Yetkinlik dövrü (bunu başqa cür həddi-büluğ dövrü də adlandırırlar) uşaqlarda əsasən 11 yaşından sonra müşahidə edilir.
Bu dövr həm uşaq üçün, həm də onun ailəsi üçün çox çətin bir dövrdür. Bu dövrdə ailə uşağını anlamaqda çətinlik çəkir, uşaq isə ailəsinin onu başa düşmədiyini güman edir. Ona görə də valideynlər bu dövrdə uşaqlarını nə qədər yaxşı tanısalar və bu dövrün "incəliklərinə" nə qədər çox bələd olsalar, "valideyn-uşaq münaqişələri" bir o qədər az olar. Digər tərəfdən, yetkinlik dövrü uşaq üçün fiziki, cinsi, sosial və emosional dəyişiklik dövrüdür. Bu dövrdə uşaqların özlərini ifadə etməkdə çətinlik çəkmələri də təbiidir.
Nə hiss edirlər?
1. Uşağın hisslərində qeyri-sabitlik müşahidə edilir. Ona görə də valideynlər bununla barışmalı və yersiz müdaxilələrlə problemi dərinləşdirməməlidirlər.
2. Bu dövrdə hisslər ön plana çıxır. Bu, istər uşağın səs tonunda, istərsə də mimikalarında özünü göstərir.
3. Yetkinlik dövründə olan uşaq başqa dövrlərlə müqayisədə daha çox xəyal qurur və tez-tez reallıqlardan uzaqlaşır. Bu xəyallar onun gələcək planları ilə bağlı ola biləcəyi kimi qarşı cinslə də bağlı ola bilər.
4. Bu dövrdə uşaq tez-tez tək qalmaq ehtiyacı hiss edir. Əgər uşağınız tez-tez öz otağına çəkilirsə və tək qalmaq istəyirsə, bunu təbii qarşılamalısınız. Üstəlik, bunu başqa səbəblərlə izah etməyə də çalışmamalısınız.
5. Bu dövrdə uşaqların özlərini yorğun hiss etmələri də təbiidir.
6. Yetkinlik dövründə uşaqların yeni şeyləri sınaqdan keçirmək həvəsi artır.
7. Bu dövrdə uşaqlar üçün əsas "amillərdən" biri də dostdur. Buna görə də, dost seçərkən istər uşaqlar, istərsə də valideynlər çox diqqətli olmalıdırlar.
Psixoloji problemlər
Bu dövrdə depressiyalar artır. Buna səbəb özünəinam problemi, qarşı cinslə bağlı problemlər, həmçinin məktəb və ya ailədaxili problemlərdir. Bu depressiyalar əsasən qısamüddətli olur və müdaxilə etməyə ehtiyac yoxdur. Yetkinlik dövründə olan uşaqlarda "təcrid olunmaq" hissi də təbiidir. Buna səbəb isə yaxınları ilə olan ziddiyyətlər, tənhalıq hissi, uşaqlıq dövrü ilə bağlı problemlər, ölüm, ayrılıq və s.-dir. Digər tərəfdən, yetkinlik dövründəki uşaqlarda tez-tez aqressivlik müşahidə olunur. Belə hallarda onları "yola gətirməyə çalışmaq" mənasızdır. Ən yaxşısı onların sakitləşməsini gözləməkdir. Başqa bir problem isə yeməklə bağlıdır. Xüsusilə, çox yemək və ya yeməkdən imtina etmək, həmçinin çox kök olduğunu düşünmək bu dövrdə olan uşaqlarda müşahidə edilən əsas problemlərdən biridir.
Ailənin üzərinə düşən vəzifələr
Bu dövrdə uşaq hər şeydən əvvəl diqqət mərkəzində olduğunu hiss etməlidir. Ona görə də valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Əks halda uşağınızı özünüzdən uzaqlaşdıra bilərsiniz.
Uşağınızla tez-tez fikir mübadiləsi aparın. Lazım gəlsə, onunla ailə məsələlərini də müzakirə edin.
Yetkinlik dövründə olan uşaqlar üçün nəsihətlərin demək olar ki, elə bir təsiri olmur.
Dostlarını tənqid etməyin. Əksinə onları tanımağa çalışın. Üstəlik, bunu uşağınıza hiss etdirin. Əgər xoşagəlməz bir hal varsa, bunu uşağınızla müzakirə edin.
Sevginizi əsirgəməyin.
Evdəki mühitin gərgin olmamasına çalışın.
Əgər yetkinlik dövrü çətin keçirsə, bir mütəxəssisə müraciət edin.