Ərdoğan ATƏT-in Minsk qrupunu ittiham etdi

Son güncelleme: 01.02.2010 02:47
  • Bu 20 ildə Rusiya, Amerika, Fransa bu işə ciddi yanaşmış olsaydı, heç bir problem ortaya çıxmazdı."

    noimage

    ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyəti nəticəsizdir. Bu illər ərzində "üçlük" ciddi diqqətsizliyə yol verib. Bunu Türkiyənin TRT kanalına müsahibəsində bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Minsk qrupunun həmsədr dövlətləri Qarabağ probleminin həllinə ciddi yanaşmadığı üçün problem hələ də həll edilməyib.

    "Bizim Minsk qrupundan istədiyimiz bir şey var. Bunu mən son Amerika səfərimdə cənab Obamadan da xahiş etdim. Son Rusiya səfərimdə isə həm Medvedev, həm də Putinə söylədim və xahiş etdim. Sarkozi ilə isə görüşmək imkanım olmadı. Düzdür, telefonla danışmaq olardı, amma ikisi ilə görüşdüyüm üçün dedim ki, hər halda özləri bir araya gələndə, bunu danışarlar. Burada Minsk qrupu ciddi diqqətsizliyə
    yol verib. 20 illik bir vaxtda bu işi bir nəticəyə gətirə bilmədilər. Yəni bu 20 ildə Rusiya, Amerika, Fransa bu işə ciddi yanaşmış olsaydı, heç bir problem ortaya çıxmazdı", - deyə o vurğulayıb.

    Ərdoğanın fikrincə, həmsədr ölkələr Qarabağ probleminə ciddi yanaşsaydı, nə Türkiyə ilə Ermənistan arasında bir sıxıntı qalardı, nə də Ermənistanın Azərbaycanla problemi qalardı: "Yəni onlar "bu belə olacaq" desəydilər, Ermənistan bu işğalı aradan qaldırardı. Bəli, burada Ermənistanın işğalı var. Bunu Birləşmiş Ştatlar artıq təsdiq edib. Bu işğal aradan qalxarsa, artıq ortada bir problem olmaz. Amma çox təəssüf ki, burada Rusiya gözlənilən rolu oynamadı, Amerika həmçinin rol oynamadı, Fransa oynamadı".

    Türkiyə baş naziri "erməni soyqırımı" məsələsinə də diqqət yetirib. "Artıq aprel ayı yaxınlaşır. Aprel ayının yaxınlaşması ilə Amerikada nəsə olsa belə, biz özlərinə artıq demişik. Sizin necə parlamentiniz varsa, bizim də eyni ilə parlamentimiz var və parlamentimizə hər hansı bir məsələdə təsir edəcək deyilik. Parlamentimiz necə qərar verərsə, biz o qərarla razılaşarıq. Biz İsveçrədəki protokolu artıq parlamentə göndərmiş vəziyyətdəyik. Ermənistan isə isə təəssüf ki, protokolları Konstitusiya Məhkəməsində dəyişərək parlamentə göndərib", - deyə o fikrini tamamlayıb.

    Qaynaq: Anspress.com
#01.02.2010 02:47 0 0 0