53 il əvvəl Zaqafqaziya ölkələri arasında ilk dəfə Bakıda ağ-qara rəngdə göstərən televiziya fəaliyyətə başlayıb. Bu gün Azərbaycanda televiziyanın yaranmasından 53 il ötür. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti, yəni, AZTV yayıma başlayıb. Zaqafqaziya ölkələri arasında ilk dəfə ağ-qara televiziya cəmi 3-4 mütəxəsisin işinin nəticəsi idi.
Yəqin elə buna görə dövlət televiziyasının ilk efiri uğurları ilə yanaşı, problemlərilə də yadda qaldı. Televiziyanın birinci işçilərindən olan Sərvər Quliyev həmin günləri belə xatırlayır: ««Bəxtiyar» filmini bizə vermirdilər. Min cür xahişdən sonra «Bəxtiyar» filmini aldıq, çox təəssüf ki, o vaxt bu filmin birinci çıxışı brakla getdi. Səs efirə getmədi, nə qədər çalışdıq, səsi efirə verə bilmədik».
Bu problemlərin əsas səbəbi mütəxəssis qıtlığı ilə bağlı idi. Sərvər Quliyev də deyir ki, televiziya işə başlayarkən cəmi 5 texniki işçisi olub ki, onun 4-ü Sankt-Peterburqdan dəvət edilmişdi. Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib və artıq Salyan, Quba, Kürdəmir və başqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi.
Sonralar istifadəyə verilən teleqüllə cəmiyyət üçün yenilik oldu və Azərbaycanda televiziyanın simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. Yeni televiziya qülləsi inşa edildikdən sonra köhnəsi hissə-hissə söküldü.
Dövlət televiziyası Azərbaycan teleməkanına texniki uğurlarla yanaşı yaradıcılıq, telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət televiziyası Azərbaycan dilinin təbiliğində əvəzsiz rol oynayıb. Azərbaycanın ilk elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb. Məsələn, birinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olub