Peçenyelər

Son güncelleme: 30.11.2009 00:07
  • "Bayram"," xamalı" və "kəsmikli" peçenyelərinin reseptləri

    Bayram peçenyesı
    Bu peçenyenın hazırlaması üçün lazım olanlar:

    Ovulan xəmir üçün:
    Un- 2 stəkan (260 qram)
    Kərə yağı- 200 qram
    1 yumurtanın ağı
    Şəkər pudrası- 3 xörək qaşığı (70-80 qram)
    Qatılaşdırılmış süd- 2-3 xörək qaşığı
    Südlü, yaxud, tünd şokolad - 50-80 qram
    Ağ şokolad- 1-2 dilim (5-7 qram)

    İlk növbədə ovulan xəmir hazırlanır. Bu məqsədlə kərə yağı yumçuşaldılır, mikserdə şəkər pudrası ilə yaxşıca qarışdırılır. Sonra üzərinə yumurta ağı əlavə olunur və mikserdə tam həll olunana qədər çalınır. Bu proses bitdikdən sonra ona tədricən un əlavə edilib ələ yapışmayana qədər xəmir yoğurulur.
    Alınan xəmir 3 ml qalınlığında yayılır. Xüsusi formaların köməyilə onlar cüt sayda kəsilir.
    Kəsilmiş formaların hər ikisindən birinin ortası nisbətən oxşar kiçik forma ilə deşilir. Sonra həm ortası deşilmış, həm də bütövlər sobanın tavasında perqament kağızın üzərində öncədən 180 dərəcə istilikdə qızdırılmış sobaya qoyulub 12-15 dəqiqə ərzində qızarana qədər bişirilir. Hazır peçenyalar soyudulur.
    Bütöv peçenyalar götürülür, onların üzərinə qatlaşdırılmış şirin süd yaxılır və ortası çıxarılmış peçenya onun üzərinə qoyulur. Bundan sonra boş ortaya ərinmiş südlü, yaxud qara şokolad doldurulur. Sonra ağ şokoladla üstü bəzənə də bilər. Qeyd edək ki, şokoladın əvəzinə peçenyanın ortasındakı boşluğu müxtəlif meyvələrin cemləri ilə doldurmaq olar.

    Xamalı peçenye
    Bu şirniyyat növünü hazırlamaq üçün tələb olunanlar:

    Kərə yağı- 100 qram
    Xama- 200 qram
    Şəkər- 0,75 qram
    Vanilli şəkər- 1 xörək qaşığıl
    Yumurta- 2 ədəd
    Un- təqribən 3,5 stəkan
    Qabartma tozu- 1,5 çay qaşığı
    Şəkər pudrası- bəzək üçün lazım olan qədər

    Un ələnir və qabartma tozu ilə qarışdırılır. Sonra yumurta şəkərlə çalınır. Bunun üzərinə yumuşaldılmış kərə yağı əlavə olunur və yenə qarışdırıllır. Bundan sonra xama əlavə olunur və yaxşıca qarışdırılır. Daha sonra alınan məhlula tədricən qabardıcı tozla qarışdırılmış un əlavə olunur, yumuşaq xəmir yoğrulur.
    Qeyd edək ki, alınan xəmir ələ yapışıb qalır, lakin bunun qorxusu yoxdur. Kündə eləmək mümkün olana qədər xəmirə un əlavə edib, yoğurun.
    Hazır xəmiri un səpilmiş stolun üstündə 4-8 ml qalınlığında yayılır və müxtəlif formalarla kəsilir. Əgər formalar yoxdursa, onda yayılmış xəmiri 4 künc,v. Ya romb şəklində kəsə bilərsiniz. Kəsilmiş fiqurlar sobanın qablarına yığılır. Sonra o əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirilir. (Bişirilmə müddəti xəmirin qalınlığından asılıdır).
    Hazır peçenyaların üzərinə şəkər pudrası səpilir.

    Kəsmikli peçenye
    Peçenyanın tərkibi:

    Kəsmik- 200 qram
    Yumurta- 2 ədəd
    Şəkər- 1 stəkan
    Un- 1 stəkan
    Marqarin-70 qram
    Qabartma tozu- 1 çay qaşığı

    Hazırlanma qaydası:
    Un qabartma tozu ilə qarışdırılaraq, ələnir. Kəsmik ya süzgəcdən, ya da ət çəkən maşınından keçirilir. Sonra marqarin yumuşaldılaraq, şəkərlə qarışdırılır. Yumurta, kəsmik və qabartma tozu ilə qarışdırılmış undan xəmir hazırlanır. Hazırlanmış xəmirdən hazır fiqurların köməkliyi ilə peçenyelər kəsilir. Yaxud əl ilə xəmirdən müxtəlif fiqurlar da düzəltmək olar. Kəsilmiş fiqurlar yağlanmış tavalara qoyularaq əvvəlcədən 230-250 dərəcədə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirilir.
#30.11.2009 00:07 0 0 0