər birliyinin üzvü olan dövlətlər tərəfindən, şimali atlantika əməkdaşlıq şurasının üzvüləri tərfindən göstərilən, bir-birini qarşılıqlı tamamlıyan səyləri, o cümlədən BMT-nin baş katibinin göstərdiyi səyləri alqışlamışlar.
    Onlar ATƏM-in fəaliyyətdə olan sədrindən xahiş etmişlər ki, bu məsələdə BMT ilə sıx əlaqə saxlanılsın və müntəzəm informasiya mübadiləsi təşkil edilsin. Nazirlər razılaşmışlar ki, ATƏM bu münaqişə ilə əlaqədar sülh prosesinin inkişafı məsələsində mühüm rol oynamalıdır. Onlar razılaşmışlar ki, Dağlıq Qarabağda və onun ətrafında yaranmış vəziyyət ATƏM tərəfindən əlavə tədbirlər görülməsini tələb edir.
    7. Nazirlər ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədri cənab İrji Dinstbirə tapşırmışlar ki, atəşkəs əldə edilməsinə və səmərəli atəşkəsin qorunub saxlanmasına, eləcə də ümumi əhatəli dinc tənzimləmə üçün hüdudların yaradılmasına kömək etmək üçün ən yaxın vaxtda bu regiona getsin.
    8. Nazirlər qəti əmin olduqlarını bildirmişlər ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ məsələsinə dair konfrans keçirilməsi böhranın dirc yolla, ATƏM-in prinsipləri, öhtəlikləri və qaydaları əsasında tənzimlənməsi məqsədilə danışıqlar aparılması üçün daimi fəaliyyətdə olan form yaradılmasını təmin edəcəkdir. Bununla əlaqədar Nazirlə ATƏM-in Nazirlə Şurasının hazırkı sədrindən xahiş etmişlər ki, elə bir konfrans mümkün ədər tezliklə çağırılsın.
    9. Bundan əlavə, nazirlər razılaşmışlar ki, Minskdə keçiriləcək həmin konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaqdır. Seçilmiş nümayəndələri və Dağlıq Qarabağın digər nümayəndələrini konfransa onun sədri tərəfindən, konfransda iştirak edən dövlətlərlə məsləşətləşmələrdən sonra bu işdə marağı olan tərəflər kimi dəvət ediləcəkdir.
    10. Nazirlər ATƏM-in iştirakçısı olan bütün dövlətləri və bütün əlaqədar tərəfləri təkidlə buna çağırmışlar ki, humanitar yardıma ehtiyacı olan hər bir kəsə çevik və səmərəli vasitələrdən, o cümlədən beynəlxalq nəzarət altında təhlükəsizlik dəhlizlərindən istifadə etməklə bütün zəruri addınmlar atılsın.
    11. Nazirlər Ermənistanın və Azərbaycanın ATƏM-in fəaliyyətdə olan sədrinin bu regiondakı missiyasını, eləcə də barəsində ATƏM-in şurasının razılığı əldə edilmiş başqa tədbirləri tam dəstəkləmək öhtəliklərini nəzərə almışlar və möhkəm dinc tənzimləməyə nail olmaq məqsədilə bu ölkələrin hər ikisini həmin öhdəliyi fəal yerinə yetirməyə çağırmışlar.



    AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ MÜŞAVIRƏSI
    1994-cü il BUDAPEŞT SAMMİTİ

    BUDAPEŞT
    5-6 dekabr 1994-cü il
    1994-cü il BUDAPEŞT SƏNƏDİ
    YENİ DÖVRDƏ ƏSL TƏRƏFDAŞLIQ YOLUNDA
    BUDAPEŞT QƏRARLARI



    II

    REGİONAL MƏSƏLƏLƏR
    Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi
    1. İştirakçı dövlətlər münaqişənin davam etməsi və onun insanlar üçün faciəli nəticələr doğurması ilə əlaqədar təsüfləndiklərini bildirməklə, Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə qarşılıqlı əlaqəli şəkildə göstərdiyi vasitəçilik səyləri sayəsində 1994-cü ilin mayın 12-də münaqişə tərəfləri arasında atəşkəs barədə razılaşmanın təsdiq edilməsini alqışlamışlar. Onlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müqafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etmiş və Təhlükəsizlik Şurası tərəfindən ATƏM-in səylərinin siyasi cəhətdən dəstəklənməsini alqışlamışlar. Bu məqsədlə onlar münaqişə tərəflərini məsələnin mahiyyəti barədə daha intensiv danışıqlara, o cümlədən birbaşa kontaktlara başlamağa çağırmışlar. Onlar ATƏM-in bu kontekstdə göstərdiyi səyləri və onun dəstəyini qətiyyətlə artırmaq niyyətində olduqlarını bildirmişlər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini qətiyyətlə dəstəkləmiş, Rusiya Federasiyasının həlledici töhfələrinə və Minsk Qrupunun digər üzvlərinin fərdi xidmətlərinə görə minnətdarlığını bildirmişlər. Onlar bütün bu cür səyləri ATƏM çərçivəsində əlaqələndirmək və birləşdirmək barədə razılığa gəlmişlər. 2. Bu məqsədlə onlar fəaliyyətdə olan Sədrə iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tezliklə Minsk Konfransının həmsədrlərinə təsir göstərməyi tapşırmışlar ki, danışıqlar üçün vahid və razılaşdırılmış baza yaradılsın, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam kordinasiyası təmin edilsin. Bu həmsədrlər danışıqlarda özlərinin bütün səylərində ATƏM-in prinsiplərini və razılaşdırılmış mandatı rəhbər tutaraq, Minsk Qrupunun görüşlərində birgə sədrlik edəcək və fəaliyyətdə olan Sədrə birgə məruzə edəcəklər. Onlar öz işlərinin gedişi barədə Daimi Şuraya müntəzəm məlumat verəcəklər.
    3. Bu səylər çərçivəsində ilk addım kimi onlar Minsk Konfransının həmsədrlərinə tapşırmışdılar ki, Rusiya Federasiyasının və Minsk Qrupunun digər ayrı-ayrı üzvlərinin dəstəyi sayəsində və onlarla əməkdaşlıq şəraitində atəşkəs barədə mövcud razılaşmaya bundan sonra da riayət olunmasına kömək etmək məqsədilə addımlar atılsın və vasitəçlik fəaliyyətinin gedişində əvvəllər əldə edilmiş tərəqqiyə əsaslanaraq, silahlı münaqişənin dayandırılması barədə siyasi saziş bağlanması məqsədilə əməli danışıqlar aparmaq, bu danışıqların həyata heçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və Minsk Konfransını çağırmağa imkan verəcəkdir. Daha sonra, onlar Minsk Konfransının həmsədirlərindən xahiş etmişdilər ki, etimadın, xüsusən humanitar sahədə gücləndirilməsi ilə bağlı tədbirlərin bundan snora da həyata keçirilməsi istiqamətində birgə işlərini davam etdirsindər. Onlar həm də bu rayonun əhalisinə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların müvafiq tədbirlərinin həyata keçirilməsi, rayonun sakinlərinə humanitar yardım göstəriləməsi, qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə xüsusi diqqət yetirilməsinin zəruri olmasını vurğulamışlar.
    4. Onlar razılaşmışlar ki, münaqişə tərəflərinin baxışlarında müvafiq olaraq yuxarıda göstərilən sazişir əldə edilməsi həmin sazişir həyata keçiriləməsinin ən mühüm elementi kimi sülhün qorunub saxlanması ilə bağlı çoxmillətli qüvvələr yerləşdirməyə imkan verərdi. Onlar bildirmişlər ki, BMT-nin müvafiq qətnaməsi qəbul edilərkən silahlı münaqişəyə son qoyulması barədə tərəflər arasındakı razılaşma əldə ediləndən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çox millətli qüvvələrini təqdim etməyə siyasi cəhətdən hazırdırlar. Onlar hazırkı sədrə təklif etmişdirlər ki, 1992-ci il Helsinki sənədinin III fəslinin müddəaları əsasında və BMT-nin nizamnaməsinə tam müvafiq olaraq təşkil edilə biləcək bu cür qüvvələrin yaradılması, onların tərkibi və fəaliyyəti ilə bağlı planın mümkün qədər qısa müddətdə işlənib hazırlanması təmin edilsin. Fəaliyyətdə olan sədr bu işdə Minsk konfransının həmsədirlərinin köməyinə və Minsk qrupunun köməyinə, eləcə də baş katib tərəfindən dəstək alacağına inanır. Müvafiq məsləhətləşmələr aparıldıqdan sonra həmsədr başqa məsələlərlə yanaşı bu qüvvələrin miqdarı və xarakteristikaları, onlara komandanlıq və onların idarə edilməsi, maddi-texniki təminat, müvafiq bölmələrin və resursların paylanması, qüvvələri təqdim edən dövlətlərlə razılaşmalar və qüvvələrdən istifadə edilməsi qaydaları barədə tövsiyyələn hazırlanması üçün Viyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradılacaqdır. O, BMT-nin texniki ekspert və məsləhət yardımı təqdim etməyə hazır olmasını ifadə etməsi ilə əlaqədar kömək üçün ona müraciət edəcəkdir.
    5.1992-ci il Helsinki sənədinin III fəslinin müvafiq müddəaları və bu cür hazırlıq işi əsasında tərəflər arasında razılaşma əldə ediləndən və Minsk kofransının həmsədrləri vasitəsi ilə fəaliyyətdə olan sədrə rəsmi xahiş göndəriləndən sonra daimi şura ATƏM-in sülhün dəstəklənməsi ilə bağlı əməliyyatının keçirilməsi barədə qərar qəbul edəcəkdir.





    AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATI



    1996-cı il SAMMİTİ LİSSABON 2-3 dekabr 1996-cı il

    ATƏT-in FƏALİYYƏTDƏ OLAN SƏDRİNİN BƏYANATI


    Hamınıza məlumdur ki, son iki ildə Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tənzimlənməsi məsələlərində heç bir irəlləyiş əldə edilməmişdir. Mən təəssüflə bildirirəm ki, tənzimlənmə barədə tərəflərin mövqelərinin razılaşdırılması üçün Minsk Konfransının Həmsədrinin bütün səyləri nəticəsiz olmuşdur. Minsk Qrupunun Həmsədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsasa çevrilməli olan üç prinsip tövsiyə etmişdir. Həmin prinsiplər Minsk Qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənmişdir. Bu prinsiplər aşağıdakılardır:
    - Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
    - Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət dərəcəsi verən öz müqəddəratını təyin etmək əsasında sazişlə müəyyən edilir;
    - Dağlıq Qrabağın və onun bütün əhalisinin zəmanətli təhlükəsizliyi, o cümlədən, tənzimlənmənin şərtlərinə bütün tərəflərin riayət etməsinin təmin olunmasına dair qarşılıqlı öhdəliklər.
    Təsüflənirəm ki, Dövlətlərdən biri bu prinsipi qəbul edə bilməmişdir. Qalan iştirakçı dövlətlərin hamısı bu prinsipləri dəstəkləmişdir.
    Bu bəyanat Lissabon Sammitinin sənədlərinə daxil edilmişdir.







#05.10.2009 10:09 0 0 0
  • Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli Qətnaməsi, 2005 il


    ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə


    1416 (2005) saylı Qətnamə (1)

    1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.

    2. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.

    3. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı Qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir.

    4. Assambleya xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə münaqişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşlər. Eyni zamanda, Ermənistan münaqişənin həllini təşviq etmək üçün Dağlıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi öz üzərinə götürmüşdür. Assambleya hər iki Hökumətin bu öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən istifadə etməkdən və hərbi əməliyyatları təbliğ etməkdən çəkinməsini təkid edir.

    5. Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Nazirlər Şurasının 1992-ci ilin mart ayında Helsinkidə münaqişənin dinc yolla həlli üzrə danışıqlar forumunun təmin edilməsi məqsədilə Minskdə konfrans keçirmək barədə razılıq əldə etdiyini xatırladır. Ermənistan, Azərbaycan, Belarus, keçmiş Çex və Slovak Federal Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya Federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları həmin vaxt Konfransda iştirak etməyə razılıq vermişdirlər. Assambleya bu dövlətləri münaqişənin dinc yolla həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırır və onların Assambleyadakı milli nümayəndə heyətlərini bununla əlaqədar öz hökumətlərinin gördüyü tədbirlər barədə hər il Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə, Assambleya öz Bürosundan bu milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad hoc Komitə yaratmağı xahiş edir.

    6. Assambleya, xüsusilə də 1994-cü ilin may ayında atəşkəsə nail olunmasına və həmin vaxtdan etibarən atəşkəsə riayət olunmasının monitorinqinə görə, Minsk Qrupunun Həmsədrlərinin və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi nümayəndəsinin yorulmaq bilmədən göstərdikləri səylərini yüksək qiymətləndirir. Assambleya ATƏT-in Minsk Qrupu Həmsədrlərini silahlı münaqişənin dayandırılması barədə, həyata keçirilməsi münaqişənin bütün tərəflər üçün başlıca nəticələrini aradan qaldıracaq və Minsk Konfransının çağırılmasına imkan verəcək siyasi sazişin bağlanılması üzrə danışıqları sürətləndirmək üçün təcili addımlar atmağa çağırır. Assambleya və Ermənistanı Azərbaycan ATƏT-in Minsk Prosesindən faydalanmağa və Minsk Qrupu vasitəsilə münaqişənin beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə uyğun olaraq dinc yolla həlli üçün öz konstruktiv təkliflərini bir-birinə fəal surətdə təqdim etməyə çağırır.

    7. Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzalamalarını və Nizamnamənin 93-cü Maddəsinin 1-ci bəndinə uyğun olaraq, ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna tərəfdar çıxmalarını xatırladır. Bununla əlaqədar olaraq, Assambleya Minsk Qrupunun Həmsədrlərinin himayəsi altında keçirilən danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Azərbaycan və Ermənistanı Məhkəmənin Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsindən faydalanmağı nəzərdən keçirmələrini təklif edir.

    8. Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində, eləcə də Qafqaz Dördlüyünün Parlament Spikerlərinin görüşləri kimi digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndirməklə özləri arasında siyasi barışığı təşviq etməyə çağırır. O, hər iki nümayəndə heyətinin bu cür barışıq istiqamətində tərəqqini nəzərdən keçirmək üçün Assambleyanın hər hissəvi-sessiyasında görüşməsini tövsiyə edir.

    9. Assambleya Azərbaycan Hökumətini bölgənin gələcək statusu ilə bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi nümayəndələri ilə qeyd-şərtsiz əlaqə qurmağa çağırır. O, bu cür əlaqələr üçün Strasburqda şərait yaradılmasına hazır olduğunu qeyd edir və bir neçə dəfə ermənilərin iştirakı ilə dinləmələr formasında bunu həyata keçirdiyini xatırladır.

    10. Assambleya, özünün Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002) saylı Tövsiyəsini xatırladaraq, bütün üzv və müşahidəçi dövlətləri etnik ermənilərin Azərbaycandan və etnik Azərbaycanlıların Ermənistandan qovulması və silahlı əməliyyatlar nəticəsində köçkün düşmüş yüz minlərlə insana humanitar yardım və kömək göstərməyə çağırır.

    11. Assambleya Ermənistan və Azərbaycan kütləvi informasiya vasitələrində əks olunan bütün nifrət ifadələrini mühakimə edir. Assambleya Ermənistan və Azərbaycana müraciət edərək, məktəblər, universitetlər və KİV vasitəsi ilə öz xalqları arasında qarşılıqlı barışığı, etimad yaradılmasını və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırır. Belə bir barışığın olmadığı təqdirdə, nifrət və etimadsızlıq bölgədə sabitliyə mane olacaq və yeni zorakılığa gətirib çıxaracaqdır. İstənilən davamlı həldən əvvəl və həll zamanı bu cür barışıq prosesi həyata keçirilməlidir.

    12. Assambleya Avropa Şurasının Baş Katibini Ermənistan və Azərbaycana qarşılıqlı barışıq prosesinə yönəlmiş xüsusi dəstək verilməsi üçün fəaliyyət planı hazırlamağa, eləcə də Ermənistan və Azərbaycana dair tədbirlər barədə qərar verərkən bu qətnaməni nəzərə almağa çağırır.

    13. Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresini Ermənistan və Azərbaycanda bələdiyyələrə seçilən nümayəndələrə qarşılıqlı əlaqələrin və bölgələrarası qarşılıqlı əməkdaşlığın qurulmasında yardım etməyə çağırır.

    14. Assambleya, insan hüquqlarına, sabitliyə və sülhə təhlükə törədən ikitərəfli münaqişələri və daxili mübahisələri yerli və regional ərazi icmalarını və hakimiyyətləri cəlb etməklə dinc yolla həll etmək üçün özünün üzv dövlətlərini daha yaxşı mexanizmlərlə təmin etmək məqsədilə Avropa Şurasının münaqişələrin həlli üzrə mövcud mexanizmlərini, xüsusilə də Mübahisələrin dinc yolla həlli üzrə Avropa Konvensiyasını təhlil etməkdə qərarlıdır.

    15. Assambleya bu münaqişənin dinc yolla həllinin mütəmadi əsasda monitorinqini davam etdirməkdə qərarlıdır və bu məsələnin nəzərdən keçirilməsinə özünün 2006-cı ildə ilk hissəvi-sessiyasında qayıtmağa qərar verir.





    (1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).





    ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə


    1690 (2005) saylı tövsiyə (1)

    1. Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416 (2005) saylı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:

    ı. xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırsın;

    ıı. Azərbaycan və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in Nazirlər Şurasının münaqişəyə dair qərarlarının yerinə yetirilməsinin monitorinqini aparsın və monitorinqin nəticələri barədə Assambleyaya hesabat versin;


    ııı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, münaqişənin dinc yolla həll olunması üçün üzv dövlətlər tərəfindən göstərilən səylər barədə Assambleyaya hesabat versin. Bu hesabatda BMT Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinin ziddinə olaraq üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinib-çəkinməmələri də öz əksini tapsın;

    ıv. Dağlıq Qarabağ münaqişəsi haqqında özünün 1251 (1994) saylı tövsiyəsini xatırladaraq, Azərbaycan və Ermənistanın istədikləri təqdirdə, Dağlıq Qarabağın siyasi statusunun müəyyənləşdirilməsinə köməklik məqsədilə ekspertləri onların sərəncamına versin;

    v. Azərbaycan və Ermənistanda xüsusi etimad yaradılması tədbirləri üzrə fəaliyyət planı üçün vəsait ayırsın;

    vı. hər iki ölkədən müəllimlər və jurnalistlər üçün daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışıq məqsədi güdən xüsusi treninq proqramlarının həyata keçirilməsinə vəsait ayırsın;

    vıı. xüsusilə təhsil müəssisələri və ictimai KİV-ə dair İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası tərəfindən hər iki ölkə üçün xüsusi fəaliyyətə vəsait ayırsın;

    vııı. Səlahiyyətli rəhbər komitələri təlimatlandırsın ki, onlar Mübahisələrin sülh yolu ilə həll olunmasına dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlətləri arasında münaqişələrin aradan qaldırılmasının müasir tələblərini nə dərəcədə əks etdirməsi və Avropa Şurasının üzv dövlətləri arasında mübahisələrin sülh yolu ilə həll olunması üçün adekvat vasitənin tapılması məqsədilə konvensiyanın hansı hissəsinə düzəlişlərin edilməsi ilə bağlı təhlil aparsın;

    ıx. iki ölkəyə dair fəaliyyətlə bağlı qərar verərkən 1416 (2005) saylı qətnaməni nəzərə alsın;

    x. 1416 (2005) saylı qətnamənin və bu tövsiyənin milli, ikitərəfli və beynəlxalq səviyyədə dəstəklənməsi məqsədilə onları üzv dövlətlərin hökumətlərinə təqdim etsin.


    (1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).
#05.10.2009 10:40 0 0 0