Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (farsca: غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشابوری və ya sadəcə Ömər Xəyyam (1048 - 1131) - dahi İran şairi, riyaziyyatçı, astronom və filosofu - İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.
Rübayyət kitabının üz qabığı
Gənc yaşlarında doğma şəhərinin səlcuqilərin aramsız hücumlarına məruz qalması səbəbindən Nişapuru tərk etməli və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.
Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.
Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhvələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla - hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Yaradıcılığı
Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?
Dünya - ömrümüzdən keçən bir andır,
Ceyhun - gözümüzdən axan leysandır;
Cəhənnəm - boş əməl qığılcımıdır,
Cənnətsə xoş keçən rahat zamandır.
Şad ol, ömrü vurma kədərlə daşa,
Bu zalım dünyada sən adil yaşa.
İndi ki, dünyanın sonu yoxluqdur,
Zənn et yoxsan, ömrü azad vur başa.
Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Ey fələk, xəsisə izzət verirsən,
Ev, hamam, dəyirman - sərvət verirsən,
Sənin tək fələyə tüpürmək gərək;
Azad insanlara zillət verirsən.
Ulduzla doludur bu böyük eyvan,
Onlara çox ağıl qalmışdır heyran
Ağıl kələfini itirmə əsla!
Kainat özü də qalıb sərgədan.