Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Liviyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbir ilə görüşüb. ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Saad Mustafa Mucbir Liviyanın İran və Azərbaycana təyin olunan səfir kimi artıq fəaliyyətə başlayıb.
Görüşdə regional məsələlər, eyni zamanda bölgədə və dünyada baş verən siyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Saad Mustafa Mucbir Azərbaycanla Liviya arasında daha geniş əlaqələr qurulmasını istədiyini söyləyib.
Səməd Seyidov Liviyanın beynəlxalq təşkilatlarda həmişə Azərbaycanı dəstəklədiyini bildirib və bu ölkələrinin parlamentlərində dostluq qrupunun yaradılmasının zəruriliyini vurğulayıb. Səməd Seyidov ADU və Liviya universitetləri arasında əlaqə yaradılmasını, müəllim-tələbə mübadiləsinin məqsədə uyğun sayıb. Səməd Seyidov müvafiq vaxtda mühazirə oxumaq üçün səfiri ADU-ya dəvət edib. Saad Mustafa Mucbir bu təklifi məmnunluqla qəbul edib.