Var olmaq manifesti

Son güncelleme: 01.01.2010 12:32
  • İKİNCİ AÇILIM

    Mehriban Ələkbərzadə Lent.az-a yazır

    noimage
    Biz ya var olacağıq...
    Ya bizim cizgilərimizi silə biləcəklər, biz də sadəcə mövcud olacağıq...
    Ya da bizi tamamən tarixdən siləcəklər!


    "Xoşbəxt Sonluğun" mübahisə mövzusu olması,
    indi tamam sadəlövhlük kimi qəbul olunar!

    Bu, tamam başqa amal-məqsəd daşıyanların xeyrinə düsturlaşmış tapşırıqdır.
    Özü də bu tənliklərin həlli - bütün türklərin indiyə qədər əldə etdiyi nailiyyət... siyasət...milli kimlik... gələcəkdə tüm türkləri birləşdirəcək strategiyanın alt-üst olması deməkdir. Proses isə bir neçə onilliklər deyil, əsrlərlə gəlinən nəticə idi.
    Türkiyə - bu qitədə yaşayan bütün türk kökənlilərin sığınacağı, qürur duyacağı və istinad edəcəyi doğma ata-baba yurdudur. Zatən, Türkiyə istər Osmanlı dönəmində, istərsə də Cümhuriyyət dövründə birbaşa, ya dolayısı ilə bu inamı özündə ehtiva etdi.

    İndi ölkədə siyasi qüvvələr ...fərqli bir siyasət həyata keçirir.

    Bu anda mənim düşüncəmə hakim kəsilən suallar yaranır: Görəsən...tarix nəyi sınağa çəkmək istəyir? TURANçılığın mütləqliyinimi? Türk İnsanının varlığının böyüklüyünümü? Yoxsa SABAH adlanan gələcək zamanda yaşamağa haqqı çatan millətlərin varlığınımı? Nəyi, yaxud KİMİ?

    Və bütün bunlardan sonra bir başqa taktika - "dinc terror" (səssiz müharibə - ifadə L.Qumilyovundur) tətbiq edilməyə başlandı. Cənab Tayyib Ərdoğan isə "Xeyr. Terrorun dinci yoxdur. Dindar olan kəs terrora əl atmaz" - deyərək, nəzərdə tutulmuş planlı gedişatın mümkünlüyünü inkar etdi. C.Buşun son "xalqa səsləniş" müraciətində "Böyük Ortadoğu"dan coğrafi anlamda və ancaq iqtisadi siyasətdən bəhs edən bir proje kimi danışdı. Təbii ki, o daha vacib bilinən, Qafqazlar və Orta Asiya ölkələrini də içinə alaraq daha geniş coğrafiyanı əhatə etməli olan bir siyasi məqsəddən bəhs etmədi. Amerika adında imperializm gerçəyini böyük güclərin anlaşması kimi Türkiyə ilə, daha doğrusu, iqtidar partiyası olan AKP ilə həyata keçirməyi qərara aldığını gizlətmədi. Əvvəl bütün Ortadoğuya nüfuz edə biləcək birisi kimi bu seçilmiş TƏRƏF, daha sonra isə şərq və qərb arasında var olması da mütləq bilinən bir GÜCÜN vasitəsi önəmli və sərf edən variant idi.

    Yeni Dünya Düzəni bir deyil, bir neçə güc mərkəzinin apardığı fəaliyyətin sintezində təsdiqlənir. Sonrakı prosesin nə qədər zaman aparmasından asılı olmayaraq, qarşılıqlı təsirlərin formalaşdırdığı nəticə qaçılmazdır. Aydındır. Əlbət ki, hər şey bizim istədiyimiz kimi olsaydı - bütün beynəlxalq qurumları öz maraqlarımıza yönəldə bilsəydik, gözəl hal olardı.
    Bir məsələ də mütləqdir! Biz öz iradəmizi ortalığa qoymalıyıq, amma gedən və gedəcək proseslərdə iştirak edən vacib siyasi qüvvələrin də addımlarını nəzərə almalıyıq.

    Buna Böyük Ortadoğu Projesi də (BOP) deyirlər.

    İndi bu coğrafiyada gedən prosesin gizli məqsədləri 1915-ci ilin 18 mart tarixindən hazır idi. Plan sahiblərinin amacı da bunlar idi:

    1. Bütün əlverişli boğazları (su ilə qurunun birləşdiyi keçidləri) ələ keçirmək;
    2. Osmanlı torpaqlarını bölüşdürmək;
    3. Anadoluda Türk varlığını yox edərək, bu müqəddəs torpaqlara yiyələnmək.

    Bu strateji planın müəllifləri o zaman Mustafa Kamal Paşa ilə, türk kökənlilərlə açıq meydanda üz-üzə gəldiklərindən məqsədlərinə çatmadılar. Onları heç bir vasitə ilə də ələ ala bilmədilər. Gələcəyə hansı təhlükəni saxlayacaqlarına əmin olsalar da, doğru zaman gözləməyə başladılar. Yəni prosesi dondurmağa nail olan Atatürk, Türkiyə Cümhuriyyəti qurdu. Maneə daha da dərinləşirdi. Gələcək yüzillikdə növbəti cəhd nəzərdə tutulmaqla, sualtı oyun şərtlərinə keçən Gizli Güclər Ortadoğuya dair digər vasitələr axtarmağa başladılar.

    Amerikanın Böyük Ortadoğu Projesidi (BOP) bu plan!!!
    Avropa Birliyi ölkələri öz xaçlı yürüşləri ilə başladığı yeni düzən strategiyasının
    Dünyəvi güclərin hərəkət ssenarisinə uyğun çalışmasına başladı.

    "Ulusal Hərəkatın Senarisi" adlanan proqramın mərhələləri əsasən bunlardır:

    1-ci Mərhələ:

    Yaxın Şərq coğrafiyasından türklərin tamamən zərərsizləşdirilməsi...
    Şərq və Xəzər hövzəsindəki neft yataqlarına sahiblənmək məqsədilə Xaç Yürüşlərinin BOP ilə əvəzlənməsi.

    Ardınca gəlir:

    1. ABŞ idarəçiliyi ilə məhz türklərin tarixinə və amaclarına uyğun görünə bilən siyasi fəaliyyətlə cəbhə fəaliyyətlərinin yox edilməsi, diplomatik və gizli əməliyyatlarla - bölücü, dağıdıcı qruplar yaratmaq və onların bir-birinə qarşı çıxmaları üçün müxtəlif milli ayrılmalar düsturun yeridilməsi işi.

    2. BOP və xristian dinlilərə qarşı olan hər hansı bir qüvvənin dəfi. Yəni müxtəlif missionerlərin səyyar icmaları, dünyanın hər yerində yerləşdirilərək, TOLERANT MÖVQE adı altında, sekta fəaliyyətlərilə istər nüfuz sahiblərinin ələ alınması, istər siyasi məqsədə yönəlmiş milli birlik əvəzinə başsız toplumlar yaratmaq,
    birliklərin partiyalara, bələdiyyələrə bölünməsi prosesini sürətləndirmək.

    Bunun tərkibində isə:

    Kürd xalqı ilə bağlı siyasətdə daxili narazılığın üsyana çevrilməsi və PKK-nı beynəlxalq güclərin təhlükəsizlik müdaxiləsi qarşısında qoymaq...

    Türk hərbi gücünün mütləq vassallığa salınması və təzyiqlərə məruz qalmasını şərtləndirən qadağa və icazələrə sahibliyi əldə etmək...

    İqtisadi tənəzzül, səhiyyəni və iqtisadiyyatı dağıtmaq...

    Borc və yoxsulluğu mütləq edəcək düşünülmüş hərəkət xətti...

    Milli maariflənməni əngəlləyəcək ən müxtəlif düşüncə sahiblərinin yetişməsinə mane olmaq üçün təriqət, əxlaq və mentalitetdən istifadə yolları tapmaq...

    Yurd-Vətənçilik, coğrafiyaya sahiblik və yiyəlik hissini şüurlardan tamam siləcək digər maraqlar çərçivəsi yaratmaqla proqramlaşdırılmış ideoloji işi sürətləndirmək....

    Bölgələrdə milli siyasətin dəf edilməsi üçün yerli mallarla yerli sənayenin istifadəsini həyata keçirənləri zərərsizləşdirmək üçün maneələr tapmaq...

    Əhalini yoxsullaşdırmaq prosesinə sürət verməklə, narazılığın artmasını referendum tələbi ediləcək vəziyyətə gətirmək...

    Feodal düzəni yaratmaq. Bütün xətaları və böhranları müstəqil dövlətçiliyin, yaxud
    milli cümhuriyyətin təməl dəyərlərinin, düşüncə sisteminin üzərinə atmaq, onların yox edilməsi məqsədini həyata keçirmək.

    1. Öz hakimiyyəti daxilində AÇAR ya da MAŞA kimi istifadə ediləcəklərin tapılması.
    2. Olmaq istəməyənlərə Səddam Hüseyn dərsi.
    3. İnkişaf etmiş ölkələrdəki vətəndaş mövqeyini tamamən iflic etmək.
    4. Müqavimət göstərə biləcək gücə malik olmaması üçün iqtidar və xalq arasında
    fikir - mənafe ayrılığı yaratmaq.
    5. Terroru yox etmək mütləqliyi ilə, Şərqə basqı yapmaq üçün"11 sentyabr və bin
    Laden axtarışı" planı tətbiq etmək.
    6. Hər hansı variantda, Şərqə məxsus olan LİDERi xalqdan ayırmaq. İstənilən milli
    baxışına görə BAŞÇINI (kütlə üzərindəki hakimi) Kütləni başsız qoymaq üçün,
    düşmən kimi ittiham etmək...

    Yenə tanış görünən tarix...

    Türkiyə iqtidarı ölkəsinin Avropa Birliyinə daxil olması zərurətindən "demokratik açılım" dediyi bu projeni nəinki gündəmə, hətta türklər üçün sayğı və sevgi ünvanlı TBMM-də müzakirəyə çıxarır. Amma Avropa Birliyi tərtəmiz xristian AİLƏsidir.
    Orda müsəlmanın, illah da türkün olması əcaibdir.

    Vəd edilmiş AB xoşbəxtliyi ya GÜClərin təzyiqi "abi" - qardaş dediyimiz və
    həmişə ən kritik vaxtlarda pənah apardığımız, qanı qanımızdan olan Türkiyənin iqtidarı elə çaş-baş düşüb ki, itirdiklərinin fərqində deyil. Demokratik ölkə, müstəqil cümhuriyyət 86 illiyində vətəndaş mövqeyi ilə çıxılmaz bir dalana dirənib. Türkiyə iqtidarı bir-birinin ardınca "PROJE" tapşırıqlarını yerinə yetirir və az qala bütün dünyanın qibtə etdiyi CÜMHURİYYƏTi uçurumun ən qıraq çıxıntılarına ilişib qalmış vəziyyətə salıb. Zaman-zaman onsuz da əziz, doğmasından nəsə kəsib, mövcud olması üçün kəlmə kəsməmişik. Təki var olsun, böyük qardaşdır, - demişik. Amma bu qədər də yox. Qardaş qardaşın şərəfini belə ucuz tutamaz!!!

    Şəcərəsi qürur doğursa da, etdiyi xidmətlərə görə - açılan qucaqlara rəğmən bu gün bütün dünya Türkiyəni sevmir! Ağrılı olsa da... kimsə sevmir. Hamı mütləq bir şeylər umur. Təmənnalı münasibət qurur.
    Qərbdən danışmağa dəyməz. Onlar türkləri nəinki sevmir, ürəklərində düşmən olaraq qalırlar. Onlar TÜRKlərin üç qitədəki uğurlarını... Hunları... Osmanlıları unutmayıblar.
    Kökənimiz türk olduğundan zaman-zaman soyumuzu qıran kimlər idi?

    Bu gün Türkiyədə "Sizin- Azərbaycanın Ermənistanla sorununun sərhədlərin açılımı ilə əlaqəsi yox!" - deyənlərin vicdanı və yaddaşının sönüklüyünə rəğmən... Biz Türkiyənin yanındayıq. Çünki doğmadır!!! Hamı bizi bir-bütöv bildiyi halda, nadan qardaşlarım qoy bizə "mənafelərimiz və mövqelərimiz ayrılır" - desinlər. Bütün bunlara rəğmən - biz sizin yanınızdayıq!

    Bəli... Dünya coğrafiyasında sərhədlər yenidən cızılır.
    Parçalayıb güclərin azaldılması prosesindən sonra, parçalanmış bütövləri bir-birinə düşmən edib, sadəcə bir-birinə qırdırmaq işindən sonra bu coğrafiyaya yiyələnmək nə qədər asan görünsə də qarşısının alınması necə mümkünsüz, çətin görünür!

    Türk tarixində bircə olay göstərmək mümkünsüzdür ki, orda kənardan GÜC ilə, açıq meydanda, mərd-mərdanə döyüş - hərbi yolla türkü məğlub etmiş olsunlar!

    Türkün QIRMIZI CİZGİSİ budur!
    Türkün şərəfində xəyanət, arxadan zərbə, yalan və qəddarlıq yoxdur!
    Ədalət, bərabər tərəflərin bərabər şərti və azadlıq!
    Amma hayıf ki, bu meydan həmişə hiylə, məkr (yəni diplomatiya ya siyasi manevrlər) ilə pozulur. Türkə qənim türk tapılır. Ailənin içində var olmaq - ailənin gücünü qeyb etməklə nəticələnib!

    Bölünmə-ayrılma-mənafe fərqi

    Umu-küsü... Bu toxumları zaman-zaman elə öz əlimizlə öz tarlamıza səpdiriblər.
    Bu da türk cizgiləridir.
    Bu coğrafiyada zaman-zaman kəsib qopartmaq, mənimsəmək, hissə-hissə ayırıb, TAM-ın gücünü azaltmaq... Bu TABLO da bizə tamamən TANIŞDIR.

    Bəlli zaman kəsiyində bir çoxları "dini kimlik" heysiyyatına toxunurmuş kimi "bağlanan məscidlər" SOSunu qaldıranda susan müdrik doğru zaman və doğru məkana daha çox önəm verdi. İki dövlətin - Türkiyə və Azərbaycanın qardaşlığının təməlinə - eyni kökən ağacının baltalanmasının qarşısını hər hansı yolla olur-olsun almağın fərqində idi.
    Və ancaq soyuq ağıl, eyni zamanda genetik olan çılğın, isti emosiyalara sahib, bütövlükdə bu tandemi məntiqlə idarə edə bilən cavabdeh bu miqyasda düşünə bilərdi!
    Artıq mütləq olacaq terroru görərək, onun nəticəsini də hesablamaq və bundan sarsılmayaraq çıxış yolu axtarıb tapmaq, bunu təhlil etmək mümkündür. Bunu yaşamaq isə çox çətin. Şəxsən mən - iddialı, milli kimliyində israrlı, etnik cizgilərini gizlətməyən - hərdən də gizlətməyi bacarmayan eyni nəslin nümayəndəsi üçün bu, gözlənilməz addım, gözlənilməz qərarlardan biri idi.

    Düşünürəm ki, ancaq bu səy nəticəsində TERRORun hədəfini dəyişməsi kimi nadir hadisə baş verdi. Baxmayaraq ki, analitik təfəkkürdən tam məhrum olanların "məscidlər qapadılır, dinimiz əldən gedir!" panikasını yayanlarla bərabər, "İqtidarın dini qüvvələrə münasibətdə təsir-təzyiq metodunu" pisləyən qüvvələr hansı quyuya su tökmələrinin fərqində idilər.
    Bəli, bu əslində mövcud konfliktin siyasətə, özü də qlobal miqyaslı siyasətə inikasının əlamətləri idi. Tək Dağlıq Qarabağ deyil... Tək Türkiyə-Azərbaycan münasibətlərini soyutmaq da deyil, həmçinin Azərbaycanın ərazi bütövlüyü, türklərə məxsus ərazilərin yeni sərhədləri məsələsi də deyildi. Bəlkə də hələ ancaq əlamətləri duyulan GÜCLƏRİN əbədi və əzəli istəklərinin cüzi bir xətti idi.
    Bu cüzi bir xətt, bircə gecədə təxminən 3 məscidin bağlanması kimi qərara gətirib çıxardı. Özü də... Türkiyə Cümhuriyyətinin baş nazirinin Bakıya gəlişindən
    bir necə saat əvvəl!!!!
    Bununla da baş verməli olacaq hadisələr silsiləsi pozuldu. Ölkədəki dezinformasiya isə görünməmiş həddə çatdı.
    Doğrusu, bəlkə də sadəlövhlük olar, amma mən həmin vaxtdakı qəzetlərdə çap edilmiş bu qızışdırıcı və qəsd toxumuna vəsiləni tapa bilmirdim. Və sonradan Türkiyədə, məlum Bursa matçında Azərbaycan bayrağının təhqir olunmasından cəmi 5 saat sonra, Bakıdakı Türk məzarlığından "Bayraq" reportajını izləyənə qədər "bu ipin ucu harada ola bilər?" - deyə baş sındırırdım.
    Bircə- bu reportaj... mənim qaranlıq düşüncələrimə qəfil işıq gətirdi.
    Elə məmləkətdə daim müxtəlif dinlərin və təriqətlərin guya ki təzyiqi, tolerantlığın istismarı kimi kütləvi fikir yaratmaqla, ictimai fikir formalaşdıranlara da bu çox gərək idi. Qeyd edim ki, bu düşüncələr də bir qism ictimai fikirlərin bu səmtə yönəlməsi üçün idi.
    Bu qədər informasiyaların təhriflə, tam bəlli məqsədə yönəlməsi də atılacaq addımı yubatmadı. Məscidlərin fəaliyyəti müvəqqəti dayandırıldı. Orda nəinki günorta, heç sübh namazı üçün də imkan verilmədi.
    Daha sonra anlayacağıq ki, həmin müddətdə ölkədə olmayan cavabdeh - evində baş verəcəkləri həssaslıqla və dəqiqliklə düşünüb verdiyi qərar bəlkə də onun yaşadığı ömürdən qat-qat ağır idi.


    Məscidlərin bağlanması bir məqsədə xidmət etdi: "Məhz məsciddə günorta namazına yığılacaq Türkiyə vətəndaşlarının, ta qədimdən bacı-qardaş sayılan, türk kökənli müsəlman qardaşları - Azərbaycanlılar tərəfindən qətlə yetirilməsi aqibətindən qaçmaq məqsədinə!!!"

    Teymurla müharibə etmək istəyən Yıldırıma Şeyx Buxari deyir:
    "Qəzəb və hiddət sizi yanlış mühakimələrə sövq edir. Teymur da sizin kimi qəhrəman, sizin kimi cəsur və sarsılmaz bir hökmdar. Boş yerə Türk övladının qanını töküb ətrafınızı saran düşmənləri kəndi fəlakətinizə güldürməyin!"
    Diqqət yetirdinizmi? Necə dahiləri varmış bu millətin? Bu gün bu ifadələri yaşayanlar da varmış! Bəs bizi içəridən bir-birimizə qarşı qoyanlara bunlar bəllidirmi? Bəs bizim necə onlara qoşulmamaq üçün kifayət qədər sayıqlığımız, qüdrətimiz, ağlımız çatırmı?

    Bu faciəni yaradacaq qüvvənin səbəbi isə əvvəldən hazırlanmışdı: Türkiyə-Ermənistan sərhədlərinin açılmasına azərbaycanlıların reaksiyası.

    Bəli - bu, milli faciənin episentri demək idi.
    Bu - heç bir zaman sağalmayacaq qardaş yarası olardı.
    Bu - hadisələri daha gərgin və panik bir şəraitdə daha yüksək keyfiyyətlə yerinə
    yetirmək üçün ən müvafiq şərait idi.
    Bu - hər iki tərəfin ictimai fikir və düşüncəsini tam iflic etməklə bütün maneələri
    tamamən dəf etmək idi

    Amma... belə olmadı.
    Ölkə cavabdehi bu tələni aydın gördüyündən, terrorun qarşısının alınmasının tam mümkünsüzlüyü qədər dəqiq anlamdan sonra onun istiqamətini dəyişmək üçün
    ən riskli addımı atdı.
    Risk - nəticədə baş verə biləcək hər hansı digər terror hadisəsi idi...
    Bu gün etiraf edək ki, istənilən hədəf birinci plandan dəhşətli ola bilməzdi.
    Qan birliyimizə vurulan zərbə hər hansı ağır nəticə verəcək teraktdan daha qorxulu idi. Prezident İlham Əliyevin bu iradəsini isə, mən indi alqışlayıram. Amma o zaman mən də "nədən bu terrorun qarşısı alnmadı?" - (Neft Akademiyasında baş vermiş terror aktı) kimi obıvatel düşüncəsindən xali deyildim.

    Bu -bütün siyasi proseslərə start komandası vermiş ali güclərin mesajı idi.
    Bu -ölkənin siyasi beyin mərkəzini "iradəsində israrlı olmaqdan"
    çəkindirməyə cəhd idi.
    Bu, hakimiyyətlə vətəndaşlar arasında çözülməyəcək bir düyün idi.
    Bəli... bu, həm də nüfuz məsələsi idi.

    Məncə, əks nəticə versə də, nüfuz prosesi baş tutdu.
    Yəni ölkə cavabdehinin bu mesajdan sonra vəziyyəti dondurmaq kimi gözlənilməz addımı onları da şaşırtdı. Öz nüfuzunu ortaya qoyan cavabdeh ölkənin birinci şəxsi kimi milli münasibəti önə çəkdi.

    Tarix hər an yazılır !

    Yazılmış Tarix bir gün yanlışları açacaq, amma qərarları dəyişməyəcək! - qədər real, amma doğru məntiq gücü Heydər Əliyevin ata kimi mirası olsa da, İlham Əliyev müasir manevrləri, çağdaş mesaj şablonlarını oxuya bildiyini də nümayiş etdirdi. Maraqlı nəticə isə bu idi. O, aldığı bu mesajı layiqincə qiymətləndirdi. Ona qarşı durmayacaq qədər ağıllı oldu, ona təslim olacaq qədər aciz olmadı. Ən doğru yolu -
    hadisələri dondura biləcək maneələr taktikasını seçdi.
    Və ancaq bütün bunlardan sonra biz, Azərbaycanlılara tuşlanmış zərbəni həzm etdik.
    Bu, Neft Akademiyasında baş verən olay idi.
    Bu terror aktı da ənənəvi olaraq, hər yerdə və həmişə istifadə edilmiş BİLDİRİŞ idi.

    Təbii, baş verən qanlı hadisə daxildə müxtəlif sorunlar yaratdı. Bu sorunların da öz dəyərində mesaj olması istisna deyil. Amma hər halda, yenə də xəbərdarlıq, bildiriş... nə olur-olsun, milli etnik kimliyimizdə yara olmadı. Bu isə bu ölkəyə istiqamətlənmiş oyunu başlayanların xoşuna gələ bilməzdi.
    "Biz istənilən təyinat, istənilən formatda sizə toxuna bilərik"
    mesajını buraxmaq üçün 2-ci variantı seçdilər.
    Bəli, bu dəfə "az itki ilə" qurtulduq!
    Mən günahsız insanların qətlə yetirilməsini "az itki" kimi qiymətləndirmirəm, müqayisə edib, acı olsa da nəticə çıxarıram!
    Ancaq bu, mesaj sahiblərinin tətbiq etdikləri aktın miqyası baxımından xeyli fərqli nəticədir. Sonradan hətta bu... QAN-dan da bəhrələnməyi bacaranların - dini təhlükə xəbərlər, ölkədəki gizli və aşkar dini missionerlər məharətlə... dezinformasiyanın ən pik həddini də yaratdılar.
    Bu da mövcud duruma... daxildəki təmkin və soyuq ağıla qarşı "səssiz müharibə" eyhamı idi.
    Və onların bu istəkləri hələ də diridir!
    Bunu isə unutmayaq!

    Axı hələ də Тuran coğrafiyası, Turan təfəkkürü yохdur, cənablar.
    Arada isə...düşmən var.
    Allah bizə zaman və fürsət versin!
    Böyük Turana qovuşmaq üçün!

    Ardı var...

    Qaynaq:LENT.AZ
#01.01.2010 12:32 0 0 0