Aydın İbrahimov: "Üstümə tapança çəkib, stadionu əlimdən aldılar
Mənə dedi ki, döşəyin üstündə öl, ölümündən sonra sənə qəşəng heykəl qoyduracam"
O, ilk azərbaycanlı dünya çempionu, sərbəst güləş üzrə olimpiya mükafatçısı, SSRİ və Avropa çempionu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli hakimdir. O həm də "Neftçi" klubunun ilk prezidentidir. Azərbaycanda ilk peşəkar idman klubunun rəhbəri sayılır. Amma həyatı dramatik və qalmaqallı epizodlarla zəngindir. Lent.az-ın "Canlı əfsanə" layihəsinin növbəti qonağı da odur - Aydın İbrahimov.
Aydın İbrahimov uzun müddət axtarışda olub. Özü 10 ilədək ABŞ-da yaşadıqdan sonra 2007-ci ildə Bakıya qayıdıb. Bu müddətdə heç vaxt mətbuatla ünsiyyətdə olmayıb. İlk dəfə idi ki, belə geniş müsahibə verirdi. Amma söhbət zamanı hiss olunurdu ki, danışmaq istəmədikləri danışdıqlarından az deyil. Hərçənd, üstüörtülü də olsa, toxunmaqdan imtina etmədi.
"Mən də digər idmançılar kimi kasıbçılıqla böyümüşəm"
1938-ci il sentyabrın 17-də Gəncə şəhərində anadan olmuşam. Kobud desəm, idmançıların hamısı yetim-yesirdir. Özüm analiz etmişəm: SSRİ, Avropa, dünya çempionatını, hətta beynəlxalq turnirləri də udanlar arasında bir dənə vəzifəlinin, biznesmenin, hüquq-mühafizə orqanlarında rəhbər vəzifə tutanların övladı yoxdur. Hamısı kasıb, kolxoz-sovxoz işçilərinin uşaqları olub. Eləcə də mən özüm. 4 yaşımda ikən atam müharibədə həlak olub. Anam xırda ticarətlə, min bir əziyyət bahasına məni böyüdüb. Ailənin yeganə övladı idim. 10 yaşımdan şəhərdəki Pionerlər evinə gedirdim. Burada bir neçə növ - akrobatika, futbol, basketbol, atletika üzrə məşqlər aparılırdı. Məşqçimiz İsax Cəfərov pəhləvan idi. Gördü ki, çevik uşağam. "Bəlkə səni güləş bölməsinə aparaq" dedi. Razılaşdım. Beləliklə, güləşçilərlə məşqlərə başladım. Tədricən güləşin sirlərini öyrəndim. Uşaqlıqda həddən artıq arıq idim. Hətta qardaşı İsax Cəfərova deyirdi ki, bu dəqiqə beli qırılacaq, bunu güləşməyə buraxma. İsax müəllim isə "Yox. Bu uşaq qayış baldırdır" deyirdi. Bir həftə - on gündən sonra gördü ki, aylar, illər öncə gələnləri yıxıram. Başladı mənimlə ciddi məşğul olmağa. 12 yaşımda uşaqlar arasında şəhər birinciliyində güləşdim və çempion oldum. 1954-cü ildə yeniyetmələr arasında Azərbaycan çempionu adını qazandım. Sonra məşqçim İsax Cəfərovla birgə eyni komandada milli güləş üzrə məşqlərə başladım. Növbəti il isə milli güləş növündə böyüklər arasında Azərbaycan çempionu adını qazandım. Finalda müəllimimlə bir komandada idik. Mən çempion oldum, müəllimim isə ikinci yeri tutdu. Bu, hamı tərəfindən böyük maraqla qarşılandı. Yarışda idman ustaları, birinci dərəcəli güləşçilər vardı, hamısı məndən 5-10 yaş böyük olardı. İstedadımı gördükdən sonra məni Bakıya gətirdilər. Tədricən maddi vəziyyətimi qaydasına saldım. Həm güləşir, həm oxuyur, həm də məşqçi işləyirdim. Çalışdığım yerlərdən mənə maaş verirdilər.
"Nazirin o sözündən sonra Bakıdan Moskvaya getmədim"
9-cu sinifdə oxuduğum vaxt "ekstrenni" imtahan təşkil etdilər və məni hazırkı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdilər. "Dinamo" İdman Cəmiyyətində mənə yer verdilər. Başladım məşq etməyə. Sonra da bütün SSRİ üzrə mövcud olan "Dinamo" cəmiyyətləri arasında birincilikdə hamıdan üstün oldum, 1960-cı ildə bu ölkənin böyüklər arasında çempionatında bürünc medal qazandım, beynəlxalq turnirlərin qalibi oldum və SSRİ yığma komandasına cəlb edildim. Bu isə uşaqlıq arzumun gerçəkləşməsi idi. Sonra mənə məşqlərimi Moskvada davam etdirmək üçün xüsusi dəvət gəldi. Təklifi bəyənmişdim. O zaman Bakıda yataqxanada qalırdım. Moskvaya gedəcəyim halda isə məni evlə təmin edəcəkdilər. "Dinamo" cəmiyyətinin üzvü olduğumdan, bu dəvətdən xəbər tutan o vaxtkı daxili işlər naziri, Sovet İttifaqı qəhrəmanı Xəlil Məmmədov bir gün məni öz otağına dəvət etdi. "Elə bilirdim ki, sənin ayağının altına məcməyi ilə qızıl töksələr də, bizi qoyub getməzsən" dedi. Nazirin bu sözlərindən sonra bir kəlmə də demədən otağı tərk etdim. Nazirin otağını xəbərdarlıqsız tərk etmək, əlbəttə, yaxşı hal sayılmırdı. Sonradan niyə belə hərəkət etdiyimi soruşanda cavab verdim ki, o sözlərdən sonra Bakıdan çıxıb gedə bilmərəm. Bir müddətdən sonra məni Bakıda mənzillə təmin etdilər.
"Fəxrlə dünya çempionu titulunu qazanan ilk azərbaycanlı olduğumu dedim"
1962-ci ildə keçirilən dünya çempionatına yollansam da, xəstəliyimlə əlaqədar iki görüşdən sonra mübarizəni dayandırdım. Amma rəqiblərimin hamısından güclü olduğuma inanırdım. O vaxtlar bir dəfə dünya çempionatında uduzan güləşçini növbəti il keçirilən belə mötəbər yarışa nadir hallarda aparırdılar. Lakin mən ruhdan düşmədim və bir neçə turniri qələbə ilə başa vuraraq, öz çəki dərəcəmdə bir nömrəli güləşçi olduğumu sübuta yetirdim. Buna görə də məni 1963-cü ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatına apardılar. Yarışa böyük ümidlərlə yollanmışdım. Nəticədə uğurla çıxış edərək, finala çıxdım. O vaxtlar bir çəkidə görüşlər düz 3 gün davam edirdi. Final görüşü indiyədək yadımdadır. Qarşılaşma açıq stadionda keçirilirdi. Yaponiyalı rəqibimlə görüşümün ilk 5 dəqiqəsi heç-heçə ilə nəticələndi. İkinci hissənin əvvəlində möhkəm yağış yağmağa başladı. Hakimlər mübarizəni saxladılar. Sakitləşmək və əsəbiləşməmək üçün əyilib döşəyi əlimlə silməyə başladım. Bunu görən bütün azarkeşlər əl çalmağa başladılar. Həmin an mənim fikrimdəki yalnız rəqibə qalib gəlmək idi. Belə də oldu. Yağış dayandıqdan sonra görüşü davam etdirdik. Mübarizəni heç-heçə ilə başa vurdum. Bu nəticə məni qane edirdi. Çünki mən əvvəlki rəqiblərimin çoxunu təmiz qələbə ilə, o isə xal hesabı ilə udmuşdu. Ona görə də o vaxtkı qaydalara əsasən, dünya çempionu oldum. Bundan sonra Sofiyada bir jurnalist Azərbaycanda dünya çempionlarının çox olub-olmaması barədə soruşdu. Mən fəxrlə dünya çempionu titulunu qazanan ilk azərbaycanlı olduğumu dedim. Jurnalistin "Hansı hisslər keçirirsiniz" sualına isə belə cavab verdim: "Mən dünya çempionu kimi heç bir qeyri-adi hiss keçirmirəm. Amma onu hiss edirəm ki, xalqım, Azərbaycanım bu qələbəyə necə sevinir". Doğrudan da Vətənə qayıdanda məni əsl qəhrəman kimi qarşıladılar. Tofiq Bəhramov adına Respublika stadionunda bu qələbənin şərəfinə təntənəli mərasim təşkil edilmişdi".
"Ölsən, sənə qəşəng heykəl qoyduracağam"
Bundan sonra 1964-cü ildə Bakıda keçirilən SSRİ çempionatında çıxış etdim. Çempion olsam da, iki qabırğamı qırdım. Buna görə də vaxtından əvvəl döşəyi tərk etmək istəyirdim. Lakin o vaxtlar Azərbaycan SSR Ali Sovetinin sədri işləyən Məmməd İskəndərov paltardəyişmə otağına gəldi və "Bəs mən sənə görə gəlmişdim" dedi. Mən "Məmməd Abdullayeviç, çıxıb yenə güləşsəm, ölə bilərəm. Axı iki qabırğam sınıb" söylədikdə, o, zarafatca belə reaksiya verdi: "Sən çıx, döşəyin üstündə öl. Ölümündən sonra sənə qəşəng heykəl qoyduracağam". Məni gülmək tutdu. Müəyyən dərmanların köməyilə ağrılarımın müvəqqəti qarşısını aldım. Çətinliklə də olsa, güləşdim və çempion oldum. Nəticədə həmin il Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələndim. SSRİ yığmasının tərkibində olimpiadaya yollanan 5 güləşçidən 3-ü rus, 1-i erməni idi. Mən isə heyətdəki yeganə azərbaycanlı idim. Son dünya çempionatının finalında yaponiyalını yendiyimdən, olimpiadada yerli azarkeşlər məndən ehtiyatlanırdılar. Təəssüf ki, həlledici mərhələdə özümü yaxşı hiss etmədiyimdən, döşək üzərində bütün bacarığımı göstərə bilmədim. Nəticədə bürünc medalla kifayətlənməli oldum. Yaponiyalı rəqibə qarşı işlətdiyim fənd indi də yadımdadır. Əgər o, döşək üzərindən 5-10 sm içəri yıxılsaydı, olimpiya çempionu titulu mənə qismət olacaqdı. O vaxtlar qayda belə idi.
"Azərbaycan yığmasının hazırkı baş məşqçisi mənim sayəmdə olimpiya çempionu olub"
Olimpiadadan sonra Almaniyada keçirilən Avropa çempionatının qızıl medalını qazandım. Ardından mənə Azərbaycan yığmasının baş məşqçisi olmağı təklif etdilər. Uzun müddət razılaşmadım. Çünki həmin vaxtlar yığmanın baş məşqçisi, 4 qat SSRİ çempionu İbrahimpaşa Dadaşovun rəhbərliyi altında məşq etmişdim. Onun yerinə keçməyi özüm üçün yaxşı hal saymırdım. Amma sonra İbrahimpaşa Dadaşovun özü mənə yaxınlaşıb məşqçi kimi fəaliyyət göstərməyi tövsiyə etdi. Mən də o şərtlə razılaşdım ki, biz yığmada birgə çalışaq. Belə də oldu. 1975-ci ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilən SSRİ xalqlarının spartakiadasında ikimizin böyük səyi və əməyi nəticəsində Azərbaycan yığması tarixində ilk dəfə Rusiya ilə 2-3-cü yerləri bölüşdürdü. Daha sonra Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) o vaxtkı prezidenti Milan Ertseqan məni Yuqoslaviya milli komandasına baş məşqçi apardı. Orada iki il çalışdım. Dünya və Avropa çempionatlarının mükafatçılarını hazırladım. Lakin SSRİ-nin "Dinamo" cəmiyyətinin mərkəzi şurasından məni Moskvaya dəvət etdilər. Ev, maşın verdilər, şəhərin uçotuna aldılar və baş məşqçi təyin etdilər. "Dinamo" tarixi ərzində heç vaxt SSRİ Kubokunu qazanmamışdı. Bu vəzifədə işlədiyim 4 il ərzində yetirmələrim SSRİ çempionatı, ölkə kuboku və 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında uğurla çıxış etdilər. Təkcə onu qeyd edim ki, hazırda sərbəst güləş üzrə Azərbaycan milli komandasına rəhbərlik edən Saypulla Absaidov, eləcə də Ruslan Auşov, Soslan Andiyev, Anatoli və Sergey Beloqlazov qardaşları olimpiya çempionu oldular. Adətən, döşəyin kənarından güləşçilərə təlimatı SSRİ yığmasının baş məşqçisi Yuri Şahmuradov verirdi. Amma yetirmələrimin çıxışlarına döşək üzərində təlimatı özüm verdim. Nəticədə onların heç biri uduzmadı, 5 güləşçinin hamısı olimpiya çempionu oldu. Bu yaxınlarda Absaidovla görüşdüm. O mənə olimpiadada qazandığı qızıl medala görə mənə minnətdarlıq etdi: "Bu, sənin medalındır, mənə hədiyyə etmisən" dedi. Onun çəki dərəcəsində Belarus, Ukrayna, Rusiyanın digər vilayətlərindən çoxlu güləşçi vardı. Amma mən Absaidovun gücünə inandım və böyük mübahisələrdən sonra ona olimpiadada şans verdik. Nəticədə ümidləri doğrultdu və qızıl medal qazandı. Məşqçilik dövrümdə 20-dək dünya və Avropa çempionu yetişdirdim. Müxtəlif dövlət mükafatları ilə təltif olundum. SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim adına layiq görüldüm. SSRİ yığmasında da ikinci məşqçi idim. Orada 8 - 10 il çalışdım, komandamız heç vaxt uduzmadı. Azərbaycan güləşçiləri arasında ilk dəfə FİLA-nın qızıl medalı ilə təltif olundum. Mənim dünya çempionluğumdan 26 il sonra bu uğura Milli Olimpiya Komitəsinin hazırkı vitse-prezidenti Xəzər İsayev nail oldu. Atası qəzetdə yazdığı məqalədə Xəzərin dünya çempionluğu haqda maraqlı fikir bildirmişdi: "Aydın İbrahimov dünya çempionu olduqdan sonra oğlumu güləş bölməsinə qoydum. O da dünya çempionu oldu". Buna görə atası mənə minnətdarlığını bildirirdi.
"Neftçi" klubuna necə prezident seçildi?
Moskvadakı fəaliyyətimi başa vurduqdan sonra 1984-cü ildə Bakıya gəldim. Əslində məni Azərbaycan SSR-in Bədən Tərbiyəsi və İdman Komitəsi dəvət etmişdi. Amma heç maraqlanan olmadı. Ona görə də bizneslə məşğul olmağa başladım. Trikotaj fabrikim vardı, Yaponiyadan gətirilən avadanlıqla yeni məhsullar istehsal edirdik. Uşaqlıqdan futbola maraq göstərirdim. Güləş yığmasında məşqçi olduğum vaxt Əfqanıstana getmişdik. Orada mədəniyyət günləri keçirilirdi. Azərbaycandan müğənnilər, güləşçilərlə yanaşı, "Neftçi" futbol komandası da Əfqanıstanda idi. Komandanın baş məşqçisi Əhməd Ələsgərov idi, heyətdə Anatoli Banişevski, Kazbek Tuayev kimi məşhur futbolçular çıxış edirdilər. "Neftçi"nin Əfqanıstan yığması ilə oyunu zamanı Ələsgərovdan xahiş etdim ki, məni də oyuna buraxsın. "Elə bilməyin ki, mən yalnız güləşçiyəm. Yaxşı futbol oynamağı da bacarıram" dedim. Əvvəlcə tərəddüd etdi. Sonra futbolçuların da razılığı ilə oynadım və hətta bir qol da vurdum. Amma rəqib futbolçular ayağımı əzdilər. "Neftçi" qələbə qazandı. Bizneslə məşğul olduğum vaxt da bu komandaya kömək edirdim. Aylıq ehtiyaclarını ödəmək üçün fabrikdən pul ayırırdım. SSRİ dağıldıqdan sonra "Neftçi" "düzdə qaldı". Heç kəs kömək etmədi. Bu zaman məni dəvət etdilər və dedilər ki, onsuz da bu komandaya kömək etmisən, indi də himayənə götür. Mən də razılıq verdim və 1988-ci ilin dekabrından etibarən "Neftçi"nin prezidenti oldum. Azərbaycanda ilk peşəkar idman klubunu mən yaratdım. Klub daxilində tennis, karate, boks bölmələri də vardı. İndiki Tofiq Bəhramov adına Respublika stadionu "Neftçi"nin sərəncamında idi. 25 il müddətinə icarəyə götürmüşdük. Dövlət qarşısında məsələ qaldırmışdım ki, futbol komandası varsa, stadionu da olmalıdır. Sonrası da...
"Məni kimin deputat seçməsindən xəbərim olmayıb"
Məsələnin çox dərininə getmək istəməzdim. Amma, hamısını danışacağam. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkidə deputat oldum. 5 il müddətində başa düşmədim ki, deputat nə üçündür? O vaxtlar belə idi də... Hər təşkilatdan bir nəfəri qoyurdular. Bacarığın var-yoxdur, buna baxmırdılar. Bir təşkilatdan mühəndisi, digərindən müəllimi qoyurdular. İdman təşkilatlarından da məni qoymuşdular. 5 il ərzində demək olar ki, ağzımı açıb danışmamışam. Millət vəkili kimi cəmi 2 dəfə çıxış etmişəm. Birinci dəfə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında demişəm ki, Heydər Əliyev hakimiyyətə gəlməsə, ermənilər bizi qıracaqlar. İkinci dəfə də hazırkı ölkə başçımız İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə namizədliyini irəli sürmüşəm. Demişəm ki, cavan oğlandır, savadlıdır, güclüdür, atası da Azərbaycana rəhbərlik edir. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin idmançılar üçün də maddi vəziyyətlərinin yüksəldilməsi baxımından əlverişli olduğunu vurğulamışam. Əvvəllər idmançılar kasıb ailələrdən çıxırdısa, indi hamı öz övladını idmana qoymaq istəyir. Azərbaycan dünyanın aparıcı idman ölkələri sırasındadır. O vaxtlar dəb idi: anonim yazılar yazırdılar. Kim kimin haqqında nə istədi danışırdı. Mən ömür boyu heç kəs haqda arxasınca danışmamışam. Siyasətlə də məşğul olmamışam. Amma zorla harasa soxublar. Bu gün də zorla siyasətə keçirmək istəyirlər. Harasa çağırmamaqlarının da səbəbi budur. Məni kimin seçdiyindən də xəbərim olmayıb. Heç kimdən də xahiş etməmişəm ki, məni seçsinlər. Amma həmişə çalışmışıq ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxsın. 1995-ci ilədək deputat oldum. Amma növbəti müddətə namizədliyimi verməkdən imtina etdim.
"Ən geridə qalmış Afrika ölkəsində də belə hal olmayıb"
Mən "Neftçi"ni götürəndə yenicə SSRİ çempionatının I liqasına düşmüşdü. Sonradan ittifaq dağıldı. Komandanı peşəkar kluba çevirdik və Azərbaycan çempionatında oynamağa başladıq. Yenə "Neftçi"ni mən saxlayırdım. İllərini xatırlamıram, deyəsən, iki dəfə çempion olduq, kubok qazandıq, UEFA Kubokunda çıxış etdik ("Neftçi" 1992 və 1995-1996-cı il mövsümündə çempion olub, 1994-1995 və 1995-1996-cı il mövsümlərində Azərbaycan kubokunu, 1992 və 1995-ci illərdə Azərbaycan Superkubokunu qazanıb. 1995-1996-cı il mövsümündə UEFA Kubokunda çıxış edib. 1996-1997-ci il mövsümündə də I yeri tutsa da, AFFA aşağı yaş qruplar arasında keçirilən çempionatlarda "Qarabağ"ın hamıdan güclü olduğunu əsas gətirərək, Ağdam klubunu çempion elan edib. Lakin UEFA rəhbərliyi Çempionlar Liqasında "Neftçi"nin çıxış etməli olduğunu bəyan edib - E.M.). Nəyə görə dəqiq tarixlərini yaddan çıxarmışam? İlk azərbaycanlı dünya çempionu olduğum halda, məni yaddan çıxarıblar. Belədə "Neftçi"nin titullarını necə xatırlaya bilərəm? Komandasının Azərbaycan çempionu olması dünya çempionu üçün nədir ki? Bu, mənim üçün xırda bir şey idi. Yaddan çıxarılmağımın səbəbini isə Azərbaycan Güləş Federasiyasından soruşun. Mən haradan bilim? "Neftçi"nin prezidenti vəzifəsindən istefa vermədim. Məni elə vəziyyətə saldılar ki... Ən geridə qalmış Afrika ölkələrində də belə hal olmayıb ki, çempion bir komanda olsun, beynəlxalq arenaya başqası çıxsın. Amma "Neftçi"yə qarşı belə davrandılar. Çempion olduğumuz halda, AFFA qızıl medalları "Qarabağ"a verdi. O hadisədən sonra futbola nifrət etdim. Heç maraqlanmadım da... Baxmayaraq ki, UEFA Çempionlar Liqasında məhz "Neftçi"nin çıxış etməli olduğuna dair qərar çıxardı. Axı necə ola bilər ki, çempion olasan, kubok qazanasan, amma Avropa kuboklarında çıxışın müqabilində UEFA-dan köçürülən 200 min dollar pulun bir sentini də AFFA-dan almağa ixtiyarın olmasın? O pulları kim yeyirdi, bilmirəm. Fuad Musayev vermirdi, lotuluq-qoçuluq edirdi. Deyirdi ki, hara xərcləyirsən? Amma soruşmurdu ki, bu komandanı, stadionu necə saxlayırsan? Xərclərini necə ödəyirsən?
"Çingiz Qənizadə stadionun ərazisində yarmarka açmaq istəyirdi"
Sonra da yazdılar ki, guya Tofiq Bəhramov adına Respublika stadionunu kababxanaya çevirmişəm. Əvvəla, dünyanın elə bir stadionunu tapa bilməzsiniz ki, orada yeməkxana olmasın. Moskvadakı "Lujniki" stadionunda yarmarka düzəltmişdilər. Bizim stadionun da çölündə yeməkxana vardı. Kiçik mətbəx və balaca zaldan ibarət idi. Vəssalam. Xalq Cəbhəsinin hakimiyyəti illərində Bakı şəhər prokuroru Çingiz Qənizadə məni çağırdı ki, gəl, stadionda yarmarka açaq. Razı olmadım. Dedim ki, mənə nifrət edərlər. "Dünya çempionusan, yeməyə çörəyin çatmır, nəyin çatmır?" söyləyərlər. Axı orada gələcək nəsil futbol oynayır... Soruşdum ki, yarmarkanı niyə başqa yerdə açmırsınız? "Bura qapalı yerdir, oğurluq ehtimalının da qarşısını almaq mümkündür" deyə cavab verdi. Qənizadəyə bu işin altına girməməyi məsləhət gördüm. Yalnız prezidentin yazılı tapşırığından sonra yarmarka açmağa razılıq verəcəyimi bildirdim... Amma bunlar faktdır ki, stadionu məndən tapança ilə alıblar. Xeyli vaxt keçdikdən sonra bir polis işçisi adını xatırlamadığım güləşçi ilə gələrək, tapança ilə iş otağıma girdilər. Onlar "Sən bu kabinetdən çıxmalısan" dedilər. Sonra da stadionda yarmarka açmağa icazə verməməyimin səbəbini soruşdular. Stadionun açarını aparıb təhvil verdim: "Alın açarları. Kim istəyir, yarmarka açsın, kim istəyir, başqa iş görsün. Mən tapança gücünə işləyə bilmərəm" dedim. Oradan işçilərimi də götürdüm və "Neftçi"nin köhnə bazasına gəldim. Stadionda yarmarkanı kim açdı, nə üçün açdılar, xəbərim yoxdur. Mərhum prezidentimiz Heydər Əliyevə məktub verdilər ki, guya mən stadionda yarmarka açmışam. Halbuki həmin ticarət obyektindən xəbərim olmayıb.
"İdmandan pul yox, şöhrət qazanmışam"
Bundan başqa Nazirlər Kabineti indiki olimpiya yığmalarının təlim-məşq bazasının AFFA-nın balansına keçirilməsi haqda qərar çıxarmışdı. Bu sənədi federasiyanın o vaxtkı prezidenti Fuad Musayev düzəltdirmişdi. 3 il mən onunla vuruşdum. Bazanı vermədim. Dünyada elə bir federasiya yoxdur ki, klubun bazasını əlindən alsın. Bəs komandanın oyunçuları və məşqçiləri harada qalsınlar? Musayev deyirdi ki, bazanı ver, AFFA-nın balansına keçirim. Axı klubun bazası federasiyanın nəyinə lazımdır? Beləliklə, AFFA ilə 3 il müharibə apardım və bazanı vermədim. Elə indi də baza Gənclər və İdman Nazirliyinin balansındadır. Musayev deyir ki, guya şəxsi maraqlarımı güdmüşəm. Axı şəxsi marağım nə ola bilərdi? Oradan bir manat da pul qazanmamışam. "Neftçi"ni saxlamaq üçün milyonlarla vəsait lazım idi. Oyunlara gediş-gəliş, yemək-içmək, geyim, yataq xərcləri, işçilərin, futbolçuların əmək haqqını necə vermək olardı? Mən idmana gələndən bir manat da pul qazanmamışam. Qazancım biznesdən olub. Amma şöhrət qazanmışam. Buna görə ömrüm boyu idmana borcluyam. Şöhrət qazanmaq üçün dişim tökülüb, dizlərim, qabırğam qırılıb, mədəaltı vəzim xarab olub. Dünya çempionu olmaq asan deyil. Bu adı qazananda mənə min manat mükafat və 5-ci mərtəbədə lifti olmayan mənzil veriblər. Amma xaricdə dünya çempionu olan idmançı təkcə reklamdan 100 min dollar alırdı. Bununla belə, heç vaxt pis yaşamamışam. Bacarığım olub, yaxşı yaşamışam. Rusiyada, Yuqoslaviyada işlədiyim, ABŞ-da qaldığım vaxt yaxşı dolanmışam. İdman mənə kömək edərək, yüksəklərə qaldırdığı kimi, mən də idmanın nüfuzunu qaldırmaq üçün əlimdən gələn köməyi göstərirdim. Amma nə stadiondan, nə oradakı kababxanadan, nə də bazadan pul qazanmışam.
"Respublika stadionunda əsgərlər qalırdılar"
"Yetimə "can-can" deyən çox olar, çörək verən az olar". Mən qurdum-düzəltdim, tutub əlimdən aldılar. Hazıra nazir oldular. Tofiq Bəhramov adına Respublika stadionundakı tablonu dəyişdirmək üçün 100 minlərlə dollar xərclədim, Macarıstandan yenisini gətirdim. Taxta oturacaqları rənglətdirdim, yararsızları dəyişdirdim. İnzibati binadakı 20-dən çox otağı öz vəsaitim hesabına təmir elətdirib, Qırmızı Aypara cəmiyyətinə 8 min dollara icarəyə verdim. Stadiona otbiçən maşın aldım, meydançanın ot örtüyündə bir çox yerini qaydaya saldırdım. Yüzlərlə fəhlə işləyirdi, onlara əmək haqqı verirdim. Amma 8 min dollar icarə haqqı almağım bəzilərinə ağır gəlirdi. Elə bilirdilər ki, özüm üçün qazanıram. Halbuki stadionu, onun əməkdaşlarını saxlamağa nəinki 8 min dollar, heç ayda 50 min dollar da kifayət etməzdi. Stadionun ərazisində yüzlərlə tank var idi. Binanın birinci və ikinci mərtəbələrində əsgərlər qalırdılar. Onları çıxarmaq üçün nə qədər əziyyət çəkdim. Moskva ilə danışdım. Dedim ki, məgər burada Çilidəki inqilabdan olub ki, stadion ətrafına əsgər, tank doldurmusunuz? Qoşunları çıxartmağa müvəffəq oldum. Əsgərlər gedəndən sonra ora bilirsiniz, nə vəziyyətə düşmüşdü? Yenidən oranı təmir etdirdik. Stadionda beynəlxalq oyunların keçirilməsi, FİFA-nın tələblərinə cavab verən səviyyəyə çatdırmaq üçün xeyli iş gördük. Bizə heç kim kömək etmirdi. Hər şeyi özüm eləmişdim. Amma sonda tapanca ilə əlimdən aldılar. Aldılar və stadionun ərazisində yarmarka saldılar. Sonra da dedilər ki, guya yarmarkanı mən düzəltmişəm. Halbuki yarmarka salınandan sonra bir dəfə də ora girməmişəm.
"Məhkəmədə mənə bu haqda bir dənə də sual verilmədi"
Beləliklə, elə şərait, vəziyyət yaratdılar ki, ölkəni tərk etməli oldum. Hələ bundan bir neçə il öncə Amerikada təhsil alan oğlumun yanına yollanmışdım. Azərbaycanda olmadığım vaxt stadiona 20-30 nəfərlik komissiya gəlib, yoxlama aparıblar. Amma heç bir şey tapa bilməyiblər. Nə tapacaqdılar? Mən öz pulumla komanda saxlayırdım. Nə stadion, nə baza dövlət büdcəsindədir, futbolçuların geyimləri, yeməkləri dövlət hesabına deyil, amma deyirlər ki, stadionun pulunu yemisən? Necə yemişəm? Öz pulumu özüm yemişəm? Bununla belə, yazdılar, cinayət işi qaldırdılar. Guya mən komandanın pulunu yemişəm. ABŞ-da uzun müddət yaşadığım vaxt isə guya incəsənət muzeyindən qiymətli şəkillər oğurladığımı deyirdilər. Halbuki Bakıya qayıtdıqdan sonra keçirilən məhkəmədə mənə bu haqda bir dənə də sual verilmədi. O işi xətm elədilər. İdmançılarımız, Rusiya Milli Olimpiya Komitəsinin sabiq prezidenti Leonid Tyaqaçev, bir sıra nüfuzlu olimpiya və dünya çempionları mənim Vətənə qayıdışım üçün xahiş etdilər. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iradəsi hesabına Vətənə qayıtdım. Onlara ömrüm boyu minnətdaram. Sadəcə, qayıtdıqdan sonra 7 ay həbsdə oldum, yoxlamadan sonra ayağıma yazdıqları 43 min dolları bazanın hesabına keçirdim. Sənədlərim, hər şeyim qaydasında idi. Bir dənə səhvim oldu ki, əmək haqları üçün pulu banka keçirdikdən sonra yox, birbaşa vermişdim. Bu da səbəbsiz deyildi. Avropa kuboklarına vaxt az qalmışdı. Futbolçuların müqavilələri başa çatdığından, hərəsi bir komandaya getmək istəyirdi. Onları "Neftçi"də saxlamaq üçün pulu banka keçirmədən birbaşa əllərinə verdim. Ona görə də bunu vergidən yayınma halı kimi qeydə aldılar.
"ABŞ-ın 3 ştatının fəxri vətəndaşıyam"
Keçmiş həyat yoldaşım Natəvan xanım Respublika Prokurorluğunda böyük vəzifədə çalışırdı. Təşkilati işlər üzrə şöbənin rəisi idi. Həmin vaxt prokuror İlyas İsmayılov idi. Natəvan xanım incəsənət sahəsi üzrə doktorluq işi yazırdı. Bununla əlaqədar o, hər şeylə maraqlanırdı. İngiltərədə sərgi təşkil etmişdi. Mənim evimdə isə qiymətli əsərlər olmayıb. Bu, qarışıq məsələdir. Muzeydən oğurlanan qiymətli əşyaların mənimlə heç bir əlaqəsi yoxdur. Çünki biz həmin hadisədən iki il öncə boşanmışdıq. Oğurlanan qiymətli əşyaların mənimlə əlaqəsi olsaydı, məhkəmədə bircə kəlmə də olsa soruşardılar. Natəvan xanıma gəldikdə, xaricə afişalar aparanda, hava limanında gömrük postunda saxlamışdılar. Ona qarşı da cinayət işi qaldırmışdılar, lakin sonradan xətm etdilər. ABŞ-da 10 il qaldım. Orada ailə qurmuşdum. İndi də həyat yoldaşım oradadır. Telefonla zəngləşirik. Özüm ABŞ-ın 3 ştatının fəxri vətəndaşıyam.
"Mənimlə heç kim maraqlanmır"
Bu qədər nailiyyətimin olmasına baxmayaraq, hazırda işsizəm. Mənimlə heç kim maraqlanmır. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova deyirəm ki, mənə niyə təqaüd vermirsiniz? Prezidentimiz 1998-ci ildə qərar qəbul edib ki, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında fərqlənənlərə təqaüd verilməlidir. Mənə təqaüd verilməsindən ötrü komissiya yaratmağa ehtiyac yoxdur. Dünya çempionu, olimpiya mükafatçısı olmuşam, 72 yaşım var, SSRİ-nin əməkdar idman xadimi, beynəlxalq dərəcəli hakim olmuşam. Amma İsmayılov deyir ki, səndən 90 dənədir. Mən də soruşuram: "Əgər həmin 90 nəfərdən birinin mənim qədər fəxri ad aldığını göstər, dərhal sənədlərimi götürüm". Bunların hamısı anonim söhbətlər və paxıllığın nəticəsidir. Amma mən nə siyasətlə məşğul olmuşam, nə də kiminsə dalınca danışmışam. Mənim üçün "Göydə Allah, yerdə prezident olub". Amma bu gün də mənim haqda prezidentə düzgün informasiya vermirlər. Halbuki hamı, hətta xaricdən gələnlər də Aydın İbrahimovu soruşurlar. Deyirlər ki, İbrahimov niyə işləmir? Bir də istərdim ki, yığma komandalarımızın heyətində öz güləşçilərimiz yer alsınlar. Axı özümüzün yaxşı məşqçilərimiz, güləşçilərimiz var. Rəşid Məmmədbəyov olimpiya oyunlarında çıxış edəndə heç Dağıstanda güləş yox idi. Dostum və öz çəki dərəcəmdə rəqibim Əli Əliyev dünya çempionu olduqdan sonra Dağıstanda güləş inkişaf etməyə başladı. Axı güləş bizim milli idman növümüzdür. Azərbaycanda güləş həmişə olub. Dağıstana isə biz kömək etmişik. Təkcə mən özüm Saypulla Absaidov və Ruslan Auşov kimi olimpiya çempionları vermişəm. Aprelin 13-də Bakıda güləş üzrə Avropa çempionatı start götürəcək. 3 il öncə isə paytaxtımız dünya çempionatına təşkilatçılıq edib. Belə nüfuzlu yarışların ölkəmizdə təşkili gələcək nəsil üçün çox xeyirlidir, böyük reklamdır, təbliğatdır. SSRİ vaxtında bu cür çempionatlar böyük maliyyə vəsaiti tələb edirdi. Amma indi prezident İlham Əliyevin sayəsində ölkəmiz bir çox nüfuzlu yarışlara ev sahibliyi edir.