Vətən - Nüsrət Kəsəmənli

Son güncelleme: 19.03.2010 08:58
  • Anaların torpağı sulayan

    tərini sevdim,

    Göy qurşağı kimi əlvan

    yerini sevdim;

    Acını, şirini seçə bilmədim,

    Arazdan içə bilmədim,

    Körpüsündən keçə bilmədim,

    dəli kimi vuruldum,

    dəli Kürünü sevdim, Vətən!

    Burnu titrəyən dovşanını,

    Bənövşəni, yovşanını,

    Qoruqda mələyən ceyranını,

    Sünbülünü, reyhanını,

    Bahar müjdəli qaranquşunu,

    Anaların

    "Daşa dönəsən!" — deyib

    Heykəl arzulayan qarğışını;

    Quruca daşını,

    Torpağının hər qarışını,

    evini-eşiyini,

    Soba yanında xumarlanan pişiyini,

    Qəfəsdəki şirini sevdim, Vətən!

    Gözəlindən, göyçəyindən

    Birinə könül verdim,

    Birini sevdim, Vətən!

    Çiçəyini, gülünü sevdim,Vətən,

    Obanı, elini sevdim, Vətən

    Yağışına çətir tutmadım,

    Leysanını, selini sevdim, Vətən!

    Dənizində üzə bilmədim,

    vuruldum maviliyinə,

    Çaylarını, gölünü sevdim, Vətən!

    Meşələrin fikrim kimi qarışıq,

    Zirvələrə gedən cığırların dolaşıq,

    Ütülü düzlərini,

    qırçın çölünü sevdim,Vətən!

    Düşməninə "yan" — deyən,

    Dostlarına "can" — deyən,

    "Anam Azərbaycan" — deyən

    Dilini sevdim, Vətən!....

    "Nüsrət Kəsəmənli"
#19.03.2010 08:58 0 0 0