MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya və Ukraynadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
E. Məmmədyarov APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətin müzakirə olunduğunu deyib: "Biz razılaşdıq ki, tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində işi davam etdirmək lazımdır. Həmsədrlər gələn həftənin əvvəlində bu məqsədlə Ermənistana səfər edəcək. Həmsədrlər yenilənmiş Madrid prinsipləri əsasında təkliflərini irəli sürüblər. Azərbaycan ümumən bu təklifləri qəbul edib. Ermənistan tərəfi isə bəzi bəyanatlarında bu təklifləri qəbul etdiyini, bəzi bəyanatlarında isə təkliflərlə razılaşmadığını bildirir. Ermənistanın yekun mövqeyi aydınlaşarsa, bu, böyük sülh sazişi üzərində işə başlamağa imkan verəcək".
"Ermənistan əvvəlcə təkliflərlə razılaşıb, sonra hansısa səbəblərlə mövqeyini dəyişərsə, bu, danışıqlar prosesinin kəsilməsinə gətirib çıxara bilərmi" sualını cavablandıran Azərbaycan xarici siyasət idarəsinin rəhbəri belə bir təhlükənin hər zaman mövcud olduğunu vurğulayıb.
E. Məmmədyarov Moskvada erməni həmkarı ilə görüşünün planlaşdırılmadığını da söyləyib.