Günahların hamısı Elçin Əlibəylidədi. Elə bil, "El İçində"nin aurasındandır ki, bura gələnlər verilişin reytinqi sarıdan müəlliflərdən daha çox narahat olurlar. Əvvəlcə barəsində yazacağım cənabın da bu auranın təsirindən huşyar olduğu qənaətindəydim. Amma sonradan eşitdiyim və hörmətli tamaşaçıların da dekabrın 28-i də eşidəcəkləri fikirlərin eynini başqa bir cənabın kitabından oxuduğumu xatırlayanda, işin huşyarlıqdan qaynaqlanmadığına əmin oldum. Təsadüfə bax ha, o cənabın da adı Faziliydi, bu cənabın da adı Fazildi.
"Bu arada Ağqoyunlu dövlətini aradan qaldıran Şah İsmayıl Azərbaycan, İraq və İranı ələ keçirərək, sərhədlərini Ceyhun çayına qədər genişləndirib, sünni özbəkləri də məğlub etdikdən sonra Anadoluya yönəlmişdi. Göndərdiyi xəlifələrin vasitəsilə Osmanlı sərhədləri içərisində yaşayan şiələri özünə bağlayır, fürsət tapdıqca üsyanlar çıxarırdı. I Səlim Şah İsmayılın bu təhlükəli təşəbbüslərinin qarşısını almanın tək yolunun Anadoluda şiəliyin inkişaf etməsinin qarşısını almaq, hətta kökünü kəsmək olduğunu bilirdi. Buna görə də, İranda qurulan şiə dövlətinin tez-tez Osmanlı dövlətini təhdid etməsinə və qərbə qarşı açılan hər səfərdə Osmanlını arxadan vurmasına son vermək istəyirdi...".
Yəqin ki, bir müddət əvvəl bəndənizin "Lent.az"dakı "Şah İsmayıl əxlaqsız və çapqınqır?" yazısını xatırladınız. Yazıda Azərbaycan türkü olsa da, Türkiyədə yaşadığı deyilən, orada "Türk xalqlarının tarixi və ata-babaları" adlı kitab basdıran Fazil Qaraoğlu adlı müəllifin xatırlanan kitabında Səfəri hökmdarı Şah İsmayılla bağlı nifrət püskürən zərərli fikirlərindən söhbət gedirdi. Eyni fikirləri iki gün əvvəl "Türkçülüyün təbliğatı" mövzusunda "El İçində"yə qonaq olan bəndəniz bir daha eşitdi. Bu dəfə birinci Fazil əfəndi kimi Azərbaycan türkü olsa da, Türkiyədə təhsil alsa da, eynən orada kitab basdırsa da, Azərbaycanda yaşayan, Azərbaycanın parlamentində oturan, millətin vəkili olan, "Böyük Quruluş" adlı partiyanın sədri görəvini yapan Fazil Qəzənfəroğlunun dilindən
İnanın ki, burada qətiyyən "cənab Fazil Qəzənfəroğlu nəyə görə Babək, Cavanşir haqqında laqeyd danışır, tarixmizlə əsnəyircəsinə ədəbsiz davranır" sayaq düşüncələrlə maqandalıq eləmək əzmində deyiləm. Sadəcə, Fazil bəyin yanlış və onun özünə, siyasi karyerasına zərər verə biləcək fikirlərinin kökünə varmaq istəyirəm. Məsələn, Fazil Qəzənfəroğlunun düşüncəsinə görə, Şah İsmayıl Azərbaycan tarixinə xeyli zərərli meyllər gətirib ki, bunların da başında böyük sufinin şiəliyi yayması olub. Birinci Fazil əfəndinin, yəni Qaraoğlu Fazilin fikirləriylə oxşarlığı tutdunuzmu? Mən başa düşmürəm, Şah İsmayıl Xətai 16-cı əsrdə yaratdığı və idarə etdiyi bir dövləti hansı ideya, hansı fikir əsasında yaratmalı və idarə etməliyidi? Axı, o vaxt Şərqdə, Qərbdə Avropa dəyərləri, ATƏT-zad yoxuydu. Axı, o vaxt dünyanın bütün dev imperiyaları məhz din əsasında yaranmış, formalaşmış və din əsasında idarə olunurdular. Elə Fazil əfəndinin özünün təhsil aldığı, kitabını basdırdığı qardaş Osmanlıda da axı, dinin hesabına ölkələr tutulurdu, qalalar alınırdı, dövlət idarə olunurdu. Bu baxımdan, 16-cı əsrdə biri katolik, o biri lüteran, digəri qvelf, başqa birisi hibbelin, qeyrisi sünni, bir qeyrisi də şiə ola bilərdi. Onda nəyə görə Fazil əfəndi bu ittihamları yalnız şiəliyi yayan və şiəliyin üstündə dövlət quran Şah İsmayıla tolazlayır? Üstündən Atabəylərə də daş atan və "filan hökmdar filankəsin hesabına taxta çıxdı" kimi mənasız fikirlər işlədən hörmətli millət vəkili məgər fikirləşmirmi ki, Atabəylərə əlimiz və ünümüz çatmadığından, dönüb onun özündən "Atabəyləri buraxın, siz bu məqama necə çatdığınızı nağıl edin" deyə soruşa bilərlər? Heç adam da belə iş tutar? Yaxud, Şah İsmayıl sizdən cavankən dünyasını dəyişsə də, yüzillərdi adı dillər əzbəridi, görəsən 10 ildən sonra Fazil Qəzənfəroğlunu kim, necə tanıyacaq? Vallahi ki, bunları başqa birisi, məsələn, ya gənc yazar, ya tarixçi, ya da özünə vurğun və populyarlaşmaq istəyən bir cavan desəydi, mənə belə yer eləməzdi. Dünəndən fikirləşirəm ki, bir partiyanın rəhbəri olduğuna görə, siyasi iddiasının da mütləq olduğu güman edilən siyasətçi bu fikirləri niyə söyləsin? Məgər "Böyük Quruluş" sədri bilmirmi ki, belə-belə fikirlərlə Azərbaycanda özünə seçici, partiyasına tərəfdar toplaya bilməz? Axı, Fazil Qəzənfəroğlu bilməlidir ki, burası Türkiyə yox, Azərbaycandır və burada islamın şiəlik qolu daha çox yayılıb. Bəyimiz Türkiyəçilik eləyir, yoxsa Azərbaycançılıq? Nə əcəb hörmətli siyasətçimiz elektoratına qarşı belə sayğısız davranır? Sizcə, Türkiyədə yaşayan və Türkiyədə kitabları basılan Fazil Qaraoğlu ilə Türkiyədə təhsil alan və Türkiyədə kitabları basılsa da, Azərbaycanda yaşayan Fazil Qəzənfəroğlunun düşüncələri niyə belə bir-birinə oxşayır? Qəşəng sualdı Ancaq sualın daha rahat cavablandırılmasına şərait yaratmaq üçün ikicə anıma ehtiyac var. Birincisi odur ki, illər əvvəl Fazil Qəzənfəroğlu Azərbaycanda "ə", "x", əlqərəz, Türkiyə türkcəsində olmayan hərfləri yığışdırmaq barədə təklif irəli sürmüşdü. İkincisi də, Fazil Qaraoğlu barəsində yazının birinci cümləsi elə bu yazıya da oturur: "Kimə soruşdum, dedi, bilmirsən ki, Türkiyədə bizim şah babamıza münasibət yaxşı deyil?". Şah İsmayılın taxt-tacını Çaldıran döyüşündə əl keçirərək yüzillər boyu hərbi qənimət kimi "Topqapı"da saxlayan Türkiyə ilə işimiz yox, amma bura Azərbaycandı, axı...